Partiya sədri xəbərsizdir

Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxarılıb



Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxarılır. Belə ki, bu günlərdə Milli Şuranın növbəti sessiyası baş tutub. Sessiyada qurumun sədri və Koordinasiya Mərkəzinin üzvləri müəyyənləşib.

Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli yenidən qurum sədri seçilib. Koordinasiya Mərkəzinə 21 üzv seçilib. Seçilən üzvlər sırasında şuranın təsisçilərindən olan M.Mirəlioğlu yer almayıb. Bu hal isə onun toplantıya qatılmaması və şuradan ayrılması ilə əlaqələndirilir. Buna rəğmən təşkilatın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev mətbuata açıqlayıb ki, M.Mirəlioğlunun qurumdan ayrılması ilə əlaqədar rəsmi ərizəsi yoxdur: "Milli Şurada könüllülük prinsipi ilə təmsil olunurlar. Mirmahmud ağanın qurumdan ayrılması ilə bağlı heç bir müraciət yoxdur. O, Milli Şuranın dəyərli üzvlərindən biridir. Sayğılı bir insandır. Hesab edirəm ki, fəaliyyətini davam etdirəcək. Sessiyaya qatılmamaq hələ o demək deyil ki, Mirmahmud bəy fəaliyyətini dayandırıb. Ola bilər ki, onun müəyyən işi çıxıb”.

Qurumun rəhbərliyindən uzaqlaşdırılmasına dair iddiaları cavablandıran KXCP sədri bildirib ki, sözügedən sessiyadan və Koordinasiya Mərkəzinin üzvlərinin seçilməsindən xəbərsizdir: "Milli Şuranın Koordinasiya Şurasına üzv seçilməməyim məni maraqlandırmır”.

Ayyət Əhməd