Cümşüd Nuriyev: “Onu Bakıya buraxmaq olmaz”
Papanın açıqlamasının cavabı verilməlidir
Sahib Alıyev: “Papa həzrətləri anlamalıdır ki, Dağlıq Qarabağ bizim gözümüzdə Vatikanın onun üçün olduğundan 10 min dəfə qiymətli və əzizdir”
Cümşüd Nuriyev: “Onu Bakıya buraxmaq olmaz”
Cümşüd Nuriyev: “Onu Bakıya buraxmaq olmaz”
Bu yaxınlarda Ermənistana səfər edən Roma Papası Fransisk Türkiyə ilə Ermənistanı yenidən barışığa səsləyib. O, Ermənistan və Türkiyə tərəflərinə intiqam hissindən uzaq durmağı tövsiyə edib: "Bu iki ölkənin yaxınlaşması, Dağlıq Qarabağ münaqişəsinin həllinə güzgü tuta bilər”. Bundan başqa, Roma Papası Fransua Ermənistana səfər edib. O, səfər çərçivəsində qondarma soyqırım qurbanlarına qoyulan abidəni ziyarət edib, 1915-ci il hadisələrini "soyqırım” adlandırıb.
Osmanlı imperiyasını qəddarlıqda ittiham edən Roma Papası anti-türk bəyanatları ilə Ermənistanı artıqlaması ilə məmnun edib. Eyni zamanda Ermənistana səfərini yekunlaşdıran Roma Papası Fransisk ilginc açıqlama ilə çıxış edib. O, Azərbaycan və Ermənistanı "kiçik torpaq sahəsinə görə” mübarizə aparmamağa, sülh bağlamağa çağırıb: "Mən azərbaycanlılara Ermənistanda gördüyüm həqiqətlər haqda danışacağam, o haqda ki, onları hiss etmişəm, habelə onları ruhlandıracağam. Mən onlara bunları deyəcəyəm: kiçik torpaq parçasına görə (Dağlıq Qarabağı nəzərdə tutur-red.) sülhü bərqərar etməmək-bunda möhtəşəm heç nə yoxdur, axı bu o deməkdir ki, nəsə qaranlıqdır, elə deyilmi? Lakin mən bütün azərbaycanlılara və ermənilərə deyirəm ki, bəlkə onlar sülhün əldə edilməsi məsələsində razılığa gələ bilmirlər və bunun üzərində işləmək lazımdır. Bilmirəm, daha nə demək olar... İndiki məqamda bu mənim ürəyimdən gəlir - həmişə irəliyə aparan müsbət həll tapmağa cəhd etmişəm”.
Papanın çağırşlarına münasibət bildirən millət vəkili Sahib Alıyev söyləyib ki, onun barış elçisi kimi çıxış etməsi, əlbəttə, alqışlanmalıdır. Ancaq Papa həzrətləri də bilməmiş deyil ki, bunun üçün düşmən ordusu "kiçik bir torpaq parçası” adlandırılan Dağlıq Qarabağ və digər 7 rayonumuzu tərk etməlidir: "Ermənistanda olanda o elə bir çağırışda bulundumu? Yox, bulunmadı. Haylar necə, həmin torpaqları boşaldacaqlarını dedilərmi? Yox, demədilər. Elə isə hansı barışıqdan söhbət gedə bilər. Ola bilər ki, Roma Papasına ermənilərin zəbt etdikləri "kiçik torpaq parçası” kimi görünür. Ancaq hələ 7 rayonu demirik, təkcə Dağlıq Qarabağın sahəsi (4,4 min kv.km) onun başında durduğu Vatikan dövlətinin sahəsindən (0,44min kv.km) 10 min dəfə böyükdür. Əgər ölçü məntiqiylə yanaşsaq, onda Papa həzrətləri anlamalıdır ki, Dağlıq Qarabağ bizim gözümüzdə Vatikanın onun üçün olduğundan 10 min dəfə qiymətli və əzizdir”.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev isə Roma Papasının bu açıqlamasının Azərbaycan dövləti və xalqı üçün təhqir olduğunu vurğulayıb: "Əvvəla, Roma Papasının bu işlərə qarışmağa ixtiyarı yoxdur. Beynəlxalq hüquqa görə hər bir dövlət öz ərazi bütövlüyünü qorumaq hüququna malikdir. Ikincisi, Azərbaycan 1992-ci ilin mart ayında BMT-yə üzv olub. Vatikan da teokratik dövlət olsa da, oranın üzvüdür. Bir dövlətin başçısının başqa bir dövlətin ərazisini kiməsə peşkəş eləmək iddiasını irəli sürməsi iki cür dəyərləndirilə bilər. Bu ya dəlilikdir, ya da bu adam təxribatçıdır. Bunun ayrı adı yoxdur. Axı o, kimdir ki, bu tip məsələlərə qarışır? Vatikan teokratik dövlət olduğu üçün yalnız dini məsələləri müzakirə edə bilər. Azərbaycan multikultural dövlətdir. Bakıda katolik kilsəsi üçün hər cür şərait yaradılıb. Vatikanda necə, müsəlmanlar üçün məscid tikilməyə icazə varmı? Yəhudilərin bir sinaqoqu var? Yoxdur. Fransiskdən bunu gözləyirdim. Çünki Argentina ermənilərin güclü olduğu bir dövlətdir. Roma Papasının ətrafında da çoxlu erməni var. Mənə bir şey aydın olmadı. Necə oldu ki, "Mir” telekanalı iki gün ardıcıl canlı yayımla İrəvandan onun çıxışını, erməni kilsəsi patriarxının çıxışını verir, orada türk dünyasının, Azərbaycanın əleyhinə fikirlər səslənir. Azərbaycan XİN-i isə buna susqun qalır. Biz həmişə gözləyirik ki, hadisələr olsun bitsin, sonra ona qiymət verək. Vatikanın Azərbaycanda nümayəndəliyi var. Azərbaycan XİN-i Vatikana nota verməli idi. Niyə vermədi, bilmirəm. Türkiyə də nota verməli idi, onun da susqunluğunu anlamıram. Bəlkə də verəcək.
Azərbaycan Vatikan üçün nələr eləməyib. Vatikanda katakombaları Heydər Əliyev Fondu təmir elətdirdi, onların kitabxanasında da böyük işlər görüldü. Bütün bunların qarşılığında Azərbaycanın ən dilbər guşəsini ermənilərə pay etmək istəyi nə deməkdir? Azərbaycan ərazisinin 29 min kv kilometri Ermənistana bir verilib. Digər ərazilər də verilib. Ermənilər 9 min kv km ərazini pulla almışdılar. Qalanlarını isə Azərbaycan torpaqları hesabına əldə ediblər. İndi bir dənə Fransisk çatmırdı? Fransisk getsin faşistliyini başqa yerdə eləsin. O adam açıq şəkildə Azərbaycan xalqını təhqir edib. Onu Azərbaycana kim dəvət edib, bilmirəm. Amma o, Azərbaycana gələndə, gərək böyük etirazla qarşılana. Torpaqdan paymı olur? Azərbaycan Prezidenti dəfələrlə elan edib ki, torpaqdan pay olmaz. O, Azərbaycan dövlətinin siyasətinin əleyhinə çıxış edir. O, "persona non grant” elan edilməlidir. Onu Bakıya buraxmaq olmaz”.
Ayyət Əhməd