Paşinyan danışıqların formatını qəbul edir

Paşinyan Əliyevlə görüşündən sonra tələsik informasiya yaydı
O, münaqişənin tənzimlənməsi istiqamətində fəallıq nümayiş etdirdiyini həm Ermənistanın daxili ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırmaq istəyir


Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüş yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ekspertlərə görə, Düşənbə və Sankt-Peterburq görüşlərinin davamı hesab edilən Davos görüşü münaqişənin həlli istiqamətində müzakirələrin intensiv xarakter daşıyacağından xəbər verir. İlk görüşlər daha çox tanışlıq və təmas xəttində atəşkəs rejiminə əməl edilməsi məsələlərinin müzakirəsinə həsr olunmuşdusa, Davos İqtisadi Forumu çərçivəsində reallaşan görüş konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirəsinə həsr olunur. Görüşdən sonra feysbuk səhifəsində bir sıra detalları açıqlayan Paşinyan da dolayısı yolla bunu etiraf edib.


Görüşdən sonra yaranmış mənzərəni "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi, DİA-nın dosenti Elşad Mirbəşiroğlu deyib ki, Davosda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüş Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ikinci görüş idi. Rusiyada baş tutan görüş tanışlıq məqsədi daşıyırdı. Ancaq ondan sonrakı iki görüşdə münaqişənin tənzimlənməsi məsələsi müzakirə edilib. 

Analitikin sözlərinə görə, Düşənbədə MDB dövlət başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşündən sonra Nikol Paşinyan görüşlə bağlı bir sıra detallar paylaşdı. O bildirdi ki, tərəflər arasında təmas xəttində atəşkəs rejiminə əməl olunması və danışıqların davam etdirilməsi ilə bağlı şifahi razılaşma əldə olunub: "Davos görüşü ilə Düşənbə görüşlərini səciyyələndirən əsas cəhət odur ki, bu görüşlərdə Paşinyanın görüşə qədərki ritorikasından əsər-əlamət qalmamışdı. Paşinyan dövlət çevrilişi ilə hakimiyyətə yiyələndiyi ilk vaxtlarda danışıqların qondarma Dağlıq Qarabağ rejiminin iştirakı ilə aparılmasının vacibliyini qeyd edirdi. 

Digər bir sərsəm fikri isə ondan ibarət idi ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Amma Düşənbədə və Davosda Paşinyan bu fikirlərin heç birini səsləndirmədi. Görüşlərin hər birində Azərbaycan tərəfi danışıqların formatını qətiyyətlə diqqətə çatdırdı. Bəyan edildi ki, danışıqlar sadəcə Azərbaycanla Ermənistan arasında aparıla bilər. Paşinyan isə bununla bağlı hansısa şərh vermədi. Bu o deməkdir ki, erməni baş nazir danışıqların formatını qəbul edir. Əgər danışıqları qəbul edirsə, deməli, Paşinyan Ermənistanın işğalçı dövlət olduğu faktını da inkar etmir. Çünki o, qondarma rejimi danışıqlar prosesinə salmaqla bir növ Ermənistanın işğalçılıq siyasətinə kölgə salmaq istəyirdi”.

Politoloqun sözlərinə görə, Davosdakı saat yarımlıq görüşdə dövlət başçısı İlham Əliyev Azərbaycanın mövqeyini bir daha ortaya qoydu: 

"Paşinyan da görüşün detalları ilə bağlı tələsik informasiya yaydı. Bu da müəyyən məqamlardan xəbər verir. Paşinyan münaqişənin tənzimlənməsi istiqamətində fəallıq nümayiş etdirdiyini həm Ermənistanın daxili ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırmaq istəyir. Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət artıq ardıcıl olaraq Azərbaycanın ədalətli mövqelərini qəbul etməkdədir. Paşinyanın ölkə daxilində və xaricində vəziyyəti stabil sayılmır. Dünya dövlətlərinin Paşinyana münasibəti birmənalı deyil. Bu baxımdan Paşinyan Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində addımlar atarsa, məntiqli davranmış olar. Əks təqdirdə onun hakimiyyəti sələfi Sarkisyan hökumətindən heç nə ilə fərqlənməyəcək. Bu da Paşinyanın həm beynəlxalq imici, həm də Ermənistanın daxili siyasi vəziyyəti baxımından məqbul deyil”.

İsmayıl