O gündən 5 il keçib

Diplomsuz qalan məzunların sənədləri prokurorluqda saxlanılır
    
Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə xitam verildikdən sonra diplomsuz qalan məzunların sənədləri prokurorluqda saxlanılır. Bir qrup ABU məzunu axar.az-a müraciətində qeyd edib ki, onlar 5 ildir diplom almaq üçün dəridən-qabıqdan çıxıblar.
Məzunların sözlərinə görə, ABU-nun rektoru olmuş Elşad Abdullayevin üzərində cinayət işi var, ali məktəbin binasına həbs qoyulub və bu halda məzunların sənədləri də araşdırma üçün Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müəyyən etdiyi yerdə saxlanılır. Məzunlar onu da vurğulayıblar ki, söhbət Dağıstan, Moskva filiallarından ABU-ya köçürülmüş tələbələrin diplomsuz qalmasından gedir. Onlara bildirilib ki, sənədlər Təhsil Nazirliyinə göndərildikdən sonra ayrı-ayrı təhsil ocaqlarına köçürülə, burada oxuyub, diplom əldə edə bilərlər. Lakin bu cavabdan xeyli zaman keçib və ABU məzunları diplom üzünə həsrət qalıblar. Onlar redaksiyamıza müraciətdə xahiş edirlər ki, prokurorluq tezliklə araşdırmaları yekunlaşdırıb nazirliyə göndərsin.
Respublikanın Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə istintaqın gedişi ilə bağlı sorğumuza cavabında bildirib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş qanun pozuntuları, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar bir qrup vətəndaşın müxtəlif dövlət orqanlarına, o cümlədən Baş Prokurorluğa ünvanladıqları müraciətləri əsasında toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanılıb. Hazırda iş üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində istintaq tədbirlərinin davam etdirildiyini vurğulayan Prokurorluq sözçüsü "Şərq”ə açıqlamasında araşdırmaların nəticəsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə əlaqə saxlayıb, məsələ ilə maraqlandıqdan sonra ətraflı məlumat verəcəyini deyib.
Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, demokratik cəmiyyətdə bu cür hallar yolverilməzdir: "Qanunsuz bir iş görülürsə və bu qanunsuzluq dərhal aşkar edilirsə, məsuliyyət qanunsuzluğu törədənin üzərindədir. Amma dərhal olmayıb, aradan illər keçibsə və minlərlə insan indi ortada qalıbsa, bunu artıq bir nəfərin qanunsuzluğu kimi qiymətləndirmək olmaz. Bu, ciddi şəkildə təhsil strukturunun, bilavasitə Təhsil Nazirliyinin problemidir ki, buna göz yumub, şərait yaradıb, daha sonra bazarlığın şərtləri uyğun gəlməyəndə lisenziyanı alıb. Əslində, vaxtında tədbir görülməliydi. Tutalım, ali məktəbə qəbul 1800 nəfərdir, amma 3 min tələbə qəbul olubsa, deməli, onların 2 mini saxtadır. Həmin adamlar da o dövr üçün bunu mübahisə predmetinə çevirərdilər. Aradan illər keçib və dövlət vətəndaşın hüquqlarını qorumalı olduğu halda, onu zərərə uğradıb. Problemin çözümü bütün hallarda məhkəməyə üz tutmaqdır. Aidiyyəti qurum işi sürətləndirməli və problem tez bir zamanda öz həllini tapmalıdır”.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə hesab edir ki, ABU məzunlarının öz problemlərinin həlli üçün mətbuata üz tutması doğru addım deyil: "Beynəlxalq Universitet məsələsi cinayət tərkibli işdir. Bu məsələni prokurorluq araşdırmalı və müəyyən etməlidir ki, universitet bu adamları saxta yolla necə qəbul edib? Əgər həmin tələbələr bu günə qədər diplom ala bilmirsə, deməli, bunun səbəbi var. Səbəb də o ola bilər ki, həmin tələbələr saxta yolla ABU-ya qəbul olunublar. Yəni, 1-ci kursa qəbul olmadan ikinci kursda universitetə qəbul olunublar. Ola bilsin ki, bu gün diplomsuz qalan tələbələr arasında haqqı olanlar da var. Amma istənilən halda burada valideynlər də günahkardır. Həm də ki, məsələ cinayət tərkibli olduğu üçün ictimaiyyətdə müzakirə olunması doğru deyil. Mətbuat məhkəmə orqanı, prokurorluq deyil ki? Bu məsələ dövlət əhəmiyyətlidir və proses aidiyyəti qurumların əli ilə öz həllini tapmalıdır. Prokurorluq ciddi şəkildə araşdırma aparıb, saxta tələbə qəbulu prosesində əli olan şəxsləri məsuliyyətə cəlb etməlidir”.
Araşdırmaların ləng getdiyini vurğulayan Ə.Ağayevin sözlərinə görə, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə xitam verilməsinin üstündən 5 il keçib və bu məsələnin həlli həddindən artıq yubanır: "Araşdırmaları sürətləndirmək və ortaya nəticə qoymaq lazımdır ki, hamı işini bilsin. Bu adi bir tələ deyil ki, tələbələr təsadüfən düşsün. ABU-da baş verən bütün neqativ hadisələr qarşılıqlı münasibətlərdən qaynaqlanıb. Hadisənin iç üzünü Beynəlxalq Universitetin prorektorlarından, dekanlarından, kafedra müdirlərindən öyrənmək lazımdır. Universitetə saxta qəbul prosesində onlar da məsuliyyət daşıyır”. Professorun sözlərinə görə, Universitet rəhbərliyinin uydurma sisteminə qoşulduqları, onlarla saxta qəbul məsələsində razılaşdıqları üçün valideynlər də günahkardır.
ABU məsələsində Təhsil Nazirliyinin nə dərəcədə məsuliyyətli olduğuna gəldikdə isə Şura sədri deyib ki, bu məsələdə nazirliyin yeganə günahı nəzarətlə bağlıdır: "Beynəlxalq Universitetə saxta qəbul və tələbələrin diplomsuz qalmasında nazirliyin heç bir məsuliyyəti yoxdur. ABU özəl universitetdir. Bütün qanunsuzluqlar rəhbərliyin əli ilə həyata keçirilib. Tələbə Qəbulu Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarından əlavə qəbul həyata keçirib. Sadəcə olaraq, Təhsil Nazirliyinin ardıcıl nəzarəti olmalı idi. Əlbəttə, ABU-ya nəzarətin ardıcıl olmaması da bu vəziyyətlə nəticələnib”.
Şəymən