Ötən il uğurlu olub
Prezident 2015-ci ildə görüləcək işlərdən danışıb
Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı
"Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı”, - deyən Prezident İlham Əliyev müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birliyin olduğunu diqqətə çatdırıb. Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən Prezident 2014-cü ildə inflyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söyləyib. Prezident qeyd edib ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub ki, onun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabit qalıb və valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları keçib. 2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən cənab İlham Əliyev bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirib. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını bildirən dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, "ASAN xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulayıb.
Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyib. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib.
"Azərbaycan dünyada böyük hörmətə malikdir”, - deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən Prezident İlham Əliyev deyib ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.
2015-ci ildə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq
Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə edib. Ölkə başçısı vurğulayıb ki, düşünülmüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir. Prezident 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə də toxunub. Bildirib ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır.
Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq
Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini də diqqətə çatdırıb. "Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir. Prezident Azərbaycanın Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrildiyini bildirib. Dövlət başçısı deyib ki, "Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol daha da artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmayıb ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, "Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcəkdir”.
2015-ci ildə gücümüzü göstərəcəyik
Ölkə rəhbəri bəyan edib ki, 2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Prezident deyib ki, ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir: "Biz daha da güclü oluruq, Ermənistan isə daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək. 2015-ci ildə gücümüzü göstərəcəyik. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz”. Həqiqətən də 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaq. Çünki bu müddət ərzində Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilib. İqtisadi və sosial proqramlar icra olunub. Azərbaycan daim müstəqillik, inkişaf yolu ilə gedib. Ölkəmizin apardığı daxili və xarici siyasət xalq tərəfindən dəstəklənir. Bu uğurun təməlində isə son illərdə aparılan siyasət dayanır. Bu illər ərzində pensiyalar, maaşlar, əhalinin pul gəlirləri artıb. İqtisadiyyata böyük həcmdə investisiya qoyulub.
Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatları var
Manatın sabit olması insanların rifah halının yaxşılaşmasına xidmət göstərib, nəticədə əhalinin alıcılıq qabiliyyəti artıb. Hazırda Azərbaycanın 50 milyard dollardan çox valyuta ehtiyatları var. Biz həm valyuta ehtiyatlarımızı ildən-ilə artırır, həm də ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edərək iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir.
400 min insana ünvanlı sosial yardım verilir
Biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Sosial sahə də daim prioritetdir və bu il də prioritet olaraq qalacaq. Ötən ildə sosial obyektlərin inşası uğurla təmin edilib, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Əməkhaqqı, pensiyalar artıb. İndi Azərbaycanda orta aylıq əməkhaqqı 600 dollara yaxınlaşıb. Hazırda 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir. Bu gün Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, işsizlik isə 5 faizdən də aşağıdır.
Eyni zamanda keçən il ölkədə "sənaye ili” elan edilib və 230-dan çox sənaye müəssisəsi yaradılıb. 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Keçən il bir neçə iri layihə icra edilib. Heydər Əliyev Beynəlxalq Aeroportu yenidən qurulub, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminal, Şəmkirçay su anbarı, "Norm” sement zavodu və s. nəhəng obyektlər istifadəyə verilib. Belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalıdır. Nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək.
Keçən il ikinci peykimiz orbitə buraxılıb. Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan islahatlar içərisində "ASAN xidmət” ön planda dayanır. Artıq 7 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. İki il ərzində 3 milyon 500 min müraciət olub. Orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir. Xidmət cəmiyyət tərəfindən də çox müsbət qarşılanır. Çünki bu xidmət yenilik və rahatlıq gətirib, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb. Bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin.
Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır
Hər il olduğu kimi 2014-cü il Azərbaycanın beynəlxalq əlaqələri xüsusilə daha da güclənib. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparıb və aparır. Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir. Etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr qatıb. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Ancaq təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilir, ölkəmizə müxtəlif üsullarla təzyiq edilməyə çalışılır. Cənab Prezidentimiz qətiyyətlə bəyan edir ki, heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz: "Əgər kimsə hesab edirsə ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir. Bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Cənab Prezidentin bəyan etdiyi kimi 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanda çox böyük işlər görülüb. Ancaq təəssüflər olsun ki, Ermənistan danışıqlar prosesində imitasiya taktikasını seçib. Çünki işğalçı dövlət sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasın. Əgər status-kvo qəbuledilməzdirsə, onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməli və məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Bəyanat verilir, onun arxasında iş görülmür. Bu da riyakarlığın bir növüdür. Bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atdı. Hər dəfə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi.
Məktəb, xəstəxana tikintisi davam etdiriləcək
2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi də prioritet məsələ olacaq. Ümumiyyətlə, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə icra ediləcək. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi və s. proqramlar təmin olunacaq. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra olunacaq. Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu, infrastruktur layihələri və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız vaxtında müəyyən olunmuş və uğurla icra edilir. Qısacası, ölkəmiz siyasi və iqtisadi uğurlarını və inkişafını növbəti ildə də bütün gücü ilə davam etdirəcək.
İsmayıl