Övladlığa verilən uşaqlar...

Ola bilər ki, kimsə körpələri götürüb dilənçiliyə cəlb etsin



Azərbaycanda 2015-ci ildə 805 uşaq övladlığa verilib. Onlardan 375 nəfəri qızdır. Bu barədə dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ötən il 1 yaşa qədər 166 uşaq (onlardan 85-i qız), 1-5 yaş arası 360 uşaq (onlardan 165-i qız), 6-10 yaş arası 176 uşaq (onlardan 79-u qız), 11-18 yaş arası 103 uşaq (onlardan 46-sı qız) övladlığa verilib. Bundan başqa, qurumdan deyilib ki, keçən il 9 nəfər əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 2-si qızdır.

Bunun çox ciddi narahatlıqlar doğurduğunu deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, bunlar çox əhəmiyyətli rəqəmlərdir. Onun sözlərinə görə, mövcud vəziyyət qız uşaqlarından imtinadan irəli gəlir: "Bu da onu göstərir ki, Azərbaycanda qız uşaqları arzuolunan deyil. Ümumiyyətlə, qız və oğlan olmasından asılı olmayaraq övladlığa verilənlər imtina edilmiş uşaqlardır. Müşahidə etsək görərik ki, imtina edilən qız uşaqlarının sayı ilbəil artmağa başlayır. Bu da bizi düşünməyə vadar edir. Bu statistik rəqəmlər uzlaşdırılmalı və mövcud halın azaldılması üçün hökumət səviyyəsində addımlar atılmalıdır”. Əcnəbilərə verilən uşaqlara gəlincə, M.Zeynalova söyləyib ki, bununla bağlı monitorinq qrupu mövcuddur: "Həmin qrup əcnəbi vətəndaşlara verilən uşaqları müəyyən dövr ərzində monitorinq edirlər. Əslində belə olmalı deyil. Xüsusi sosial xidmət mərkəzi yaradılmalıdır. Onlar övladlığa verilən uşaqların hər ay və ya üç aydan bir vəziyyətlərinin qiymətləndirilməsini aparmalıdırlar. Qiymətləndirmə zamanı övladlığa verilən uşağın
vəziyyətinin saxlanma qaydalarını, ailənin ona münasibətini, uşağın istismara cəlb edilib-edilmədiyini və s. məsələlərə nəzarətə götürülməlidir. Ola bilər ki, kimsə körpələri götürüb dilənçiliyə cəlb etsin və yaxud da qucağında tutub dilənsin. Həmin monitorinq formal olmalı deyil. Monitorinq qiymətləndirməsini açıqlamalıdır. Mətbuata açıqlama verməlidirlər. Belə olan halda övladlığa verilən uşaqların taleyindən nigaran qalmayacağıq. Camaatda belə suallar yaranmayacaq və narahatlıqlara son qoyulacaq. Lakin indiki halda ictimaiyyətdə kifayət qədər suallar və narahatlıqlar mövcuddur. Biz bu qrupun fəaliyyətindən xəbərsizik”. M.Zeynalova diqqətə çatdırıb ki, imtina edilən uşaqların qəbulu zamanı səbəblər öyrənilməlidir: "Onlar da hesab verməlidirlər. Səbəbi açıqlamalıdırlar. Yəni uşağın nikahdan kənar dünyaya gəlməsi və yaxud qız uşağı olduğuna görə imtina edilməsi və s. səbəblər müəyyənləşməlidir. Statistikanı aparıb məlumat vermək lazımdır”.

Ayyət Əhməd