Seçim noyabrın 25-dək davam edəcək
Fəvvarələr Meydanında "Soyuq əllər, isti ürək: Qış möcüzəsi” adlı xeyriyyə yarmarkası keçiriləcək. Yarmarka "Nargis” Nəşriyyat Evinin təşkilatçılığı ilə baş tutacaq.
"Nargis” komandası xeyriyyə yarmarkasını daha rəngarəng və maraqlı etmək üçün hər il yarmarkanın siması olaraq, mer seçmək qərarına gəlib.
Bəyəndiyiniz və layiq bildiyiniz namizədi dəstəkləmək üçün yarmarkanın Facebook-dakı rəsmi səhifəsində onun fotosunu "like" etməyiniz kifayətdir! Seçimlər noyabrın 25-dək davam edəcək.
Namizədlər aşağıdakılardır:
Miri Yusif – populyar Azərbaycan müğənnisidir. Solo karyerasında caz, bluz, reqqi tərzində yazılmış mahnıları ilə çoxlarının ürəyinə yol tapıb. Heydər Əliyev Sarayı, Yaşıl Teatr kimi konsert zallarında dəfələrlə anşlaqla keçən konsertləri Miri Yusifin uğurunun bariz nümunəsidir.
Nigar Camal – müğənni, "Avroviziya 2011” Mahnı Müsabiqəsinin qalibidir. Müğənni tez-tez müxtəlif xeyriyyə təşkilatları tərəfindən həyata keçirilən konsertlərdə iştirak edir
Bəhram Bağırzadə – tanınmış Azərbaycan aktyoru, şoumen və naşirdir. Onun tanınmasında müstəsna rolu "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubundakı çıxışları oynayıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi”nin üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. "Qorod” jurnalının naşiridir. Bəhram Bağırzadə 2012-ci ildə kitab nominasıyasında "Humay” milli mükafatına layiq görülüb.
Tünzalə Ağayeva – bəstəkar, müğənni, Azərbaycanın əməkdar artistidir. 2001-ci ildə gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan "Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. Tünzalə Ağayeva həm də bir çox ictimai və xeyriyyə layihələrinin aktiv iştirakçısı, 2014-cü ilin milli olimpiya səfiridir.
Murad Dadaşov – azərbaycanlı aktyor, aparıcı, şoumendir. "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun sevilən üzvlərindən olan Murad həm də "Yeriniz məlum", "Mərc-şou" və "Maşın" şoularının aparıcısı və ideya müəllifi kimi çıxış edib. Çoxsaylı mükafatlar laureatıdır.