Odlu, alovlu müharibənin içində yaşayan qadın...
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Gənclərin Vətənə məhəbbət, onun ərazi bütövlüyünə hörmət ruhunda tərbiyə olunması vacib
amillərdən hesab olunur.
Özünü tanımayan, öz keçmişinə, soy-kökünə bələd olmayan, hansı nəsil ağacının bir budağı
olduğunu bilməyən gəncdə milli mənlik şüurunun inkişafından söhbət gedə bilməz. Gənclərdə
formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük təsir göstərir.
Bu hisslər üzvi surətdə bir-biri ilə bağlıdır. Hətta deyərdik ki, biri-birindən müsbət mənada
təsirlənir. Gənc nəslin vətəndaş mövqeyinin olması, gənclərin cəmiyyətdə tam şəkildə
görünməsi, fikirlərini açıq şəkildə ifadə etməsi olduqca vacibdir. Azərbaycan gənci hər zaman
seçilən, Vətənin dar günündə öz mövqeyini göstərən, silaha sarılan gənclik kimi xarakterizə
edilir.
Gənclik bizim sabahımızdır, deyirlər. Milli məfkurəyə, dəyərlərə, milli mənlik şüuruna sahib
olan, vətənpərvərlik hissləri ilə tərbiyə olunan gənclik, həqiqətən, dövlətin, xalqın gələcəyidir.
Və gənclərin bu ruhda böyüməsi üçün də vətənpərvər insanların həyat və təcrübələrindən
faydalanmaları vacib amildir. Tarixdə elə şəxsiyyətlər var ki, hər birimiz onlardan örnək
götürməli, həyatımızın hansısa məqamlarında onların təcrübəsindən istifadə etməliyik.
Müharibə kişilərin yeri olsa da, tarixən igid qadınlarımız da düşmənlə mübarizə aparıb. Hələ
keçmiş zamanlarda xalqın azadlığı, torpaqlarımızın qorunması, insanlarımızın, torpağımızın
haqları naminə vuruşan, mübarizə aparan kişilərlə bir cərgədə gedən, Vətənini yağılardan
qoruyan igid, döyüşkən qadınlarımız olub.Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan bugünədək
Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü
uğrunda mübarizə aparırlar. Bizim hər birimiz belə qəhrəman xanımlarla qürur duymalı,
qəhrəmanlarımızı örnək kimi təbliğ etməli və yada salmalıyıq. Onları unutmaq olmaz!
Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənə qarşı ön cəbhədə yer alan qəhrəmanlardan biri
də Qarabağ Azadlıq Təşkilatının sədr müavini Gültəkin Quliyevadır. Gültəkin xanımın
qəhrəmanlığı hamımıza bir nümunədir. Odlu-alovlu müharibə günlərində düşmənlərin
Azərbaycan xalqına qarşı etdiyi haqsızlıqlar, günahsız insanların tökülən qanı igid Gültəkini
rahat qoymayıb. O, könüllü olaraq cəbhəyə yola düşüb. Qəhrəman xanım döyüş bölgəsində
əsgərlərimizə yaxından kömək edib. Öz Vətənini, öz azadlıq və istiqlaliyyətini sevən gənc
qəhrəman Gültəkin də yurdun azadlığı uğrunda mübarizəyə qalxıb və ana torpağını qoruyub.
Gültəkin xanımın bu qəhrəmanlığı, könüllü fədailiyi, onu sevən elin-obanın, doğmanın, yadın da
yaddaşlarında silinməyən iz qoyub.
Gültəkin Quliyeva döyüş epizodlarını indi sarsıntı hissi keçirərək xatırlayır. Bəlkə də ona görə
ki, yolunda şəhidlər verdiyimiz və yüzlərlə gəncin qazi olduğu torpaqlar indi düşmən
tapdağındadır. Elə ona görə də hər nə qədər səhhətində ciddi problemlər olsa da, bu gün də
"müharibə başlasa, yenidən döyüşməyə hazıram” deyir.
Qarabağ müharibəsində onlarla gəncin həyatını xilas edən, yüzlərlə əsgərin yarasını sarıyan
Gültəkin Quliyeva 1964-cü ildə Tərtər rayonunda anadan olub. Ali təhsilli olan bu xanım
Texnologiya İnstitutunu bitirib.
1990-cı ildən 1994-cü ilə qədər cəbhə bölgəsində xidmət edən G.Quliyeva 3 övlad, 5 nəvə
sahibidir.
Özünün dediyinə görə, orta məktəbi internat məktəbində başa vuran Gültəkin Quliyeva elə uşaq
vaxtlarından vətənpərvər olub. Əlaçı şagird olduğundan bütün ictimai tədbirlərdə iştirak edib.
Uşaqlıqdan tələbkar böyüyən Gültəkin bir yerdə bənd olan olmayıb. 8 uşaqlı ailənin ən böyüyü
olan Gültəkini nənəsi böyüdüb. İnternat məktəbdə oxumaq da öz istəyi olub. Ara-sıra ata-ana
yanında böyüyən həmyaşıdlarına həsəd aparsa da, internat məktəbi bitirdiyi üçün heç vaxt
peşmanlıq hiss etməyib. Onun bu qədər vətənpərvər olmasında da məhz həmin məktəbin rolu
çox böyükdür.
Atasının təkidi ilə erkən yaşda ailə qurmasına rəğmən Gültəkin öz yolundan dönməyib. Atasına
qarşı gəlməsə də, qiyabi olaraq, təhsilini davam etdirib. Uşaqlıqdan bacarıqlı bir həkim
arzusunda olan bu xanım orta məktəbdə oxuduğu illərdə müəllimlərindən birinin iştirak etdiyi
əməliyyatları izləyib. Və nəhayət, 1988-ci ildə başlayan Qarabağ müharibəsi bir çoxları kimi
Gültəkin Quliyevanın da həyatını və planlarını dəyişib. Yarımçıq qalan arzuları, içində
böyütdüyü bacarıqları həmin andaca "boy” verib.
Cəbhəyə can atırdı... Ürək deyən oldu, silaha sarıldı
3 uşaq anasını cəbhəyə çəkən səbəblərdən, döyüş xatirələrindən, yaşadığı sarsıntılardan danışan
Gültəkin Quliyevanın sözlərinə görə, müharibədə iştirak etmək üçün çox mübarizə aparıb:
"Doğulub, boya-başa çatdığım Tərtər rayonu ermənilərlə sərhəddir və aramızdakı məsafə çox
yaxındır. Müharibə başlayan gündən düşmənin atdığı ilk zərbə Tərtərə dəyirdi. Müharibənin
gətirdiyi zülm, dəhşət hamımızda qəribə bir vətənpərvərlik hissi oyatmışdı. Günahsız axıdılan
qanlar isə məni rahat buraxmırdı. O vaxtları mənim bütün qohumlarım cəbhədə döyüşürdü.
Müharibədə ilk itkiləri biz verdik. Bibim hələ də oğul yolu gözləyir. Rayon atəşə tutulur, evlər
viran qalır, qohum-qonşular gözümün önündəcə düşmən gülləsinin qurbanı olurdu. Mənsə, bütün
bunlara dözə bilmirdim. Müharibəyə getmək, düşməndən heyif çıxmaq istəyirdim. Amma evin
bir oğluna getmişdim. Bu qərarımı açıb qayınanama deyə bilmirdim, çünki qan su yerinə
axardı... Amma ölüm-itimlərə dözə də bilmirdim. Həmin günlərdə ermənilər rayonu dayanmadan
atəşə tutdular. Güllə əlindən başımızı qaldıra bilmirdik. Tərtər çaylağına çıxıb, atəşin kəsməyini
gözləyirdik. Həmin vaxt da Tərtərin 1 kilometrliyində olan Marquşavanda qızğın döyüşlər
gedirdi. Oradan çoxlu yaralılar gəldi. Ermənilər imkan vermirdi deyə Tərtərdə hospital işləyəbilmirdi. Həmin vaxt yoldaşımı çağırdım və boğazından ağır yara almış bir yaralını Bərdəyə
çatdırdıq. Orada yaşlı bir həkim üzünü mənə tutub dedi ki, müharibəyə belə qorxmaz və cəld
insanlar gərəkdir ki, əsgərlər qanaxmadan ölməsin. Görünür, elə həmin sözə bənd idim. Artıq
vəziyyət o yerə çatdı ki, gözüm heç nəyi görmədi. Mən müharibəyə getməli idim, mütləq... Evə
gələ-gələ qəti qərarımı verdim və bunu yoldaşıma dedim. Təbii ki, ilk reaksiya çox sərt oldu. O
dövrdə qadının müharibəyə getməyə qərar verməsi özü bir qəhrəmanlıq idi. Çünki mental
dəyərlər güclü idi. Mənim də ailə vəziyyətim müharibəyə getməyə imkan vermirdi: "3 uşağı
qoyub, hara gedirsən? El-oba mənə nə deyər?”. Dedim qohum-əqrəbanı özün bilirsən, kimə necə
cavab verirsən, ver. Ya razılaş bir yerdə gedək döyüşə, razılaşmırsan da, mən tək gedirəm.
Axır sözü o oldu ki, heç olmasa valideynlərinə denən. Həmin vaxtlar da atam yaslı idi. Cavan
bibim oğlu şəhid olmuşdu. Həm də 1989-cu ildə qardaşım ermənilərin güdazına getmişdi.
Evimizə gəlib, öz planımı atama dedim. Atam mənə çox güvənirdi, həm də bilirdi ki, haqsızlığa
tabe olan biri deyiləm. Atamın sözü o oldu ki, "Qızım, necə istəyirsən, elə də elə! Mən sənə nə
get, nə də getmə deyə bilərəm. Allah səni qorusun!!!”. Qardaşlarım "qan-qan”deyən oğlanlar idi.
Ona görə də atamın yeganə tələbi o oldu ki, müharibədə gizli iştirak edim, heç birinin xəbəri
olmasın”.
Özü öz uğurlarına kölgə salan qəhrəman
Artıq ata razılıq vermişdi, artıq Gültəkini müharibə yolundan heç kim çəkindirə bilməzdi. Həyat
yoldaşı da bunun fərqinə vardığından ər-arvad yollanırlar düz cəbhəyə. G.Quliyeva
Marquşavanda məhsulların çıxarılmasına və daşınmasına yardım üçün ora yollanan ilk
mütəxəssis olub. Hansı ki, həmin ərazi qızğın döyüş zonası olduğu üçün heç kim ora getmək
istəmirdi. Mallar daşınan zaman göydən "od” yağırdı. Amma bütün bunlar Gültəkini zərrə qədər
də ürkütməyib. O, könüllü döyüşlərə qatılıb. Ölümdən və əsirlikdən qorxmayan bu qəhrəman
Azərbaycan qadınının yeganə qorxusu döyüşün ortasında görünmək olub: "Bütün döyüşlərə gizli
qatılır, hər kəsdən saxlanırdım. Qorxurdum ki, birdən döyüş bölgəsinə gələn jurnalistlər məni
çəkər və qohum-əqrəba müharibəyə getdiyimdən xəbər tutub, üstümə qalxar. İnandırım sizi ki,
döyüşlər zamanı o qədər fədakarlığım olurdu ki... Hər anım ölüm idi, amma yenə də bütün
əməllərimin gizli saxlanılmasını istəyirdim. Məni çəkmək istəyən jurnalistlərə yalvarırdım ki,
mən olan kadrları silsinlər. Bir dəfə qızğın döyüşlərin birində batalyon komandiri olan bibim
oğlu vardı, "Neqr” ləqəbli Tahir Mehdiyev, təsadüfən onunla rastlaşdıq. Çox mərd və qorxmaz
bir oğlan idi. Bütün ağır döyüşlərdə o iştirak edirdi, hətta ermənilər başına pul mükafatı da
qoymuşdular. Müharibənin dəhşətlərindən qorxmayan mən ilk dəfə qorxunun nə olduğunu bibim
oğlu məni döyüşün ortasında görəndə hiss elədim. Görünür, xarakterimi və haqsızlığa dözümsüz
olduğumu bildiyindən Taleh heç nə demədi. Bilirdi ki, geriyə yolum yoxdu. Müharibənin
dəhşəti, qucağımda can verən qəhrəman vətən övladları məni qəddarlaşdırmışdı. Taleh döyüşdən
sonra mənə bir neçə döyüş taktikası və qranat atmağı öyrətdi. Əsir düşəsi olsam, özümü
öldürməyimi tapşırdı. Döyüşdə iştirakımın, göstərdiyim xidmətlərin gizli saxlanılmasında
Talehin də rolu oldu. 6 erməni kəşfiyyatçısını ələ vermişəm. Həmin vaxtdan "qəhrəman
Gültəkin” deyə adım dillərdə dolaşmağa başladı. Amma reklam olunmağı istəmirdim. Hamı
Talehdən ehtiyat edirdi deyə, bu xidmətimi də jurnalistlərdən gizləyə bildik. İnanın ki, hərbi
formanı belə geyinməyə qorxurdum. Hamı şəkil çəkdirirdi, mən qaçırdım. Bax, beləcə gizlənə-
gizlənə, qaça-qaça yaralıları döyüşdən çıxarıb, onların həyatını xilas etmişəm”.
Darağı götürüb, saçını yana daradı... və canını tapşırdı
Müharibədə iştirak elədiyi hər anın onun xatirələrində silinməz izlər buraxdığını deyən xanım
döyüşçümüz bildirib ki, gecələr onu yatmağa qoymayan, hər gözünü yumanda bir kino lenti kimi
xatirində canlanan iki hadisə olub: "Ağdərə uğrunda gedən qanlı döyüşlərin birində İnqilab adlı
bir əsgər hasarı aşanda "armatur” qarnına girdi. Köməyinə qaçdım ki, onu geri qaytarıb, yarasınısarıyım, amma o, "onsuz da öləcəm” deyib, "armatur”u çıxarıb, irəli atıldı. Bir də heç yadımdan çıxmır, nişanlı bir oğlan vardı, həmişə cibində daraq gəzdirərdi. Ən qanlı döyüşün ortasında belə silahını yerə qoyub, telini darayırdı. Bir gün düşmənin atdığı bir pulemyot onun bütün kürəyini
parçaladı. Onu dərhal Tərtər hospitalına çatdırdıq. Amma artıq gec idi, kürək dağılmışdı, qan
"fontan” vururdu. Son nəfəsində əli ilə cibini işarə elədi ki, onu verin. Darağı götürüb, saçını
yana daradı.... və canını tapşırdı. İnanın, gün adamı yandırırdı, amma həmin vaxt göyün üzünü
bir qara bulud aldı, bir leysan başladı ki, tut ucundan göyə çıx. O səhnə mənim gözümün
qabağından getmir”. 3 körpə balasını evdə qoyub, qanlı döyüşlərə qatılan, gəncliyinin ən gözəl
çağlarını müharibə dəhşətləri içərisində keçirən, onlarla gəncin həyatını xilas edən, yüzlərlə
əsgərin yarasını sarıyan Gültəkin Quliyeva o odlu-alovlu illərə heyifslənmir, Qarabağın
müdafiəçilərindən biri olması ilə fəxr edir. Amma o, qəhrəman olmaqdan "utanır”, çünki onun
uğrunda döyüşdüyü torpaqlar hələ də işğal altındadır. Qarabağın dərdi onu rahat buraxmır deyə,
o, öz qəhrəmanlığını yaşaya bilmir.
Bir an belə olsun, döyüşdə iştirak, yaralıları xilas etməsini gizləməkdən peşmanlıq duymayan bu
xanım deyir ki, heç bir rütbə, heç bir ad onun üçün əhəmiyyət kəsb etmir, çünki o, döyüşə ad
üçün yox, yaralı əsgərlərə məlhəm olmaq üçün gedib: "Mənə qəhrəman kimi tanınmaq, ad almaq
lazım deyil, mən onsuz da qəhrəmanam. Məni ən narahat edən torpaqlarımızın işğal altında
qalmasıdır. 20 faiz torpağı tapdaq altında olan bir ölkənin vətəndaşları "qəhrəman” adı uğrunda
mübarizə aparmalı deyil. Həm də ki mənim mübarizəm hələ bitməyib. Torpağım işğaldadırsa,
deməli mənim "qəhrəmanam” deyə öyünməyə haqqım çatmır. Mənim üçün müharibə davam
edir. 2009-cu ildə bildim ki, başımda xərçəng xəstəliyi var. Mən həmin vaxt qorxdum, amma
ölümdən yox, məhz xərçəng xəstəliyi ilə ölməkdən. Könüllü olaraq, orduya müraciət elədim ki,
mənə Qarabağda qəhrəman kimi ölməyə şərait yaratsınlar. Amma onları razı sala bilmədim.
İçimdəki Qarabağ sevgisi xərçəngə mübarizədə mənə dayaq oldu. Evimdə səssiz-sədasız ölmək
istəmirəm. Elə ölüm mənə yaraşmaz. Nə qədər ki, canımda can var, Qarabağ uğrunda
döyüşəcəm. Bəlkə də həmin arzudur ki, bu qədər ağrı-acıya, xərçəng kimi bir bəlaya rəğmən
mən yaşayıram. İstədiyimə istədiyim vaxt nail olmuşam. Günü bu gün də ermənilərin
Azərbaycana səfəri nəzərdə tutulanda bütün hüquq-mühafizə orqanları bilir ki, Gültəkin
Quliyeva "farağat” durmayacaq. Çünki Gültəkin erməni katalikosu Bakıya gələndə o boyda
mühafizəni yarıb, Gülüstan sarayında, tədbirin ortasından çıxan Gültəkindir”.
Vətənini yağılardan qorumağa hazır olan igid, döyüşkən qadınlarımız çoxdur
Günü sabah müharibə başlasa, düşünmədən döyüşün ortasına atılacağını deyən xanım
döyüşçümüz əmindir ki, onunla yanaşı cəbhəyə yollanacaq qız-gəlinlərimizin sayı "n” qədərdir.
Qəhrəmanlıqda, igidlikdə, qorxmazlıqda Azərbaycan qadınlarının kişilərdən heç də geri
qalmadığını vurğulayan G.Quliyeva Azərbaycan qızlarının mübariz olduğunu deyib: "Bircə dəfə
"ayağa dur!” demək kifayətdir ki, bütün qəhrəman qadınlarımız cəbhəyə axın etsin. İnanın,
həmin anda yüzlərlə, minlərlə Gültəkinlər ortaya çıxacaq.
Amma indi gün o gün deyil. Yeni nazir Zakir Həsənovun komandanlığı ilə ordumuzun gücünə
arxalanıram. Qoy, öndə igid oğlanlarımız getsin. Bu gün yüzlərlə Mübariz boy verir
Azərbaycanda. Qadınların, qızların müharibəyə getməsinə heç ehtiyac da yoxdur. Bizim bir
gündə düşmən ordusunu məhv etməyə qadir ordumuz var”.
Sonda müharibə veteranlarına, şəhid ailələrinə göstərilən qayğıdan danışan G.Quliyeva deyib ki,
hər bir müharibə iştirakçısına göstərilən diqqət Vətənə edilən hörmət deməkdir. Torpaq uğrunda
can qoyan insanlara qayğı isə gənclərə vətənpərvərlik ruhu aşılamağın ən asan yoludur.
Şəymən Bayramova
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür