Orta təhsili belə olmayanlar bələdiyyələri təmsil edir

Məhərrəm Zülfüqarlı: "Tam məsuliyyətimlə deyirəm ki, barelyefin səhv yazılması bələdiyyələrin siyasi savadsızlığından irəli gəlir"



Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evinin qarşısına yerləşdirilən barelyefdəki səhvlər aradan qaldırılıb, lakin lövhənin son halı da cəmiyyətdə etiraz doğurub. Barelyefdə "Azərbaycan Dövlət Cümhuriyyətinin Rəhbəri”, "Milli Müsavat Partiyasının banisi” sözləri çıxarılıb, "Məmmədəmin Rəsulzadə” adı isə "Məhəmməd Əmin Rəsulzadə” formasında düzəldilib. Yeni barelyefdə, sadəcə, "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsinin qeyd olunması da ictimaiyyətin narazılığına səbəb olub. M.Ə.Rəsulzadənin sıradan biri olmadığını qeyd edən ziyalıların fikrincə, barelyefdə ən azından Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu kimi sözlərdən biri yazılmalı idi.

Abşeron rayonunun Novxanı qəsəbəsi bələdiyyəsinin sədri Şahin Tağıyev görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin barelyefi ilə bağlı iradlara münasibət bildirib. O, "Report”a açıqlamasında bu məsələnin mübahisəli olduğunu qeyd edib:

 "Yeni barelyef hazırlanarkən bir neçə nəfərlə məsləhətləşmişik. Bir neçə mənbədən dəqiqləşmə apardım, hərə bir söz dedi. Biri dedi ki, "Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə "Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də dedi ki, "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur. Hamı bilir ki, bu şəxs kimdir... Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nəsə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı...”.

Ş.Tağıyev deyib ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı məlumat əvvəlki barelyefdə də səhv olub: 

"Oğurlanan barelyefdə də yanlış yazılmışdı. Həmin barelyefdə "Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının yaradıcısı” qeyd olunmuşdu. Belə deyil axı. Guya əvvəl gəlib baxmışdılar ki, yanlış və ya doğru yazılıb? Bəlkə oğurlanmasaydı, müzakirə olunmayacaqdı... O barelyef AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən qoyulmuşdu”.
Bu cür laqeyd münasibəti Rəsulzadənin xatirəsinə hörmətsizlik kimi dəyərləndirən ziyalılardan biri də tarixçi-alim Məhərrəm Zülfüqarlıdır. 

Onun "Şərq”ə açıqlamasına görə, Rəsulzadənin barelyefi ətrafında baş verən xoşagəlməz hadisələr bələdiyyələrin siyasi savadsızlığından irəli gəlir:

 "Azərbaycanda bələdiyyələrin çox az səlahiyyəti var. Onların fəaliyyəti o qədər məhduddur ki, səlahiyyətləri çatan işlərin həllində belə fəallıq göstərə, ortaya bir iş çıxara bilmirlər. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadəyə münasibətdə onlardan təqdirəlayiq nəticə gözləmək əbəsdir. 

Tam məsuliyyətimlə deyirəm ki, barelyefin səhv yazılması bələdiyyələrin siyasi savadsızlığından irəli gəlir. Bələdiyyə sistemində təmsil olunan şəxslərin əksəriyyəti təsadüfi adamlardır. Onlar haradan bilsin ki, Rəsulzadə kimdir, necə fəaliyyət göstərib, bu millət, dövlət üçün nə iş görüb”.

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanın seçkili qurumlarında milli qüvvələr, tariximizi yaxşı bilən insanlar təmsil olunmalıdır. Ancaq bu yolla biz sözügedən qurumların inkişafına nail ola bilərik: 

"Orta təhsili belə olmayan şəxslər bələdiyyələri təmsil edir və onların bəlasını da biz çəkirik. Qaldı ki, barelyefdə Məhəmməd Əmin Rəsulzadənin adının önünə nə yazılır, yazılsın. O, tarixdə öz rolunu oynayıb və adını xalqın ürəyinə silinməz izlərlə yazdırıb. Gec-tez haqq-ədalət bərpa olunacaq və həmin bələdiyyə öz səhvini düzəldəcək”.

Şəymən