"Özümüzə arxayın olmalıyıq ki, güneylilər gözünü bizə diksin" - Şərh





"Rusiya əl altından, İran vasitəsilə Ermənistana yardım göstərir. Çünki birbaşa kömək göstərdikdə Azərbaycanda etirazla qarşılanır. Bu səbəbdən bir qədər taktikanı dəyişib”.

Bunu Sherg.az-a Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfərini və ümumən, İran-Ermənistan əlaqələrini şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib. 

O bildirib ki, bu dövlətlərin əlaqələrinin dərin kökləri var. Çünki Ermənistanda olan ermənilər hamının bildiyi kimi Gülüstan və Türkmənçay müqaviləsindən sonra İran və digər müsəlman ölkələrindən köçürülüblər:

"Həmin ərazilərdə yaşayan və hazırkı Ermənistana köçürülən ermənilər bir mənada fars əsillidir. Bu da məlum faktdır ki, İran qaraçıları ilə ermənilərin qarışığından yarananlar var. Bütün bunların fonunda ermənilər və farsların yaxınlıq əlaqələri tarixi və siyasi əhəmiyyəti ilə seçilir. İranın Ermənistanla münasibətlərinin son zamanlar yenidən gündəmə gəlməsi, Azərbaycan ABŞ münasibətləri ilə də əlaqədardır. Bütün əlaqələrə baxmayaraq, İran Ermənistana ciddi kömək edə bilməyəcək. Onlar çəkiləsi dəmir yolundan da imtina etdilər və İran layihəni maliyyələşdirməkdən imtina etdi. Ermənistan hər zaman olduğu kimi özünü blokadaya saldığı vəziyyətdə qalacaq. Nəzərə alsaq ki, ilin sonuna qədər Bakı-Qars dəmir yolu istifadəyə veriləcək. Dəmir yolunun açılması ilə Ermənistan tərəfindən blokadaya salınmış Naxçıvan da blokadadan çıxacaq. Çünki Azərbaycan o yolun Naxçıvana da çəkilməsini istəyir”.

Bütün bunlardan əlavə, İranın Ermənistana yaxınlaşmasını ABŞ-ın 2008-ci ildə gündəmə gətirilən layihəsi ilə əlaqədar olduğunu da diqqətə çatdıran C. Nuriyev həmin proqramın mahiyyətindən danışıb:

"1997-ci ildə qəbul olunan Amerikanın "2025-ci ilə qədər Yeni Dünya Düzəni” proqramında İranın 5 yerə parçalanması məsələsi əks olunub. Bu hissələrdə Böyük Azərbaycan yaradılması ideyası da göstərilir. İran bir növ Şimal və Cənubi Azərbaycanın birləşdirilməsində Azərbaycan marağı olduğunu düşünür və Ermənistanla yaxınlıq etməklə öz aləmində bizi cəzalandırır. Əslində isə regionda həm dininə, həm təriqət xüsusiyyətinə görə İrana ən yaxın ölkə Azərbaycandır. Bununla, İran nə qazanacaq bilmirəm, amma dövlətin xislətində bu var. Bu baxımdan Şuşanın, Laçının və digər ərazilərin işğalında, 1991-ci ilin 20 noyabrında vertolyotun vurulmasında və digər hadisələrdə, işğal olunan torpaqlara sonradan narkotikin keçirilməsində maraqlı olan İranın xüsusi qüvvələri var. Bu gün də həmin qüvvələr hakimiyyətdə təmsil olunurlar. Ona görə, işğal olunmuş ərazilər həmin dövlətlərin siyasətlərini yürütməsi, guya Azərbaycanı əldə saxlaya bilmələri üçün vasitədir. Bu səbəbdən belə məsələlər bundan sonra da davam edəcək. Ümumən isə cənubi azərbaycanlıları çox da siyasətə daxil etməklə bir şey əldə etməyəcəyik. Biz dövlət kimi özümüzə arxayın olmalıyıq ki, onlar bizə gözünü diksin”.

Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib.

 Ayyət Əhməd