“Rus əsgərin erməni ailəsini öldürməsi cəmiyyətdəki anti-Rusiya əhval-ruhiyyəsinin kuliminasiya nöqtəsi oldu”
Ermənistan və Rusiya Baş prokurorluqlarının nümayəndələri Gümrüdəki qətl hadisəsi ətrafında ciddi araşdırma və gərgin fikir mübadiləsi aparıblar.
Nəticədə Rusiya tərəfi erməni ailəsini qətlə yetirən rus hərbiçinin Ermənistan tərəfinə təhvil verilməsindən imtina edib. Əsas kimi də qatil Valeri Permyakovun Rusiya vətəndaşı olması göstərilib. Rusiya qanunvericiliyi ölkə vətəndaşının hansı cinayəti törətməsindən asılı olmayaraq, başqa ölkəyə verilməsini qadağan edir. Bununla belə, xüsusi vurğulanıb ki, qatil, eləcə də bu işdə günahı olan digər şəxslər qanunun tələb etdiyi ən ciddi şəkildə cəzalandırılacaq və bu barədə Ermənistan tərəfinə ətraflı məlumat veriləcək. Rusiyanın qatil hərbiçini təhvil verməməsi erməni ictimaiyyətinin narazılığını bir qədər də artırıb və ruslara qarşı aksiyaların genişlənməsinə səbəb olub. Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını, Rusiya prezidenti Vladimir Putinin rəsmi şəkildə erməni xalqından üzr istəməsini tələb ediblər. Etirazçılar hadisəni Ermənistan hüquq-mühafizə orqanlarının araşdırmalı olduğunu, əks halda, cinayətin ört-basdır ediləcəyini bildiriblər. Qanlı hadisəni və aksiyaları şərh edən siyasi ekspertlərin fikrincə, erməni ayaqlanması təkcə Rusiya-Ermənistan münasibətlərinin korlanmasına deyil, eyni zamanda Sarkisyan hökumətinin də devrilməsinə gətirib çıxaracaq. Ermənistandakı aksiyalara münasibət bildirən Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, onsuz da, Rusiyanın təzyiqi ilə Avrasiya ittifaqına girən Ermənistan cəmiyyətində müəyyən etirazlar başlamışdı. İndiki aksiyalar bir daha göstərdi ki, Sarkisyan hakimiyyəti Ermənistana, nə də Dağlıq Qarabağdakı proseslərə birmənalı nəzarət edə bilmir: "Rus əsgərin erməni ailəsini öldürməsi cəmiyyətdəki anti-Rusiya əhval-ruhiyyəsinin kuliminasiya nöqtəsi oldu. Qətl hadisəsi göstərdi ki, Rusiya heç də hüquq ölkəsi deyil. Ortada dəhşətverici cinayətin olmasına baxmayaraq, Moskva öz hegemonluğundan istifadə edərək qatili qorumağa çalışır. Bu, Rusiyaya olan nifrətin daha da artmasına səbəb olacaq. Ermənistan həqiqətən müstəqil dövlət olsaydı, cinayət törədən rus hərbiçini hüquqi məsuliyyətə cəlb edərdi. Ancaq cinayətkarın Rusiyaya təhvil verilməsi bir daha göstərir ki, Ermənistan söz haqqına sahib olmayan vassal dövlətdir”. Politoloqun sözlərinə görə, erməni parlamentindəki üç müxalif partiya geniş mitinqlər təşkil etməklə sübut etdi ki, Sarkisyan hakimiyyətinə real alternativ var. Əgər dəstək olarsa, müxalifət indiki hakimiyyəti devirib əvəzində xalqın istədiyi iqtidar yarada bilər: "Ancaq problem ondadır ki, hələlik Qərb dünyası və Kreml tərəfindən Sarkisyan hakimiyyətinin "son zəng” düyməsi basılmayıb. Hazırda Ermənistanda hakimiyyətsizlik hökmrandır. Belə şəraitdə artan etirazlar nəzarətdən çıxa bilər”.
İsmayıl