Oğruların son iki “qurbanı...”

Jurnalist və şairin evi qarət olunubİlqar Altay: “Elə professional oğrular var ki, evi dağıtmadan, bir əşyanın belə yerini dəyişmədən pulu yığıb aparır”
Manatın iki dəfə kəskin devalvasiyası fonunda ölkədə oğruların sayının artacağına dair verilən proqnozlar yavaş-yavaş özünü doğruldur. Şübhəsiz ki, qiymətlərin bahalaşması və işsizliyin artmasının cəmiyyətdə mənfi proseslərə yol açacağı gözlənilən idi və "vaxt itirmədən” biz bu proseslərin şahidi oluruq. Qeyd edək ki, son bir neçə gün ərzində paytaxtda qeydə alınan oğurluq hadisələrinin sayı çoxalıb. Mediada yayılan məlumatlara görə, evi qarət olunan vətəndaşlar arasında gənc şair Şəhriyar Del Gerani və "APA” informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun da adı yer alıb.
Mövcud durumu dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altayın dediyinə görə, oğurluğun da iki istiqaməti var: "Birinci istiqamət professional oğurluqdur. Hansı ki, bu işlə məşğul olanlar kriminal aləmin bir təbəqəsidir və bir çox hallarda oğurluğu şəbəkə halında edirlər. Digərləri isə adi bir ehtiyac səbəbindən oğurluğa əl atan gənclərimizdir. Onların heç birinin avtoritet şəbəkəsi ilə bağlılığı olmur. Sadəcə öz şəxsi mənfəətlərini güdən 1-2 gənc birlikdə hansısa planlar qurur”.
Son ilə qədər Azərbaycanda oğurluq hallarının az olduğunu vurğulayan kriminalist deyib ki, oğurluq hallarının sayının artmasının iqtisadi böhranla birbaşa bağlılığı var: "Böhrandan əvvəl ölkədə iqtisadi durum yaxşı idi. Neft gəlirləri çox olduğu üçün pul ehtiyatlarımız kifayət qədər idi. Zəhmətsiz pul qazanmaq həvəsində olan gənclərimiz də bir yolunu tapıb, imkanlı şəxslərdən faydalanırdılar. Pulunu xərcləməyə yer tapa bilməyən imkanlı adamlar vardı ki, qapısına gələni boş qaytarmırdılar. Amma böhrandan sonra həmin dəyirmanların suyu kəsilməyə başladı və hazırın nazirləri pulsuz qaldı. Halal pul qazanmaq istəməyən belə gənclərin də oğurluqdan başqa əlacı qalmadı. Eləsi var narkomandır, təcili narkotik maddəyə ehtiyacı olur, eləsi də var hər gün çayxanalara, restoranlara getməyi özünə daimi prinsip olaraq görüb və indi pulu yoxdur deyə, ondan əl çəkə bilmir. Bu cür məcburiyyətlər də onları soyğunçuluğa vadar edir. Oğruların girdiyi evlər tanınmış simalar olanda hadisə ictimailəşir və ölkəyə səs yayılır”.
İ.Altayın sözlərinə görə, xeyli gəlir əldə etmək istəyən oğrular evlərə girməzdən əvvəl "qurban”ının maddi durumu barədə araşdırma aparır və qapıları da ona uyğun "döyürlər”: "Oğurluq edən adamın müxtəlif məqsədləri ola bilir. Elə oğru var ki, niyyəti külli miqdarda vəsait əldə etməkdir. Bunun üçün də əvvəldən araşdırmalar aparıb, planlar qurur. Eləsi də var ki, kiçik bir məbləğ üçün də risk edib, oğurluq edə bilir. Narkotik maddə aludəçilərinə öz "kayf”ını tutmaq üçün cəmisi 10-15 manat pul lazım olur və o bu pulu haradan olur-olsun tapmaq istəyir. Sizi inandırım ki, onlarla bahalı avtomobilin içərisində olan tək "Jiquli”nin akkumlyatorunu oğurlayanlar olub. Hansı ki, həmin akkumlyatorun dəyəri 10 manat ancaq olardı. Eləcə də kompyüterin satışından əldə etdiyi 50-100 manat çox güman ki, onun zəruri ehtiyaclarını qarşılayacaq miqdardadır. Hesab edirəm ki, belə hallara təəccüblənməmək gərəkdir”.
Adətən kiminsə evində oğurluq hadisəsi baş verəndə ilk olaraq yaxın qonşulardan, mütəmadi olaraq evə gəlib-gedən adamlardan şübhələnilməsinin nə dərəcədə doğru olduğuna gəldikdə isə kriminalist deyib ki, əksər hallarda bu yanaşma özünü doğruldur: "Doğrudan da ailənin maddi durumunu, evin giriş-çıxışını, qiymətli əşyaların və pulun harada yerləşdiyini bilən adamların bu işdə birbaşa və ya dolayı yolla əli olur. Yəni sifarişçi və ya iştirakçı ola bilir. Bu baxımdan oğurluq baş verən anda yaxınlardan şübhələnməyə, onların davranışlarını təhlil etməyə dəyər. Amma bəzi vaxtlarda hadisə açılmamış iş kimi qalmasın deyə aidiyyəti qurumlar bütün məsuliyyəti ailənin özünün boynuna atırlar. Ailə də baxır ki, məsələni böyütsə, bütün qohum-əqrəbası oğru damğası alacaq. Beləcə, axtarışdan imtina edib, həyatlarına davam edirlər. Mən Rusiyada işlədiyim vaxtlarda bu cür hallara rast gəlmişəm. Elə professional oğrular var ki, evi dağıtmadan, bir əşyanın belə yerini dəyişmədən pulu yığıb aparır. Hətta adam şübhəyə düşür ki, bəlkə elə ev sahibinin özü götürüb, oyun oynayır camaatla. Yəni deməyim odur ki, ömründə birinci dəfə gördükləri evi iki əlinin içi kimi tanıyan professional oğrular var”.
Oğurluğun qarşısını almaq üçün həyata keçirilən mübarizə tədbirlərinin yetərli olmadığını vurğulayan kriminalist deyib ki, bunun də əsas səbəbi yuxarıda qeyd edildiyi kimi, son illərə qədər ölkədə oğurluq hallarının sayının kəskin şəkildə az olması ilə bağlıdır: "İctimai təhlükəsizliyin qorunması istiqamətində atılan tək addım oğurluq hadisələrinin qarşısının alınması deyil ki. Görünür, hüquq-mühafizə orqanlarının başı banditizm, reketçiliyə qarşı mübarizəyə qarışıb və bu sahədə bir boşluq yaranıb. Hesab edirəm ki, mətbuat bu işin üstünə düşsə, yaşanan oğurluq hadisələri ictimailəşsə, bu unudulmuş istiqamətə qarşı mübarizə tədbirlərinin genişlənməsi istiqamətində müvafiq tapşırıqlar verilər. Oğurluğun, dələduzluğun, xuliqanlığın daha da artmasını istisna etmirəm. Biz bir cəmiyyət olaraq buna hazır olmalıyıq. Hüquq-mühafizə orqanları da müəyyən qədər ayıq-sayıq olmalıdırlar. Bunları deməklə cəmiyyətdə qorxu, gərginlik yaratmaq istəməzdim. Amma nə edək ki, vəziyyət bundan ibarətdir”.
Şəymən