Anar Qədirli: “Səhiyyə Nazirliyi özəl tibbi klinika rəhbərlərini toplayıb qiymətlərin aşağı salınması ilə bağlı tövsiyə verə bilməz”
Şəmsiyyə Namazova: “İnsanların üz tutduğu və seçdikləri həkimlərin kimliyindən asılı olaraq qiymətlər dəyişir”
Respublikada fəaliyyət göstərən özəl tibbi klinikaların, xəstəxanaların müayinə və cərrahiyyə əməliyyatlarının qiymətləri sürətlə artır. Belə ki, özəl klinikalarda adi el arasında burunda və boğazda "artıq ət” adlandırılan əməliyyatın qiyməti 600-1200 manat arası dəyişir. Səhiyyə Nazirliyi və tibbi ekspertlər bunun qarşısının alınmasına cəhdin qanun pozuntusu olduğunu söyləyir və azad sahibkarlıq fəaliyyətinə zidd kimi dəyərləndirirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli "Şərq”ə özəl klinikalardakı müayinə və əməliyyat qiymətlərinin nazirlik tərəfindən tənzimlənmədiyini bildirdi: "Bu, nazirliyin səlahiyyətləri çərçivəsində deyil və azad bazar iqtisadiyyatına uyğun olaraq qiymətlər tənzimlənir. Yəqin özəl klinikalarda əməliyyat olunmaq istəyənlər var ki, belə qiymətlər təyin olunub”.
A.Qədirlinin fikrincə, belə klinikalardakı qiymət siyasətini müəyyənləşdirən dövlət orqanının olması qeyri-qanuni olardı: "Məsələn, SN özəl tibbi klinika rəhbərlərini toplayıb qiymətlərin aşağı salınması ilə bağlı tövsiyə verə bilməz. Həm də bu, müdaxilə kimi qiymətləndirilə bilər. Nazirlik yalnız özəl kilinika və mərkəzlərin fəaliyyətinin lisenziyalaşdırılmasına və standartlara uyğunluğuna nəzarət edir”.
Özəl tibb mərkəzlərinin birində çalışan tibb elmləri doktoru Şəmsiyyə Namazova təklif edir ki, bütün özəl klinikalarda qiymətlər balanslaşdırılmış şəkildə olsun: "Bütün klinikalardakı müayinə, müalicə və asan həyata keçirilən cərrahi əməliyyatların qiymətləri demək olar eynidir, cüzi fərqlər var. Məsələn, endoskapik (ağrısız) öd kisəsindən daşın çıxarılması əməliyyatının qiyməti bizdə və digər özəl klinikalarda eynidir”.
Lakin Ş.Namazova digər mürəkkəb və çətin həyata keçirilən əməliyyat və müayinələrin dünyanın hər yerində olduğu kimi respublikada da fərqli qiymətlərlə edilə biləcəyini istisna etməyib: "Aşağı ətrafların damarların dopleri, arteria və venaların müayinəsi çalışdığım özəl tibb mərkəzində 50 manatdır. Türkiyənin özəl klinikalarında isə bu qiymət 500 avro təşkil edir. Nəticədə xaricdən dəvət edilən mütəxəssisin etdiyi əməliyyatın qiyməti fərqli olacaq”.
Tibbi ekspert özəl tibb klinikalarının müstəqil qiymət siyasəti apara biləcəyini də fikirlərinə əlavə edib: "Özəl klinikalar adından da məlum olduğu kimi şəxsi təşkilatdır. Dövlət büdcəsindən maliyyələşmir. Tətbiq edilən qiymətlərdə klinikanın xərcləri və əməliyyatı aparan həkimlərin əməkhaqqı nəzərə alınır. Həmçinin həkimin peşəkarlığı, doktorluq dərəcəsi də qiymətlərə təsir edir. Çünki elə cərrah və həkimlər var ki, onlar yüksək məbləğə müalicə, müayinə və əməliyyat edirlər. Həmçinin insanlar daha çox peşəkar və etibar edə biləcəyi həkimlərin onları müayinə və əməliyyat etməsini istəyirlər. Nəticədə insanların üz tutduğu və seçdikləri həkimlərin kimliyindən asılı olaraq qiymətlər dəyişir”.
Vüqar Şahinoğlu