Onlar heç vaxt unudulmayacaq
"Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğı davamlı və çoxşaxəli səciyyə daşıyır"
Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Müxtəlif vaxtlarda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. 1997-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb.
Bu baxımdan Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi qərarlaşdırılıb. Artıq xeyli şəhid ailəsi həmin məbləği əldə ediblər.
Şübhəsiz ki, bu Sərəncam dövlət başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə diqqət və qayğısının bariz nümunəsidir. Hər kəsə bəllidir ki, indiyə qədər Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib. Şəxsən Prezident İlham Əliyev şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı nümayiş etdirib, daim onların həyat şəraiti ilə maraqlanıb. İctimaiyyət nümayəndələri də dövlət başçısı tərəfindən verilən Sərəncamı çox yüksək dəyərləndirirlər.
"Şərq”ə açıqlamasında millət vəkili Hikmət Babaoğlu da deyib ki, 2018-ci il 19 aprel tarixli Fərmana uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürüdür. Deputat bəyan edib ki, bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəffaf şəkildə həyata keçirilir:
"Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər.
Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Beləliklə də dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir”.
Millət vəkili bəyan edib ki, son illərdə Prezidentin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclər əhəmiyyətli dərəcədə artırılıb. Ölkənin müdafiə potensialı gücləndirilib:
"Bununla yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir.
Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır”.
H.Babaoğlunun fikrincə, son 15 ildə Prezident Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalayıb:
"Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Ölkəmizdə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb.
Respublikamızda müharibə əlillərinə, şəhid ailələrinə minik avtomobilləri, mənzillər verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir”.
İsmayıl