Siyasi partiyaların və ictimai qurumların hər il mütəmadi auditdən keçirilməsi zəruri haldır
Azərbaycanda siyasi partiyalar, ictimai əhəmiyyətli qurumlar, fondlar və bələdiyyələr məcburi auditin subyektləri olacaqlar. Bu maddə ictimai müzakirəyə çıxarılan "Auditor fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində hesabatlar təqdim edən hüquqi şəxslər, təbii inhisar subyektlər, maliyyə-sənaye qruplar, səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər məcburi auditin subyektləri sırasında qeyd ediliblər. Məlumat üçün bildirək ki, məcburi auditdən keçməyənlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. Dəyişikliyi dəyərləndirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, məcburi audit şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizənin təmin edilməsinə yönəlik müsbət addımlardan biridir: "Qeyri-hökumət təşkilatlarının iki növü var: - ictimai birliklər və fondlar. Vaxtı ilə QHT-lər və fondlar da auditin subyektləri idilər. Amma sonradan həmin təşkilatlar audit siyahısından çıxarıldı. Çünki QHT-lər ayrıca bir qrafa formasında qəbul olunmağa başlanıldı. İndi həmin təşkilatlar yenidən auditin subyektləri olacaqlar. Siyasi partiyaların və ictimai qurumların hər il mütəmadi auditdən keçirilməsi zəruri haldır. Bu, eyni zamanda beynəlxalq sənədlərlə də üst-üstə düşən məsələdir. Çünki qurumların maliyyələşməsi ilə bağlı qanunlarda təşkilatın fəaliyyətinin şəffaflığı mühüm amil sayılır”. Hüquqşünas hesab edir ki, nəinki siyasi partiyalar, hətta ictimai əhəmiyyət daşıyan fondlar da, məcburi auditə cəlb edilməlidir: "Təbii ki, bu zaman kriteriyalar nəzərə alınmalıdır. Yəni ümumi dövriyyəsi 500 min manatdan artıq olan fondlar məcburi auditin subyekti olmalıdır”. Ə.Nuriyev vurğulayıb ki, audit məsələsi təşkilatın özü üçün də çox vacib elementdir: "Çünki audit təşkilatın bütün əskiklərini, çatışmazlıqlarını aşkara çıxardan bir vasitədir. Qurum ilk növbədə özü bundan faydalanmalıdır. Həmçinin, auditə cəlb edilmə ictimai təşkilatın etimadını da artırır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bunun yeni bir şey olmadığını deyib: "Partiyaların maliyyələşməsi haqqında qanunda təşkilatların audit məsələsi də öz əksini tapıb. Biz partiya olaraq hər il özümüz auditi dəvət edərək qurumun maliyyə xidmətini yoxladırıq. Yoxlamadan sonra audit bizə arayış verir və biz də onun müqabilində ilin sonunda hesabatımızı təqdim edirik”.
Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da hər il audit etdiklərini bəyan edib: "Bizi hökumət auditi yoxlayır. Donorlarımız da hər zaman bizdən razı qalırlar. Çünki bütün maliyyə işlərimizi audit edirik. Fikrimcə, bu, narazılıq doğuran məsələ olmamalıdır. Əgər təşkilatlar şəffaf olmaq istəyirsə, auditin olması şərtdir. Yəni qanuna edilən dəyişiklikdə audit qeyd olunsa da, olunmasa da, hesabat vermək bütün ictimai qurumların borcudur. Ən azından bunu özümüz üçün etməliyik. Amma istərdim ki, məcburi auditi təkcə siyasi partiyalara, ictimai təşkilatlara deyil, eyni zamanda dövlət qurumlarına, nazirliklərə və biznesmenlərə də tətbiq etsinlər. Zənnimcə, bu, daha ədalətli dəyişiklik olar”.
İsmayıl