“Pambıq neftə alternativ kimi çıxış edə bilər”

Oqtay Haqverdiyev: “Xammal kimi satılacaqsa, qəpik-quruş qazanacağıq”



"İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb. Bu, təbiidir. Neftin qiyməti 3-4 dəfə düşürsə, demək, gəlir də 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur. Çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur.

Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi və s. məsələlərə kompleks şəkildə yanaşılır: "Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir. İndi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaq”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev də "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan pambıqdan böyük məbləğdə gəlir əldə edə bilər: "Bizdə pambıq əvvəllər də istehsal olunurdu. Amma məsələ budur ki, biz onu son məhsula gətirib çatdırmırıq. Pambığı son məhsula gətirib çıxartsaq, yəni ondan geyim əşyaları hazırlansa, daha yaxşı gəlir götürərik. Pambığı sadəcə xammal kimi satacağıqsa, bunun heç bir effekti, xeyri olmayacaq”.

Ekspertin sözlərinə görə, ölkəmizdə pambığın becərilməsi üçün ciddi potensial var: "Münbit torpaq, işçi qüvvəsi və su var. Bunu vaxtilə etmişdik. İndi belə bir vəzifə qoyublar ki, 50 min hektar pambıq əkilsin. Vaxtilə biz 250 min hektar pambıq əkirdik. İndi əlbəttə ki, ona gəlib çatmaq üçün illər lazımdır. Həm investisiya, həm də torpaq islahatları aparılmalıdır. Yenə deyirəm ki, pambıqdan son məshula qədər istifadə edilsə, yaxşı qazanc əldə etmək mümkündür. Pambığı son məhsula çatdırmaq birinci şərtdir”.

O.Haqverdiyevin qənaətincə, pambıq son məhsuluna gətirilsə, neftə alternativ kimi çıxış edə bilər: "Amma buna uzunmüddətli proses lazımdır. Xammal kimi satılacaqsa, qəpik-quruş qazanacağıq”.

İqtisadçı onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyində (KTN) pambıqçılığın inkişafına dair proqram hazırlanır: "Fabrik-zavodlar tikib, o xammaldan geyim əşyaları üçün istifadə olunsa, daha yaxşı gəlir əldə oluna bilər. Xeyri çox olacaq. Xüsusilə burada yalnız kənd təsərrüfatı ilə məşğul olan insanlar deyil, fabrik və zavodlar da gəlir əldə edəcəklər. Həm də yeni iş yerləri açılacaq”.

Ayyət Əhməd