Payızda pasiyentlərin sayı çoxalır

Daha çox yeniyetmələr və orta yaşlı insanların psixoloji problemləri olur



Son zamanlar ölkəmizdə olan psixoloji durum diqqət mərkəzindədir. Müxtəlif yaş qrupuna aid insanlarda fərqli psixoloji problemlər yaşanır. Bunlar arasında gənclər və orta yaşlılar üstünlük təşkil edir. Ümumilikdə isə, cəmiyyətdəki gərginliyin əsas səbəblərindən biri əhalinin sosial durumudu. Yoxsulluq, işsizlik kimi problemlər insanları daha stresli vəziyyətə salır. Lakin psixoloq yardımını qeyri-ciddi və lazımsız hesab edənlər də var.

Belə insanlar çalışırlar ki, mövcud problemi özləri aradan qaldırsınlar. Amma bəzən istənilən nəticə əldə olunmur. Psixoloq Dəyanət Rzayev insanların bu reaksiyasının onların dini inancı ilə əlaqəli olduğunu hesab edir: "Şərq yanaşmasında belə hallar daha çox baş verir. Hər şeyi Allahla bağlayırlar. Psixoloqun köməyini geri çevirirlər. İnsanların çoxu hələ psixoloji konsultasiya anlayışını dərk edə bilmir. Zaman keçdikcə, bu düşüncədən uzaqlaşmaq lazımdır”. Pasiyentlər arasında daha çox yeniyetmələrin olduğunu deyən psixoloq əsas səbəb kimi imtahan stresinin olduğunu deyir. Bəzən valideynlərin göstərdiyi təzyiq də gənclərin psixi pozğunluq yaşamasına səbəb olur. İmtahanda istədiyi nəticəni əldə edə bilməyən gənclərin dəfələrlə intiharına da şahid olmuşuq. Bəzi insanlar isə psixoloqlardan daha çox məsləhət gözləyirlər. Psixoloq o zaman məsləhət verir ki, pasiyent qərar vermək iqtidarında olmur. Yaxud verdiyi qərar kiməsə narahatçılıq yarada bilər. Psixoloq sözlə müalicə edir, dinləyir və analiz edir.

Digər ekspert Azad İsazadə isə yay aylarında pasiyentlərin az olduğunu söyləyib. "Şərq”ə açıqlama verən psixoloq aprel-iyul aylarında daha çox yeniyetmələrin olduğunu deyib: "Yay aylarında imtahan stresində olan abituriyentlərin sayı olduqca çox olur. Bu ayda krizislərin olması da insanların psixoloji problem yaşamasına səbəb olur. Payız aylarında pasiyentlərin sayı çoxalmağa başlayır. Bu zaman da orta yaşlılar çoxluq təşkil edir. Ümumilikdə desək, bütün yaş qrupları var. Amma gənclər və orta yaşlı insanlar üstünlüyə malikdir”.

Yeganə Bayramova