Bu, gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq
Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu məsələ Milli Məclisin ötən iclasında qəbul olunan "Peşə təhsili haqqında” qanunda öz əksini tapıb. 5 fəsil və 26 maddədən ibarət olan qanun layihəsində özəl və bələdiyyə peşə təhsil müəssisələrinin yaradılması, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilməsi, peşə təhsilini bitirənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi, Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması və s. məsələlər yer alıb.
Keçmiş sovetlər dövrünə nəzər salan təhsil eksperti Kamran Əsədov texniki peşə təhsilinin ölkə iqtisadiyyatının peşə - ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yarandı:
- O dövrdə texniki peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətə düşmüşdü. 1988-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait bütün sahələrdə olduğu kimi, texniki peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərib. Bu dövrdə hökm sürən ictimai və sosial-iqtisadi sabitsizlik, istehsal həcminin kəskin azalması və nəticə etibarilə əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbatın aşağı düşməsi, büdcədən maliyyələşmənin sıxılması, həmçinin təhsil təşkilatları ilə müəssisələr arasında ənənəvi əlaqələrin qırılması texniki peşə təhsili sistemini iflic vəziyyətinə salıb və tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qoyub.
Uzun müddət bir çox ixtisaslar üzrə lazım olan işçi qüvvəsi ya xarici ölkələrdən dəvət olundu, ya da bunu qeyri-ixtisaslı kadrlar həyata keçirməyə başladı. Geridə qoyduğumuz 25 ilə baxdıqda görürük ki, texniki peşə təhsili müəssisələrinin binaları yararsız hala düşmüşdü, mühəndis pedaqoji heyətin böyük bir qismi işdən uzaqlaşmışdı. Yataqxanalar qaçqın və məcburi köçkün ailələri tərəfindən zəbt olunmuşdu. Buna baxmayaraq, 2016-cı ildən etibarən texniki peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyillər yaranmağa başladı.
K.Əsədov hesab edir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir: "2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərmanından sonra peşə təhsili islahatının gedişi daha da sürətləndi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı. Bu gün orta məktəbləri bitirmiş şəxslər kütləvi şəkildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edirlər. Halbuki, 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin yalnız 42 faizi təhsilini başa vurduqdan sonra əmək bazarında ixtisası üzrə işlə təmin olunur.
Amma peşə təhsilini bitirənlərin işlə təmin olunma faizi isə çox yüksəkdir.
Müasir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Amma yeni "Peşə təhsili haqqında” qanunda qeyd olunur ki, bu pillədə təhsil alanlara da möhlət hüququ veriləcək. Bu, gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq. Artıq bir neçə ildir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.
Bütün bu atılan addımlar peşə-ixtisas təhsili müəssisələrinə marağı və müraciəti ciddi şəkildə artıracaq”.
Şəymən