Parisi “dərviş” partlatdı?
Artıq bir çox Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyasına başlanılıb
Bir qrup terrorçunun dünyaya islam adı ilə nümayiş etdirdikləri vəhşiliklər islam düşmənlərinin gözlədiyi effekti verdi. "Əl-Qaidə”nin, "Hizbullah”ın, "Taliban”ın və son olaraq "İŞİD”in törətdiyi qanlı cinayətlər Qərb dünyasında, xüsusilə Avropada yeni islamafobiya dalğasının yaranmasına səbəb oldu. Əslində, Avropada islamafobiya İŞİD-in fəaliyyətindən deyil, İsrail-Fələstin qarşıdurmasının qanlı fazaya keçməsindən "ilham” alıb. Çünki İsrailin təcavüzü və minlərlə dinc fələstinlinin, qadın, uşaq və qocaların kütləvi şəkildə məhv edilməsi Avropada çoxsaylı anti-İsrail çıxışlarına, kütləvi etiraz aksiyalarına səbəb olurdu.
Qəzzada öldürülən günahsız müsəlmanların haqq səsinin Avropanın mərkəzində yüksəlməsindən xoşu gəlməyən müəyyən qüvvələr nüfuz və təsir imkanlarından istifadə edərək Avropa cəmiyyəti və kütləvi informasiya vasitələrində yeni islamafobiya dalğasına start verdilər. Fransanın paytaxtı Paris şəhərində "Charlie Hebdo” jurnalına edilən hücumdan sonra isə Avropada islamafobiya özünün pik nöqtəsinə çatdı. Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq islam əleyhinə aksiyalara qatıldı. Aksiyaçılar Avropada müsəlmanların artmasından narahat olduqlarını və dövlətin miqrasiya siyasətini sərtləşdirməsi tələbi ilə çıxış etdilər.
Avropa ölkələrində müsəlmanlar əleyhinə planlar hazırlanır
Fransadakı hadisədən sonra İspaniya hökumətinin hazırladığı yeni qanun layihəsi də anti-islam siyasətinin bir parçası kimi dəyərləndirilir. "Cihadçılara qarşı şok plan” başlığı altında hazırlanan layihədə qonşular, müəllimlər və hətta həkimlər belə, ətrafında gördüyü, təhsil verdiyi və ya müayinə etdiyi dindarları ən yaxın polis idarəsinə xərəb verəcəklər. Bu adamlar eyni zamanda detektor funksiyası yerinə yetirəcək və ətrafındakı gənc müsəlmanların "terrorçu” olub-olmadığı barədə qərar çıxaracaqlar. Deməli, İspaniyada yaşayan təxminən 1 milyon 500 min müsəlman töhmət və nəzarət altında qalacaq. Fransada keçirilən yürüş də islam ölkələrində birmənalı qarşılanmayıb. Müsəlmanlar bunun terrora qarşı deyil, islama qarşı təşkil edildiyini bildiriblər. Çünki indiyə kimi dünyada baş vermiş heç bir terror hadisəsinə görə bu cür dünya səviyyəli marş təşkil edilməyib. Hətta Amerikada məşhur əkiz qüllələrə qarşı edilmiş və minlərlə insanın ölümünə səbəb olmuş 11 sentyabr terror hücumuna görə də bu cür irimiqyaslı beynəlxalq tədbir təşkil edilməyib. Nəticədə söz azadlığına dəstək adı altında keçirilmiş 11 yanvar yürüşü islam peyğəmbərini, həmçinin digər dinlərin müqəddəslərini təhqir edənlərin əl-qolunu açıb. Bütün imkanlarla müsəlman dövlətlərini radikallıqda ittiham edən Avropada 2012-ci ildən bugünədək 100-ə yaxın məscidə "molotov kokteyli” atılaraq müxtəlif dərəcədə zərər vurulub. Sadəcə, İsveçdə 2014-cü ildə məscidlərə qarşı 30 vandallıq aktı qeydə alınıb. Son illər dünyada yaranan iqtisadi böhrandan ən çox əziyyət çəkən ölkələrin Avropa İttifaqına üzv olan dövlətlər olduğu nəzərə alınsa, bəzi siyasi qüvvələrin islamafobiyadan öz maraqları naminə istifadə etdiyini söyləmək olar. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, istər islam dünyasında, istərsə də Qərbdə artan radikallığın kökündə əksər hallarda iqtisadi amillər dayanır. Sadəcə, islam dünyasından fərqli olaraq, Qərb bu amili gözəl bir şəkildə ört-basdır etməyi bacarır.
Müsəlmanlarla bağlı problemlərin ən başlıca səbəbi din amilidir
Din amilinin qabarıq şəkildə gündəmə gətirilməsi isə müsəlmanların sosial, mədəni və hüquqi problemlərini arxa plana keçirir. Demokratiya, insan haqları, tolerantlıq və sözdə "multikulturalizm” anlayışı ilə maskalanan Avropada din amilinin güclü olduğunu Türkiyə-Avropa İttifaqı münasibətləri fonunda da müşahidə etmək olar.
Müsəlmanlar əleyhinə söylənənlər isə ifadə və fikir azadlığı kimi təqdim olunur. Təəssüf ki, artan islamafobiyaya demokratiya libası biçmək istəyənlərin göz yumduğu bir məqam var. Bu da hər hansı şəxsin hüququnun digər şəxsin hüququ başladığı anda bitməsidir. Dolayısilə, islam dünyasının, müsəlmanların və ya hər hansı bir dinin müqəddəs hesab etdiyi meyarlar əsla "söz və ifadə azadlığı”na qurban edilməməlidir. Bir çox müsəlman dövlətlərinin liderləri islamafobiyanın cinayət hesab edilməsi ilə bağlı çıxış etsələr də, Qərb bu günə qədər islamafobiyanın qarşısını almaq üçün ciddi bir addım atmayıb. İslamafobiya hər nə qədər fikir və düşüncə azadlığı kimi qələmə verilsə də, heç şübhəsiz ki, radikallığın artmasına xidmət edən başlıca amildir. Təəssüf ki, Qərb islam aləmini terrorun ixracatçısı kimi qələmə verərkən, nədənsə, müsəlmanlara qarşı soyqırım siyasəti yürüdən dövlətlərə göz yumur.
"İslamafobiyanı siyasi səhnədə məğlub olan müəyyən dairələr məqsədyönlü şəkildə gündəmə gətirir”
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avropada formalaşan islamafobiyanın ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Deputatın fikrincə, Avropanın bugünkü qarışıq mühitində mədəniyyətlərin daimi əməkdaşlığı labüddür: "İmperiya müstəmləkələrinə malik olan ölkələr çox ciddi problemlərlə üzləşib. Onların keçmiş müstəmləkələrinin vətəndaşları mərkəzlərə köçür və bu halda bir sıra qarşıdurmalar yaranır. Təəssüf doğuran amil ondan ibarətdir ki, Avropada qarşıdurmalar dini müstəvidə, yəni xristianlıq və islam arasında meydana çıxır. Əslində Avropa dini problemlərlə bağlı çox keşməkeşli tarix yaşayıb. XXI əsrdə yenidən bu cür dini qarşıdurmaların yaranması və islamafobiyanın inkişaf etdirilməsi qəbuledilməzdir və olduqca təhlükəli prosesdir. Bu proses çox ağır nəticələr verə bilər. Fərqli cəmiyyətlərin və dinlərin qarşıdurması kiməsə yaxşı heç nə vəd etmir. Avropanın bugünkü qarışıq mühitində mədəniyyətlərin daimi əməkdaşlığı labüddür. Biz çox istərdik ki, Avropa cəmiyyəti Azərbaycanda olan tolerantlıq mühitindən, dinlərarası əməkdaşlıqdan və mədəniyyətlərin sivilizasiyasından bəhrələnsinlər, öyrənsinlər”. A.Mollazadənin sözlərinə görə, hansısa siyasi dairələr, ələlxüsus da siyasi səhnədə məğlub olan qüvvələr gündəmi dəyişmək niyyətindədirlər. Bu səbəbdən də islamafobiyanı ortaya ataraq fayda götürməyə çalışırlar: "Bunun ağır nəticələrindən isə sadə insanlar və sıravi müsəlmanlar əziyyət çəkirlər”.
"Avropada radikal millətçilər təşkilatlanır”
Siyasi şərhçi Qabil Hüseynli də Fransada baş verən terror aktından sonra müsəlmanlara qarşı başlayan anti-təbliğat kampaniyasını pisləyib: "Artıq bir çox Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyasına başlanılıb və bu yöndə kütləvi nümayişlər keçirilir. Müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir. Fransadakı terror aktının törədilməsində anti-müsəlman təbliğatı, xüsusilə islamafobiya böyük rol oynayıb. Təəssüflər olsun ki, Avropada sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadır. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif təzyiqlərin sayı artır. Biz XXI əsrdə müxtəlif sivilizasiyaların birlik olacağını düşünürdük. Amma görünür, müəyyən qüvvələr sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verirlər”.
"Parisdəki hadisədən sonra Avropadakı bütün müsəlmanlara terrorçu kimi baxırlar”
İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, jurnalist Elxan Həsənli də son aylar Avropada məscidlərə hücumların artdığını və Avropada islamafobiyanın gücləndiyini deyib. E.Həsənlinin
sözlərinə görə, Avropa ölkələrinin əsas problemi məhz belə ayrı-seçkilik, irqçilikdir: "Bu gün İŞİD-ə qoşulan avropalı müsəlmanları son addımı atmağa vadar edən neqativ halların içərisində islamafobiyanın rolu böyükdür. Siyasi məqsədlər üçün yaradılan terror təşkilatlarının da əsas məqsədi elə budur. Yəni islamafobiya son anda terror təşkilatlarının işinə yarayır. Onlar özlərinə Avropada və bütün dünyada tərəfdar toplayırlar. Fransada yaşanan terror hadisəsi Avropa müsəlmanlarının çiyninə ağır bir yük qoydu. İndi bütün müsəlmanlara günahkar kimi baxırlar. Bu cür cılız düşünən avropalıların sayı çoxdur. Hesab edirəm ki, bir müddət daha, yəni hadisə unudulana qədər Avropadakı müsəlmanların üzərində yanlış bir "ictimai qınaq” dalğası əsəcək”.
İsmayıl