“Tankın qabağından çəkilməmişdi, bədənində güllə yarası da yox idi”Milli Qəhrəman Murad Mirzəyevin 40 mərasimində hərbiçi dostları, ictimaiyyət nümayəndələri, qohumları iştirak etdilər
Dünən, II Fəxri Xiyabanda aprelin əvvəllərində növbəti erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan pilotumuz, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli
Qəhrəman Murad Mirzəyevin 40 mərasimi ilə əlaqədar anım tədbiri baş tutub. Şəhidimizin məzarı ətrafında böyük insan izdihamı yaşanıb. Mərasimə şəhidin ailə üzvləri, yaxınları, hərbiçi dostları, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, "Birlik” jurnalının baş redaktoru İlqar İlkin, tanınmış hərbiçi Ramil Səfərov və digər ictimaiyyət nümayəndələri də qatılıblar.
Qəhrəmanımızın atası Telman Mirzəyev "Şərq”ə bildirib ki, döyüş zamanı Murad və hərbiçi dostları çox böyük şücaətlər göstəriblər: "Murad tək deyil. Ölkəmizdə belə mərd, cəsur oğlanlar çoxdur”.
M.Mirzəyevin iki övladı olduğunu söyləyən T.Mirzəyev qeyd edib ki, şəhidin oğlu birinci sinfində oxuyur. Qızı isə bağçaya gedir: "Sağ olsun cənab müdafiə naziri, general Zakir Həsənov qızıl ulduzu Muradın oğlu Nurlanın sinəsinə taxdı. O, atasının ölümündən xəbərsizdir. Amma sinəsinə medal taxılanda bəyan olundu ki, Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Uşaq bu cümləni yadda saxlayıb. Evə gələndə soruşdu ki, niyə ölümündən sonra deyirlər. Atam ölməyib. O, erməniləri öldürməyə gedib. Qızı isə hələ heç nə başa düşmür. O da qardaşı kimi deyir ki, atam erməni öldürməyə gedib. Murad övladlarını da çox vətənpərvər böyüdüb. Övladları da özü kimi çox vətənpərvərdir. Oğluna hərbi geyimlər alırdı. İnşallah, gələcəkdə oğlu da atası kimi zabit olmaq istəsə, ona heç kim mane olmayacaq. Əksinə, ona imkan yaradacağıq ki, atasının yolunu getsin. Vətənpərvər bir övlad olsun. Əminəm ki, o da atası kimi cəsur olacaq. Hərbiçi də olsa, mərd olacaq, hərbiçi olmasa da. Ona görə ki, qəhrəmanın oğlu qəhrəman olar”.
T.Mirzəyev qəhrəman oğlunun həyat yolu və hərbidəki uğurlarından da söz açıb: "Murad 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1-ci sinifə qədər həmin kəndin orta məktəbində oxuyub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə qəbul olunub. 1994-cü ildə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olub. 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə başa vurub. Türkiyənin sabiq Prezidenti mərhum Süleyman Dəmirəl ona Diplom və xatirə "Qılınc və məzun üzüyü” təqdim edib. Təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında birincilik qazanaraq "Onur başkanı” təyin olunub. 1998-ci ilin sentyabrından Eyirdir Dağ Komanda məktəbində 3 aylıq kurs keçib. 1999-cu ilin yanvar-iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vurub. Daha sonra Türkiyə Silahlı Qüvvələrini IV Motoatıcı briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi (MN) onu ölkəmizdə xidmət göstərməyə dəvət edib. Gəncədə yerləşən N saylı hərbi hissəyə baş leytenant təyin olunan Murad bir müddət sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 1999-cu ilin oktyabrında MN-in müvafiq əmrinə əsasən motoatıcı tağım komandiri, dekabr ayından isə kəşfiyyat bölüyündə tağım komandiri vəzifəsinə təyin olunub. Xüsusi Təyinatlı Qüvvələrdə xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlib. 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş "Ranger” kursunu tamamlayıb. Növbəti illərdə Türkiyə, Rumıniya respublikalarında və İordaniya krallığında kurslarda iştirak edib və kursları üstün dərəcələrlə başa çatdırıb. Murad türk, ingilis, rus və erməni dillərini mükəmməl bilirdi”.
T.Mirzəyev diqqətə çatdırıb ki, qəhrəmanımız xidmət etdiyi dövrdə müxtəlif təltif və mükafatlara layiq görülüb: "İki dəfə "qüsursuz xidmətə”, iki dəfə "hərbi xidmətdə fərqlənməyə görə” medallarına və 3 dəfə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” ilə təltif olunub”.
Hərbi sahəni qəhrəmanını özünün seçdiyini deyən T.Mirzəyev bəyan edib ki, Murad bütün ruhu və varlığı ilə hərbiçi idi: "Açığı, bu sahəni seçəndə mən etiraz etdim. Lakin o, təkid etdi. Muradın israrlı olduğunu görüb razılaşdım. Oğlum ərazilərimizin bütövlüyü uğrunda, vətəni, anası uğrunda şəhid oldu. Vətən sağ olsun. Aprel ayında erməni təxribatının qarşısını alan zabitlərimizin hamısı Murad kimi igid qəhrəman övladlarımızdır. İnanırıq ki, yaxın zamanlarda torpaqlarımız düşmən tapdağından azad olunacaq. Əminəm ki, bütün şəhidlərimizin intiqamını alacağıq”.
Şəhidimizlə qürur duyduqlarını deyən atası onu da əlavə edib ki, Murad və onun kimi cəngavərlər gənclərimiz üçün çox böyük məktəb qoyub getdilər: "Onlar döyüş nümunələri göstərdilər. Bir örnək oldular. İnşallah, yaxın zamanlarda torpaqlarımız azad olar, xalqımız sevinər. Allah hər birimizə ömür versin, Qarabağımız azad olunsun və belə bir çəkilişi gedib orda edək. Şəhidlərimizin ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xalqımızın başı uca olsun. Xalqımızın ən böyük arzusu qələbə günü görməkdir. İnşallah, qələbə gününü Qarabağda qeyd edərik”.
Ardınca ATXƏM-nin sədri bildirib ki, yaxın günlərdə "Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyəsi” mövzusunda yazı müsabiqəsi elan ediləcək: "Bu müsabiqə Azərbaycan Mətbuat Şurası və ATXƏM tərəfindən birgə təşkil olunacaq. Müsabiqəni 1-2 günə elan edəcəyik. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü isə müsabiqəyə yekun vurulacaq. Müsabiqədə nəzərdə tutulan mövzulardan biri şəhid Murad Mirzəyev haqqında olacaq. Müsabiqədə ən yaxşı yazılara görə mükafatlar təqdim olunacaq”.
Təşkilat sədri onu da vurğulayıb ki, M.Mirzəyevin təhsil aldığı məktəbdə də eyni mövzuda layihə həyata keçiriləcək: "Gələcəkdə isə şəhidimizin doğulduğu ərazidə və ya rayonda adının əbədiləşdirilməsinə dair dövlət tərəfindən addımlar atıla bilər. Bu artıq dövlət səviyyəsində həll olunmalı işdir. Məsələni ictimailəşdirməkdə məqsədimiz odur ki, böyük döyüş rəşadətləri göstərərək şəhid olan oğullarımızın təbliğatı aparılsın. Gənclərin vətənpərvərlik ruhuna müsbət təsir göstərən tədbirlər keçirmək istəyirik. Hər halda ATXƏM olaraq biz bununla bağlı müvafiq qurumlara müraciət edəcəyik. Onu da deyim ki, ATXƏM bundan sonra da şəhidlərimizin, həmçinin, gənclər arasında sağlam hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində geniş təbliğatını davam etdirəcək”.
Qurum sədrinin sözlərinə görə, aprel hadisələrindən sonra minlərlə gəncin "Şəhidlər ölməz, vətən bölünməz” şüarı ilə meydanlara axışması qəhrəmanlarımızın şərəfli ömürlərinin üstünə ikinci bir şərəf də gətirdi: "Şəhidlər ölmür. Tarix durduqca onlar da yaşayacaqlar”.
Muradın əsl sərkərdə və zabit olduğunu söyləyən qayınatası Səlim Kərimov vurğulayıb ki, onun qanı, canı hərb işi ilə yoğrulmuşdu: "Murad övladlarını da vətənpərvər yetişdirirdi. İki yaşında uşağa üzmək öyrədirdi. Murd çox istəyirdi ki, oğlu da hərbiçi olsun. Bir daha söyləyirəm ki, Muradın qanı hərb ilə yoğrulmuşdu”.
S.Kərimov qeyd edib ki, Murad və hərbiçi dostları düşmənə ordumuzun gücünü göstərdilər: "Hər şey Ali Baş Komandanın iradəsindən asılıdır. Torpaqlarımızı azad etməyin heç bir çətinliyi yoxdur. Yalnız bir komanda lazımdır. İnanıram ki, gənclərimiz də şəhidlərimizin yolunu gedəcəklər. Ərazilərimizin azad olunması yolunda canlarını belə əsirgəməyəcəklər. Murad və onun yoldaşları sübut etdilər ki, qüdrətli ordumuz var. Murad qanına, sümüyünə qədər hərbiçi idi. Ulu öndərin istədiyi zabitlərdən idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. Muradla fəxr edirik. Sağ olsun Ali Baş Komandan. Qəhrəmanımızın xidmətlərini yüksək qiymətləndirib”.
Milli Qəhrəmanımızın yaxın qohumu Əsgər Budaqov da deyib ki, M.Mirzəyev vətənpərvər oğlan idi: "Həmişə torpaqlarımızın azad olunması haqqında düşünüb. Çalışıb-vuruşmaqda məqsədi o idi ki, torpaqlarımız azad olunsun. Onu dövlətə, xalqa qulluq göstərən bir insan kimi tanımışam”.
Qəhrəmanımızın nəşini gətirən və adının çəkilməsini istəməyən hərbiçi dostu qeyd edib ki, Murad çox böyük rəşadətlər göstərib: "Onun nəşini mən gətirdim. Bədənində bir dənə də olsun güllə yarası yox idi. Snaryad qəlpələri vardı. Murad əsl "speznaz” idi. Tankın qabağından çəkilməmişdi. Heç nədən qorxusu yox idi. Onun amalı düşmənə ağır zərbələr endirib, onları məhv etmək idi. İşinin peşəkarı idi. Hərbi təhsilini Türkiyədə almışdı. Çox istedadlı, həm fiziki, həm də intellektual qabiliyyətə malik idi. Xüsusi təyinatlıların bir bir devizi var: "Öldü var, döndü yoxdur”. Murad da əsl xüsusi təyinatlı idi. Vətən sağ olsun. Bu zirvəyə yüksəlmək hər kəsə qismət olmur. Allah rəhmət eləsin. Murad getməyib. O yenə də bizim aramızdadır”.
Həmsöhbətimiz onu dilə gətirib ki, M.Mirzəyev və dostları 300-dən artıq erməni əsgərini məhv edib: "Düzdü, düşmən bunu gizlədir. Amma gözümlə görmüşəm, erməni əsgərləri yerlə-yeksan edilmişdi”. Daha sonra şəhidimizin məzarı üstünə əklillər və güllər düzüldü. Ruhuna dualar oxundu. Ardınca qəhrəmanımızın qəbir evini ziyarət edənlər M.Mirzəyevin Bakının Yasamal rayonunda keçirilən 40 mərasiminə yollandılar. Mərasim çadırında hər kəs onun xidməti boyu əldə etdiyi orden, medallar, hərbi geyimlər, diplomlar və hərbi geyimdəki fotoşəkilləri ilə tanış oldu. Şəhidimizin geyim formaları, orden və medallarla xatirə şəkli çəkdirildi. Elə bu əsnada şəhidimizin bibisi Leyla Səlimova "qəhrəman balam” deyə-deyə zala daxil oldu və M.Mirzəyevlə bağlı xatirələrindən danışdı: "Qardaşım oğludur. Çox gözəl oğlan idi. Heç bir nalayiq hərəkətə yol verməzdi. Namaz qılırdı. İbadət edirdi. Quran oxuyurdu. Oruc tuturdu. Özündən böyüyə hörmət, kiçiyə isə rəğbət bəsləyirdi. Nənəsi Murada deyirdi ki, sən general olcaqsan. Murad da general olacağını söz vermişdi. Nə edək, qismət. Murad bizim gözümüzdə onsuz da generaldı. Bir dəfə bizə gəldi. Dedi ki, bibi darıxma, nənənin dediyi kimi, general olacam və onda səni də götürüb gəzməyə aparacam. Yadımdan çıxmır, nəvəmin toyunda mənim başıma fırlana-fırlana oynayırdı”.
Milli qəhrəmanımızın dayısı da bizimlə Muradla bağlı xatirələrini bölüşüb: "Axırıncı dəfə mənə mart ayının 18 də zəng vumuşdu. Dedi az qalıb məzuniyyətə çıxacam. Amma alınmadı. Murad mənim qucağımda böyüyüb. Onu 4-cü sinifdə oxuyanda karate məktəbinə mən qoymuşdum. Bu bizim birinci şəhidimiz deyil. Qardaşım oğlu Azər də Qarabağ savaşında döyüşüb. 24 ildir yoxdu. Nə ölüsü tapılır, nə də dirisi. Mənim öz oğlum da hərbiçidir. O da Muradın yolunu gedir. Hazırda düşmənlə üzbəüz postlarda leytenant kimi xidmət göstərir. Dünən mənə zəng edib ki, ata, Muradın dayandığı postdayam. Bir sözlə, Murad qürur mənbəyimizdir. Fəxr edirik. Vətən sağ olsun”.
Şəhidin sinif yoldaşı Hacı Arif də M.Mirzəyevin çox ləyaqətli və qorxmaz insan olduğunu deyib: "Murad həm də sirr saxlayan adam idi. Heç vaxt, heç kimə işi barədə bir söz belə demirdi. Həmişə işi barədə sual verəndə deyirdi ki, bu, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələdir, ona görə də cavab verə bilmərəm. İki kəlməsindən biri Vətən idi. Murad dünyaya qəhrəman kimi göz açmışdı, qəhrəman kimi də dünyadan köçdü. Xarakter baxımından sakit təbiətli, mərifətli, qanacaqlı insan idi. Amma çox möhkəm iradəsi, dözümü vardı. Ailəsinə, dostlarına çox bağlı idi. Murad qardaşım daxil olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”.
Ayyət Əhməd