Onlar azyaşlı deyillər axı...

Müəllimə öz xoşu ilə qaçıbsa, valideynlərin şikayətinin mənası yoxdur
Əgər bu və ya başqa səbəbdən bu yolu seçiblərsə, bizə də yalnız onların qərarına hörmətlə yanaşmaq düşər



Bərdə rayonunda müəllimənin qaçırılması xəbəri böyük səs-küyə səbəb olub. Qaçırılan qızın Goranboy rayon sakini olduğu bildirilir. Rayonun Hacıalılı kənd 1 saylı orta məktəbinə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qız Tural Zeynalov adlı şəxs tərəfindən qaçırılıb. T.Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.

Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov isə açıqlamasında bildirib ki, iki gəncin ailə qurması xəbəri sensasiya xarakteri daşımamalıdır: "Nə istəyirsiniz? Elə şeylərə qarışırsınız ki, adam utanır, xəcalət çəkir. Bu şeylər lazımdırmı? İnsanların ailə qurmasına nə qədər müdaxilə etmək olar? Bu qədər insanların hissləri ilə oynamaq olmaz. Müəllimə Goranboy rayonundandır. O, nazirliyin göndərişi ilə Bərdənin Hacıalılı kəndinə müəllim kimi gəlib. Riyaziyyat müəlliməsidir”.

Maraqlıdır, Təhsil Şöbəsinin müdiri belə açıqlama verməklə nəyə nail olmaq istəyir? Məqsəd hadisəni ört-basdır etməkdir, yoxsa doğrudan da 23 yaşlı müəllimə öz xoşu ilə qaçıb? Məsələ burasındadır ki, müəllimənin valideynləri qızlarının başqasına nişanlı olduğunu və zorla qaçırıldığını iddia edir. Onlar artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar.

Baş vermiş hadisə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri Ülkər Abdullayeva bildirib ki, əvvəlcə müəllimənin zorla, yaxud öz istəyi ilə qaçırıldığını hüquq-mühafizə orqanları araşdırmalıdır. Əgər qız etiraf etsə ki, qarşılıqlı istək əsasında "qaçırılma səhnəsi”ni qurublar, onda oğlan məsuliyyətdən azad edilməlidir:

 "Yox əgər qız deyildiyi kimi zorla qaçırılıbsa və bununla bağlı şikayətini hüquq-mühafizə orqanlarına bildiribsə, onda müvafiq orqanlar qanunun tələbləri çərçivəsində təqsirləndirilən şəxsi cəzalandırmalıdır.

Bərdə rayon Təhsil Şöbəsinin işçilərinin özəl həyatı barədə mediaya açıqlama vermək kimi bir səlahiyyəti, öhdəliyi, vəzifəsi yoxdur. Eyni zamanda etik nöqteyi-nəzərdən bu, doğru deyil. Hadisə məktəbdə baş vermiş olsaydı, onda təhsil qurumları işçilərinin təhlükəsizliyinə görə cavabdehlik daşıdıqları üçün, məsələyə məhz bu prizmadan şərh verə bilərdilər. Əgər Təhsil Şöbəsi baş vermiş zorakılıq halının ört-basdır edilməsi məqsədilə səlahiyyətləri daxilində olmayan məsələyə rəsmi münasibət bildirirsə, o zaman yuxarı instansiyalar Təhsil Şöbəsinə bu barədə xəbərdarlıq etməlidir”.


Ülkər xanımın sözlərinə görə, hadisə hər iki gəncin arzusu ilə baş veribsə, deməli, valideynlərin şikayət etməsinin bir mənası yoxdur. Çünki qız azyaşlı deyil və öz taleyi barədə müstəqil qərar vermək hüququna malikdir: 

"Yox, əgər həqiqətən də "zorla qaçırma” baş veribsə və zərərçəkmiş tərəf də bu halla barışmırsa, onda zorakılığa yol vermiş gənc ölkə qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. 21-ci əsrdə ailəni orta əsrlərdən qalma "qaçırma” üsulu ilə qurmağa cəhd göstərməyin özündə bir qəribəlik var. İki yetişkin insan, əgər macəra axtaran deyillərsə, belə bir işə niyə qol qoysunlar ki? Əgər bu və ya başqa səbəbdən bu yolu seçiblərsə, bizə də yalnız onların qərarına hörmətlə yanaşmaq düşər.
Zorakılığa gəlincə, bu, heç kəsin daxili işi deyil. Cəmiyyət də, hüquq-müdafiə və hüquq-mühafizə orqanları da öz üzərinə düşəni etməlidir”.

Yeganə Bayramova