Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar və bəzi dövlətlərin siyasi maraqlar güddüyünü yaddan çıxarmamalıdırlar
Qafqaz Müsəlmanları İdarəsi bu il də ənənəsinə sadiq qaldı və vahid Ramazan təqvimi hazırladı. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı astrofizika Rəsədxanasının rəyi əsasında hazırlanmış təqvimdə Bakı və bölgələr üzrə imsaq, namaz və iftar vaxtları göstərilir. Mübarək Ramazan ayı öncəsi QMİ Qazılar Şurası fətva ilə çıxış etdi və bildirildi ki, ictimaiyyətə təqdim olunan təqvim səhihdir.
QMİ vətəndaşlara məhz bu təqvimə riayət etmələrini məsləhət görür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Rəsədxananın təqdim etdiyi şəri vaxt ölçüləri əsasında tərtib olunmuş təqvimə riayət edilməsinin məqsədəuyğun olduğunu bildirdi. Yəni bu məsələdə dövlət qurumu ilə QMİ-nin mövqeyi üst-üstə düşürdü. Qeyd edək ki, bir neçə il əvvəl Ramazan ayında fərqli təqvimlərin yayıldığının şahidi olurduq. Metro keçidlərində, bəzən hansısa marketlərdə alıcılara Ramazan təqvimi də təqdim edilirdi ki, QMİ təqvimi ilə aralarında fərq olması nəzərə çarpırdı. Amma bu il fərqli təqvimlərin yayıldığı müşahidə edilmədi. Daha doğrusu, paytaxtda müşahidə edilmədi. Bölgələrdə isə vəziyyət bir qədər başqadır. DQİDK-nin apardığı monitorinqlər zamanı respublikanın Qazax və şimal-qərb bölgəsində vahid dini təqvimə riayət qaydalarının pozulduğu aşkarlanıb. Bu barədə DQİDK-nin sədr müavini Səyavuş Heydərov açıqlama verib. Sədr müavininin sözlərindən belə anlaşılırdı ki, bəzi bölgələrdə hardansa, başqa Ramazan təqvimləri peyda olub.
Məsələyə aydınlıq gətirməsi üçün DQİDK-nin sədr müavini Səyavuş Heydərova müraciət etdik.
S.Heydərov "Şərq”ə açıqlamasında komitə tərəfindən aparılan monitorinqlər zamanı bəzi pozuntu hallarının aşkarlandığını bildirdi:
- Bildiyiniz kimi, QMİ Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə vahid Ramazan təqvimi hazırlayıb. Bu təqvimdə Azərbaycanın yerləşdiyi coğrafi mövqe, eləcə də ölkə ərazisində müxtəlif islam məzhəbləri təəssübkeşlərinin yaşaması nəzərə alınıb. Amma təəssüf ki, bəzi maraqlı dini dairələr mövcuddur, onlar sosial bazalarını genişləndirməyə və böyük dini tədbirlər, Ramazan kimi xüsusi bir aydan da yararlanmağa çalışırlar. Müxtəlif dairələrin öz dini təqvimlərini yaymaq cəhdləri də bununla bağlıdır. Bəziləri də bu işin mənəvi-siyasi-hüquqi mahiyyətini başa düşmədən digər ölkələrin təqvimlərini yaymağa cəhd edirlər. Əlbəttə, bu, dini vəhdətə ciddi təhlükədir. Məlumdur ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın ən yüksək nümunəsi mövcuddur. Digər ölkələr bizdən xahiş edir ki, bu modeli ixrac edək, çünki Azərbaycanın modeli ən mükəmməl, ən yaxşıdır. Belə olduğu təqdirdə hansısa digər ölkənin dini təqviminin burada yayılmasına, başqa ölkələrin Ramazan təqviminə riayət edilməsinə heç bir zərurət yoxdur.
Bəzən deyirlər, namazdır, 3 dəqiqə tez, ya 3 dəqiqə gec qıldın, nə fərqi var?! Bilirsiz, problem dində deyil, onun daşıyıcılarındadı. Sirr deyil ki, bir sıra ölkələr öz hegemonluqlarını təmin etmək üçün dini kəsimdən istifadə etməyə çalışır. Din amilinin siyasiləşməsi isə təhlükəlidir və bu zaman dini zəmində qarşıdurmalar, milli və dövlət təhlükəsizliyinə də təhlükə yarana bilir. Bəziləri bunu bilərəkdən edirsə də, elə insanlar var ki, bilməyərəkdən, məsələnin mahiyyətinə varmadan, anlamayaraq bunu edir. Ancaq Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar və bəzi dövlətlərin siyasi maraqlar güddüyünü yaddan çıxarmamalıdırlar.
S.Heydərov qeyd etdi ki, təqvim pozuntusu hallarına Qazax, Bərdə rayonları və Qobustan ərazisində rast gəlinib. Pozuntu hallarına yol verənlərlə söhbət aparılıb, onlardan izahat alınıb və təlimat verilib:
- Komitə monitorinqlərini davam etdirəcək. Belə hallar təkrarlanarsa, həmin şəxslərin əməlinə hüquqi qiymət veriləcək.
Məlahət Rzayeva