Onlar xaricdən sifariş alırlar

Radikal dindarların mitinqə cəlb edilməsi müxalifətin ideologiyasının olmamasından xəbər verir




Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu siyasət, əsrlərin sınağından çıxmış tolerant mühit, ölkədə mövcud olan sabitlik Azərbaycanı xaoslar, vətəndaş qarşıdurmaları yaşanmayan azsaylı ölkələrdən birinə çevirib. Azərbaycanın davamlı inkişafını istəməyən bəzi xarici dairələr milli dövlətçiliyimizi yeni keyfiyyət mərhələsinə daşıyacaq ümumxalq səsverməsi ərəfəsində sabitliyi pozmaq üçün birgə fəaliyyətə keçiblər.

Təsadüfi deyil ki, radikal müxalifət başçıları Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra "Milli Şura” və Müsavat mitinq keçirmək haqda qərar veriblər. Paralel olaraq qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal "Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam Partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulması sabitliyi pozmaq planında bəzi qonşu ölkələrin də yer aldığını sübut edir. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli mitinqlərə dindarların cəlb edilməsi cəhdinə münasibət bildirib. Ekspertə görə, bu gün məkrli niyyətə bürünən qüvvələrin dindarların dini duyğularını istismar edərək onların adından çıxış etməsi islami prinsiplərə zidd olduğu qədər, həm də bizim milli kimliyimizə bir ləkədir: "Azərbaycanda milli-

mənəvi, dini dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçısıdır. Vətəninə, dövlətinə bağlı olan, siyasi əqidəsindən asılı olmayaraq, hər kəs Azərbaycandakı bu dəyərlərin dövlət tərəfindən qorunmasını hər zaman təsdiq edir. İndiki həssas bir dövrdə Azərbaycan dünyəvi ölkə olmaqla dünyada tolerantlığın nümunəsinə çevrilib. Bu baxımdan heç bir dindarın indiki şəraitdə Azərbaycan dövlətinə qarşı hansısa çağırışlar etməsi heç bir halda yolverilməzdir”. C.Əzimbəyli bildirib ki, "Milli Şura” özü bir ləkədir: "Mən dəfələrlə demişəm ki, bu qurumun "Milli Şura” adlandırılması keçmişimizə, tariximizə hörmətsizlikdir, ləkədir. Bu mənim açıq fikrimdir. Milli kimliyi ilə dini kimliyinin vəhdətini yaşayan hər hansı bir şəxs dini istismar edən və insanların dini duyğularından istifadə edənlərə heç bir halda dəstək verə bilməz. Mən bunu təmsil etdiyim 100 minlərlə inanclı, Azərbaycan dövlətinə bağlı insanların adından cəsarətlə deyirəm”.

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də deyib ki, müxalifətin mitinqi mahiyyətindən kənara çıxıb və elan olunmamış radikal şüarlar səsləndirilib: "Mitinqdə radikal dindarların iştirak etməsi əslində mitinqin vahid ideologiyasının olmamasından xəbər verirdi. Bu sübut edir ki, "Milli Şura” radikal dindarları da mitinqdə istifadə edib. Bu, mitinq iştirakçılarının parçalanması deməkdir, yəni aksiyaya ideoloji cəhətdən tamamilə bir-birinə zidd qüvvələr toplanıb. Deməli, bunları xaricdən təhrik edən, idarə edən qüvvələr var”. Deputat vurğulayıb ki, mitinqə referendumla bağlı icazə alınsa da, bu məsələ çox az yer tutub: "Kim nədən istəyirdi danışırdı, müxtəlif fikirlər səslənirdi. Hakimiyyət onlara istənilən şəraiti yaratmışdı ki, toplansınlar, öz sözlərin desinlər. Hətta özləri deyirdi ki, mitinqə ən ucqar rayonlardan da gəliblər. Deməli, sizin toplayıb ortaya qoya bildiyiniz kütlə bu qədərdir. Onlar da pərakəndə, ideoloji cəhətdən bir-birinə zidd insanlar. Bu mitinq xarici qüvvələrin Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün istifadə etdiyi bir metoddur”. Partiya sədri əlavə edib ki, mitinqlər müvəqqətidir: "Referendumdan sonra hər şey sönüb gedəcək. Həmişə seçkidən sonra müxalifət qış yuxusuna gedir, yenə də eyni şey olacaq. Heç bir platformaları, təşkilati işləri yoxdur. Elə bu cür biri-birindən qisas almaqla, sosial şəbəkələrdə biri-birini söyməklə özlərini göstərmək istəyirlər”.

İsmayıl