Paytaxtda taksi xaosu var - Mərkəzdə dayanırlar, tıxac yaradıb gediş-gəlişə mane olurlar

“Taksi dayanacaqları digər nəqliyyat vasitələrinin əlçatan olmadığı yerlərdə yaradılmalıdır ki, insanlar marşrut olmayan ərazilərdə taksilərdən istifadə etsinlər”


Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqlarının ləğv edilməsi istiqamətində iş aparır. BNA-nın mətbuat xidmətindən verilən məlumata görə, yeni taksi dayanacaqları üçün yerlər müəyyən edilir. V Hazırda Bakıda təqribən 180 taksi dayancağı var. Təhlillərlə hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır.

Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli "Şərq”ə açıqlamasında Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasının vacib olduğunu deyib: 

"Belə olan zaman həm bu sahədə pərakəndəlik olmur, tıxac yaranmır. Həm də insanlar taksi xidmətindən konkret hansı ərazidə faydalanacağını dəqiq bilir. Amma bir məsələ var ki, qısa nömrəli taksilərin telefonla sifarişi məsələsi artıq Azərbaycanda formalaşıb, insanlarımız da uyğunlaşıb. İnsanlar evdən çıxmadan telefon vasitəsilə istədikləri ünvana taksi sifariş edə bilirlər. Eyni zamanda küçədə daynaraq uber xidmətindən istifadə edirlər. Amma şəhərin müxtəlif istiqamətlərində taksi dayanacaqlarının olması da məqsədəuyğundur. Sadəcə olaraq onların sayını azaltmaq lazımdır. Hazırda Avropa ölkələrində "taksi dayanacaqları” deyilən bir məfhum yoxdur, taksilər ancaq telefon sifarişi ilə xidmət edir. Amma bizdə bu mədəniyyət tam formalaşmadığı üçün taksi dayanacaqlarının yaradılmasına ehtiyac var. Sadəcə olaraq dayanacaqlarda dayanan taksi sürücüləri də xidmət şəbəkələrinə qoşulsa daha məqsədəuyğun olar”.

Ticarət mərkəzlərinin və digər obyektlərin qarşısında taksilərin dayanmasının xoşagəlməz hal olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu cür ərazilərdə alternativ nəqliyyatlardan istifadə imkanları çoxdur: 

"Adətən ticarət obyektləri metro stansiyalarına yaxın olur və qarşısından da şəhərin müxtəlif istiqamətinə doğru hərəkət edən marşrut xətləri keçir. Taksi dayanacaqları digər nəqliyyat vasitələrinin əlçatan olmadığı yerlərdə yaradılmalıdır ki, insanlar marşrut olmayan ərazilərdə taksilərdən istifadə etsinlər. Amma bizim taksi sürücüləri daha çox metrostansiyaların üstündə və ticarət mərkəzlərinin qarşısında dayanmağa üstünlük verirlər. Sonda isə sərnişin götürmək üstündə dava salırlar”.

Şəymən