Redaktor həmkarımız Elşad Məmmədli həvəskar balıqçı kimi məsləhətlərini "Şərq”dən əsirgəmədi:
O balıqlar broyler toyuqları kimidir
Tərkibində fosfor, omega maddəsi axtarmaq sadəlövhlük olardıBazarda, mağazada alıcılara təklif olunan balıqların 70 faizi süni göldə yetişdirilmiş balıqlardır
Redaktor həmkarımız Elşad Məmmədli həvəskar balıqçı kimi məsləhətlərini "Şərq”dən əsirgəmədi:
Uşaqlıqdan yaddaşımıza həkk olunan bir deyim var - "hansı ayda "r" hərfi yoxdursa, o ayda balıq yemək məsləhət deyil. Məhz bu səbəbdən də sağlamlığının qeydinə qalan insanlar zəhərlənmə təhlükəsindən sığortalanmaq üçün yay aylarında balıq əti yemirlər. Sözsüz, buna məhəl qoymayan balıq həvəskarları da yox deyil. Ümumilikdə isə sentyabr ayından may ayınadək balıq yemək tam təhlükəsiz hesab edilir. Amma bu da birmənalı deyil. Balığın tutulma və saxlanma şəraiti də çox önəmlidir. Paytaxtda harada gəldi balıq satırlar. Üstü açıq yerlərdə, metro yaxınlığında və s.
Belə şəraitdə satılan balıqların da təmizliyinə və keyfiyyətinə əmin olmaq mümkün deyil. Axı hər istehlakçı təzə balığı seçə bilmir. Balığın gözlərinin rəngindən onun təzə və ya köhnə olduğunu təyin edən vətəndaşlar isə təmizlik məsələsinə görə, açıq şəraitdə satılan balıqları almağa qorxurlar ki, birdən zəhərlənərlər.
Mütəxəssislər təzə balığı tanımağın daha bir neçə yolu olduğunu bildirirlər. Məsələn, balığın pulcuqlarına toxunun, canlı və parlaq olmalıdır. Toxunduğunuzda tökülməməlidir. Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, o balıq təzədir. Balıqdan dəniz qoxusu gəlirsə, təzədir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (QTA) verilən məlumata görə, son zamanlar Agentliyə Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur.
QTA qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda, istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayiət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə olunur. Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, balığın tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Balıq həmçinin sümüklərin əriməsini əngəlləyir. Zehni açır, hafizə itkisi, unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün isə faydası danılmazdır. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən azı 2 dəfə yeyilməsinə diqqət çəkir. Ümumilikdə isə hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır.
Bəs, balığı necə seçək, necə yeyək ki, zəhərlənməyək?
Redaktor həmkarımız Elşad Məmmədli həvəskar balıqçı kimi məsləhətlərini "Şərq”dən əsirgəmədi: "Ümumi olaraq balıq tanımaqla bağlı bir qayda var - balıqdan tünd qoxu gəlməməlidir, təzə balığın ətinə barmaqla basanda, içəri batılı qalmır, yəni elastik olur, barmaq yeri qalmır. Ən əsası, təzə balığın gözləri şəffaf, parlaq olur. Köhnə balığın gözü içəri batıq və bulanıq olur. Bundan başqa, balığın qulağını qaldırıb, qəlsəmələrinin rənginə də baxmaq lazımdır, qəlsəmələrin rəngi şəffaf qırmızı olmalıdır".
Bununla yanaşı, həmsöhbətimiz bildirdi ki, hazırda bazarlarda, mağazalarda satılan balıqların heç də hamısı faydalı balıq deyil:
"Söhbət təzə-köhnəlikdən getmir. Yəni hazırda alıcılara təklif olunan balıqların 70 faizi süni göldə yetişdirilmiş balıqlardır. O cür balıqlar broyler toyuq kimi bir şeydir. Tərkibində fosfor, omega maddəsi axtarmaq sadəlövhlük olardı. Balığın tərkibində fosfor, təbii omega yağları o zaman olur ki, onlar dənizdə, çaylarda mamır, şibyə, xırda dəniz canlılarını yesinlər və həmin maddələri onlardan toplaya bilsinlər. Süni göldə yem yeyən balıqda fosfor, omega yağları necə toplana bilər? Odur ki, tövsiyə edərdim ki, vətəndaşlar daha çox dəniz balıqları olan kütüm, berj, dəniz sazanı, heç olmasa, kefal yesinlər. Bir məsələ haqda da düşünməliyik ki, dəniz balıqları niyə bizdə bahadır? Məsələn, süni göl balıqları 4-5 manatdırsa, dəniz balıqları 8-14 manat arasında dəyişir. Hansı ki, dəniz balıqları qonşu Dağıstanda, Türkmənistanda, İranda bizdən qat-qat ucuzdur".
Şəymən