“Əgər Baxçalı yenidən partiya sədri seçilsə, ona qarşı çıxanlar təşkilatdan ayrılıb yeni partiya yaradacaqlar”
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, qurumun parlament fraksiyasının rəhbəri Oktay Vural vəzifəsindən istefa verərək partiya daxili müxalifətə qatılıb. Oktay Vural partiyada baş verən prosesi dəyərləndirdikdən sonra belə bir addım atdığını bildirib.
Yerli mətbuat isə Vuralın əvvəlcədən bu fikirdə olduğunu, partiyada dəyişikliklə bağlı təkliflər irəli sürdüyünü yazıb. Vural millətçi deputatların partiya sədri Dövlət Baxçalıya dəstək müraciətinə imza atmayıb. İddialara görə, O.Vurala yaxın olan bəzi yerli təşkilat rəhbərləri də müxaliflər tərəfə keçəcək. Oktay Vural MHP-də ən parlaq şəxslərdən biri hesab olunur. Sərt çıxışları ilə məşhur olan Vural indiyə kimi bir neçə yüksək vəzifələrdə təmsil olunub. Xatırladaq ki, iyulda MHP-nin növbədənkənar qurultayı keçiriləcək və partiyaya yeni sədr seçiləcək. Partiyadakı istefaları "Şərq”ə şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Alparslan Türkeşin vəfatından sonra sədrliyə gələn Dövlət Baxçalı bir sıra uğurlar əldə edib: "Onun dövründə MHP parlamentə girib və millətçilər koalisiya hökuməti daxilində Türkiyə hökumətində təmsil olunublar. Amma illər keçdikcə, MHP daxilində müəyyən qarşıdurma və ziddiyyət yaranıb. Bu da partiyanın zəifləməsinə və uğursuz fəaliyyətinə gətirib çıxarıb. Məsələ ondadır ki, millətçilərin içində yenilikçi insanlar çoxalır. Hətta partiyanın ağır topları da yeniliklə çıxış edirlər. Məsələn, Meral Akşener, Sinan Oğan və Ümid Özdağ kimi şəxslər Dövlət Baxçalının
klassik siyasəti ilə yollarını davam etdirmək istəmirlər. Oktay Vural isə partiyanın siması sayılırdı. Parlamentdə MHP-nin mövqeyini ictimaiyyətə çatdıran da o idi. Əgər Baxçalı partiyanın parçalanmasını istəmirsə, müəyyən addımlar atmalıdır”. Ekspertə görə, Baxçalının namizədliyini yenidən irəli sürməsində problem yoxdur. Amma əsas odur ki, seçkilər ədalətli keçirilsin: "1990-cı ildə Türkeşdən sonra keçirilən MHP qurultayında çox gərgin anlar yaşandı, hətta millətçilər bir-birinə stul atdılar. Nəticədə qurultay təxirə düşdü. Bu cür olayların təkrarlanması həm MHP, həm də türkçülük davası üçün çox ciddi zərbə olar. Hesab edirəm ki, əgər Baxçalı yenidən partiya sədri seçilsə, ona qarşı çıxanlar təşkilatdan ayrılıb yeni partiya yaradacaqlar”.
İsmayıl