“Paşinyan real həll variantına söykənən danışıqlardan çəkinir” – Aktual şərh





"Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ separtaçılarını danışıqlar masasına qaytarmaq təklifini irəli sürməklə vaxt qazanmağa və danışıqlarda imitasiya etməyi planlaşdırır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, "Qarabağ klanı” 20 il ərzində Rusiyanın dəstəyini alaraq imitasiya ilə məşğul olub:

"Eyni ssenari yenidən başlanır. Paşinyan isə Rusiyanın prosesə cəlb edilməsini qəbul etmir.

Çünki, Rusiya Qarabağ vasitəsi ilə Paşinyanı nəzarətdə saxlayacaq. Amma, belə bir planı irəli sürməklə danışıqlarda Rusiyadan asılı olmadan müstəqilliyini qorumağa çalışır. Həmçinin, daxili təzyiqlərdən yayınmaq üçün optimal variant kimi istifadə edir.

Paşinyan yaxşı bilir ki, Azərbaycan heç vaxt buna razılıq verməyəcək və bu cür danışığa getməyəcək. Bununla da Qərbə Azərbaycanın "danışıqlara hazır olmadığını” göstərmək istəyəcək.

Hazırda danışıqlarda pauza yaranıb. Bunun səbəbi Paşinyanın yenidən separatçıları danışıqlara cəlb etmək istəyidir. Məlumdur ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü gözlənilir.

Görüşdə erməni tərəfi separatçıların danışıqlar masasına oturmasını qaldıracaq. Bu da danışıqların nəticəsiz başa çatması deməkdir”.

Politoloq vurğulayıb ki, Paşinyan hazırkı situasiyada real həll variantına söykənən danışıqlardan çəkinir: 

"Baş nazir Qarabağdakı separatçıları öz adamları ilə əvəzlədikdən, həmçinin ölkə daxilində müxalifəti zərərsiz hala gətirəndən sonra masaya oturacaq. Çünki ötən aylarda danışığa meyl edən Paşinyan öz hakimiyyətinə qarşı təhlükənin real olduğunu gördü. Ona görə də hökumətin planına Qarabağ danışıqlarında separtçıların yer almasını əlavə etdi. Bununla göstərdi ki, güzəştə getmək planı yoxdur”.

İsmayıl