Paşinyan İrəvanın küçələri ilə BMT kürsüsünü səhv salıb
Ermənistanın baş naziri diplomatiyanın nə olduğunu qanmır, beynəlxalq hüquqa tüpürür. Bizə başqa yol buraxmır
Ermənistan baş naziri Nikol Paşinyan BMT tribunasından istifadə edərək, növbəti dəfə erməni yalanları və absurdları ilə dolu iddia səsləndirib. Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib. O, BMT də daxil olmaqla, dünyanın ən mötəbər qurumlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərar və qətnamələrinə aşkar hörmətsizliyi elə BMT tribunasından göstərib. Paşinyan faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə BMT-ni də təhqir edib.
Deyib ki, Qarabağın statusu məsələsi Ermənistan üçün danışıqlar prosesində prioritet olacaq: "Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır. Bu, bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək”. Gün kimi aydındır ki, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan indiyə qədər danışıqlar prosesini pozmaq üçün əlindən və dilindən gələn hər şeyi edib və etməkdədir.
Söylədiyi bütün sərsəm ifadələrə rəğmən, BMT tribunasında Ermənistanın "sülh danışıqlarına” sadiq olduğunu göstərməyə çalışıb. Həmçinin, iddia edib ki, konfliktin hərbi yolla həlli cəhdləri bütün regionun təhlükəsizliyi, demokratiya və insan haqları üçün təhdiddir. Aylardır danışıqlardan yayınaraq, beynəlxalq sənədlərə hörmətsizliyini unudan Paşinyan deyib ki, Azərbaycan özünün danışıqlara "hörmətsiz münasibətini” dəyişməli, problemin hərbi yolla həlli ideyasından tam olaraq imtina etməlidir: "Azərbaycan bəyan edir ki, Qarabağ onun tərkib hissəsi olmalıdır. Bununla bərabər bəyan edir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Axı onlarla danışmağa cəhd etmədən Qarabağa necə iddia edə bilər?”. Paşinyan daha bir həyasızlıq və abırsızlıq nümayiş etdirərək deyib ki, əgər kimlərsə "yeni erməni soyqırımının” baş verməsini arzu etmirsə, o zaman Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasına razı olmamalıdır. Ermənilərin Qarabağda soyqırım, etnik təmizləmə siyasəti yürütdükləri bütün dünya dövlətlərinə bəlli olduğu halda, Paşinyan yalanlarını püskürməyə davam edib.
Ermənistanın baş nazirinin absurd ifadələrinə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev də cavab verib. O bildirib ki, Paşinyan İrəvan küçələri ilə BMT kürsüsünü qarışıq salıb: "Yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur”.
PA-nın rəsmisi deyib ki, Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımlar atır:
"O, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir. Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”.
Baş nazirin sərsəm açıqlamalarını "Şərq”ə şərh edən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Nikol Paşinyana "demokrat” deyirdilər, lakin rəhbərliyə gələn kimi erməni xislətinə məxsus xarakterini dərhal ortaya qoydu. Qısa müddət sonra diktator olduğunu hamıya əyani şəkildə sübut etdi: "Erməni hər yerdə ermənidir. Onlara uşaqlıqdan türklərə nifrət aşılanır, azərbaycanlıları görməyə gözləri olmur. Uzun zaman ən çirkin üsullarla mübarizə aparan ermənilər nəhayət Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqları üzərində özlərinə süni dövlət qura biliblər. Hazırda ən böyük arzuları Qarabağı Ermənistana birləşdirməkdir. Baş nazir Nikol Paşinyan Qarabağ klanına qarşı mübarizə aparır. Lakin bu arada Qarabağ separatçılarına özünü yaxşı göstərmək üçün münaqişənin həlli haqqında ağzına gələni danışır. Çalışır ki, qondarma rejimin nümayəndələri onu Qarabağ düşməni kimi qələmə verməsinlər. Hamı yaxşı bilir ki, Paşinyan qeyri-ciddi adamdır. Küçədən gəldiyi üçün prosesləri dərk edə bilmir. Dövlətin necə idarə olunmasından xəbərsizdir. Qərblə Rusiya arasında çapalaya-çapalaya qalıb”. Milli Məclis üzvü vurğulayıb ki, bu gedişlə ziddiyyətlər daha da artacaq və baş nazir çıxılmaz vəziyyətə düşəcək:
"Məsələ ondadır ki, Paşinyanın bəyanatları və davranışları ilk növbədə Azərbaycanla münasibətlərə, daha doğrusu Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərir. Ən əsası isə regiondakı prosesləri alt-üst edir. Lakin görünən odur ki, Paşinyan öz imicini qoruyub saxlamaq üçün istənilən addımı ata bilər. O baxımdan cənab Prezident çıxışı zamanı vurğulayıb ki, bundan sonrakı hadisələrdə bütün məsuliyyət İrəvan hökumətinin üzərinə düşəcək. Paşinyanın təxribatçı hərəkətləri səbəbindən hərbi əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın baş naziri diplomatiyanın nə olduğunu qanmır, beynəlxalq hüquqa tüpürür. Bizə başqa yol buraxmır. Hələlik səbr edirik. Çünki Paşinyanın addımları Ermənistanı daxildən zəiflədir, siyasi qüvvələri və cəmiyyəti parçalayır. Hər halda düşmən ölkənin zəifləməsi, daha da gücdən düşməsi bizim xeyrimizədir”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli də "Şərq”ə deyib ki, Paşinyanın Dağlıq Qarabağa dair son açıqlamaları heç bir məntiqə sığmır:
"Paşinyan ağlına gələni danışır, onun bir açıqlaması digərini təkzib edir. Bu adam siyasətdə tamamilə diletantdır. Hətta hazırda Ermənistan ictimai rəyində Paşinyanı küçə adamlarının lideri adlandırırlar. Bu o deməkdir ki, Nikolun peşəkar siyasətçiyə çevrilməsi, demək olar ki, mümkünsüzdür. Onun diletant və qeyri-peşəkar açıqlamalarının diplomatiyaya heç bir aidiyyəti yoxdur. Paşinyanın Qarabağa dair bəyanatları təkcə Azərbaycanda deyil, bütün dünyada gülüş obyektinə çevrilir. O, BMT-nin tribunasında çıxış edərək deyir ki, guya Ermənistanın gündəliyində duran bir nömrəli məsələ Dağlıq Qarabağ probleminin həllidir və bu problem qarşılıqlı kompromislərə söykənməlidir. Ancaq Paşinyan indiyə heç bir kompromis üçün yer qoymayıb”.
İsmayıl