"Söhbət internetin funksiya və vəzifələrini müəyyən edən sənədin hazırlanmasından gedirsə, bu yaxşı haldır"
Pərakəndəlik və xaotik durum aradan qaldırılmalıdır
Elektron medianın qanunla tənzimlənməsini zəruri edən bir çox səbəblər var
"Söhbət internetin funksiya və vəzifələrini müəyyən edən sənədin hazırlanmasından gedirsə, bu yaxşı haldır"
"Söhbət internetin funksiya və vəzifələrini müəyyən edən sənədin hazırlanmasından gedirsə, bu yaxşı haldır"
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin ötən gün keçirilən iclasında internet medianın hüquqi əsaslarının qanunla tənzimlənməli olduğunu deyib. Deputat bildirib ki, bu qanun həm internet medianın fəaliyyətinə, həm də maliyyələşməsinə yardım edə bilər. MŞ-nin sədri informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələrinin də hazırlanmasını təklif edib: "İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, mövcud sahədəki boşluqlar aradan qalxsın. Həm də internet medianın dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir. Qanunvericiliyimiz buna adekvat olaraq inkişaf edir. Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib. Faydalı dəyişikliklərdən biri kimi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalı olar”. Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub: "Müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanun var. Lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.
Məlumat üçün bildirək ki, Azərbaysanda internet medianın yaranması ötən əsrin 90-cı illərin ortalarına təsadüf edir. Öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet-media kimi yaradılan resursların sayı sürətlə çoxalmağa başlayıb.
Getdikcə internetin daha geniş yayılması və sürətlənməsi, smart cihazların hamı üçün əlçatan olması, sosial şəbəkələrin həyatımızın bir hissəsinə çevrilməsi, bütün dünyada olduğu kimi Azərbaycanda da internet medianıın mövqeyini xeyli gücləndirdi. Bu gün Azərbaycanda internet media əsas xəbər mənbəyinə çevrilib. Çap mətbuatından fərqli olaraq, internet medianın dəqiq sayı ilə bağlı statistika mövcud deyil. Amma yüzlərlə müxtəlif xəbər saytlarının fəaliyyət göstərdiyi bəllidir. Demək olar ki, internet media həm xəbər istehsalının sayına, həm də əhatə dairəsinə görə aparıcı mövqeyə sahibdir. Bununla belə, bu sahənin problemləri və nöqsanları kifayət qədər çoxdur. İnternet mediada müşahidə olunan əsas cəhətlərdən biri də şablon xəbərçiliyin önə çıxması, böyük araşdırma və təhlillərin yoxa çıxmasıdır. Onlayn media kütləvi oxucuya, sosial şəbəkə istifadəçisinə xitab etdiyi üçün çox hallarda məzmunun keyfiyyəti və səviyyəsi bayağılaşmaya doğru gedir. İctimai müzakirələrin, alternativ siyasi fikir və dartışmaların, iqtisadi-sosial tənqidlərin yoxluğundan bir çox saytlar biri-birinə bənzəməkdədir. Bu baxımdan hesab edilir ki, internet medianın hüquqlarının qanunla tənzimlənməsi bu sahədəki problemlərin aradan qalxmasına səbəb ola bilər.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib ki, internet təhlükəsizliyi olduqca mürəkkəb bir məsələdir:
"Təhlükəsizliyə təhdid olan inforasiyaların, daha dəqiqi təxribatların ölkənin virtual sərhədlərini aşmasının qarşısını almaq da kifayət qədər çətin məsələdir. Müasir dünyanı internetsiz təsəvvür belə etmək mümkün deyil. Odur ki, burada ümumi bir qadağalardan danışmağa da dəyməz. Hesab edirəm ki, internet təhlükəsizliyi məsələsində əsas prioritet hazırlıqlı, çevik, lokal komandaların formalaşdırılması olmalıdır. Həmin qruplar virtual məkanda hansısa təxribatlar cəhdlərində təxrbibatçılarla informasiya savaşına girib. Onlarla belə demək mümkünsə döyüşüb, yanlış informasiyaların yayılmasının qarşısını almağa, vətəndaşların bunlara inanmamasına nail ola bilərlər. Digər bir məsələ hüquqi mexanizmlərin konkretləşdirilməsi və effektiv hala gəlməsi ola bilər. İnformasiya məkanında hücumlar daha çox xarici ölkələr üzərindən baş verirsə, o zaman hüquqi baxımdan ortaya daha bir problem də çıxır: - onları məsuliyyətə necə cəlb etmək olar?”.
Redaktor bəyan edib ki, bunun üçün internet təhlükəsizliyi məsələsindən danışarkən, həm də beynəlxalq konvensiyalara da əlavələr edilməsi məsələsi qlobal səviyyədə həllini tapmalıdır:
"Həmçinin, konkret virtual cinayət törətmiş şəxsin qanun qarşısında cavab verilməsinə nail olunması üçün hüquqi yardımlaşma anlayışına diqqət edilməlidir. Belə olan təqdirdə həmin şəxsin, qrupun, şəbəkənin hansı ölkədə yaşamasından, gizlənməsindən asılı olmadan cəzalanması tələbinə hansısa Avropa təsisatları, hökumətləri təqib kimi yanaşmazlar. İnternet təhlükəsizliyinə tamamilə nail olmaq əlbəttə ki, mümkün deyil. Amma zaman keçdikcə buna dair daha effektiv variantların tətbiqi labüddür”.
"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də "Şərq”ə deyib ki, təklif olunan qanunlar bir çox hallarda ehtiyacdan yaranır:
"Söhbət internetin funksiya və vəzifələrini müəyyən edən sənədin hazırlanmasından gedirsə, bu yaxşı haldır. Hazırda Azərbaycanda internet çox sürətlə inkişaf edir, istifadəçilərin sayı da durmadan artır. İnternet media KİV qurumlarının aparıcı vasitələrinə çevrilir, sosial platformaların imkanları genişlənir. Bütün bu inkişafın fonunda biz həm də problemlər yaşayırıq. Məhz qanunun hazırlanmasını zəruri edən səbəblərdən biri də elə budur. Bəzən internetin geniş imkanlarından faydalanaraq sui-istifadə hallarına yol veririk. İnternet azadlığı bizim sui-istifadə hallarına yol verməyimizə imkan yaratmamalıdır. Düşünürəm ki, qanunun qəbulu ilə bu narahatlıqlar aradan qaldırılacaq. Narahat olduğum məqamlardan biri isə əlbəttə ki, söz azadlığının məhdudlaşdırılması ilə bağlıdır. Qanun layihəsini oxumadığım üçün bu barədə fikir söyləmək istəmirəm. Düşünürəm ki, bu sənədin qəbulu söz azadlığımızı məhdudlaşdırmayacaq. Lakin hər bir fikrə söz azadlığı kimi də yanaşmaq düzgün deyil. Məsələn, bəzi separatistlər internetin imkanlarından istifadə edərək ölkəmizdə mövcud olan sabit etnomühiti pozmağa, birgəyaşayışın sütunları hesab olunan milli azlıqlar arasında nifaq toxumu səpməyə çalışır. Artıq bu söz azadlığı deyil, separatizmin təbliğidir. Digər tərəfdən, bəzi şəxslər də var ki, sosial platformaların imkanlarından istifadə edərək feyk profillər vasitəsi ilə tanınmış insanların şərəf və ləyaqətini alçaldırlar. Təəssüf ki, belə mənfi nümunələr çoxdur. Təklif olunan qanun layihəsi bu və ya digər problemləri aradan qaldıracaqsa müsbət dəyərləndirirəm”.
"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də "Şərq”ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun internet media ilə bağlı təklifini dəstəkləyib:
"Məncə, internet medianın fəaliyyətinin hüquqi əsaslarını bir qanunda birləşdirmək lazımdır. Onlayn medianın fəaliyyətinin qanunla tənzimlənməsini zəruri edən bir çox səbəblər var. Azərbaycanda internet azaddır. Hər kəs "facebook”, "youtube”, "tvitter” və digər sosial şəbəkələrdə hazırladığı xəbər, foto və video materiallarını yerləşdirə bilər. Məsələn, son zamanlar dəbə düşüb, hər kəs "youtube” sosial şəbəkəsində "televiziya kanalı” açır və buradan müxtəlif informasiyalar sızdırır, özünün və mənsub olduğu siyasi qrupun təbliğatını aparır. Bu kanalların çoxu xaricdən idarə olunur və orada Azərbaycanla bağlı dövlətçilik və milli maraqlara uyğun olmayan məlumatlar yer alır. İnternet media azad olduğu üçün buna müdaxilə yoxdur. Ancaq bu kimi faktlar narahatlıq doğurur. Narahatlıq doğuran əsas səbəblərdən biri də bu materialların qeyri-peşəkar hazırlanmasıdır. Azərbaycanda internet televiziyalar var və saytlar da video-xəbərlər hazırlamağa başlayıblar. Ancaq bu materalları peşəkar jurnalistlər hazırlayır, montaj edir, səsləndirir. Xarici ölkələrdə yaradılan və çoxu da siyasi məqsəd güdən, intriqa tribunasına çevrilmiş "youtube televiziyaları” öz fəaliyyət prinsipləri əsasında işləyir. Bəzən o kanallarda söyüş söyülür. Sayğaca baxırsan, görürsən ki, bəzi video materiallara, debatlara xeyli adam baxıb. Dövlət dilinin qaydaları qorunmur, efirə kim gəldi çıxarılır. Məncə, buna nəzarət lazımdır. İnternet saytları da fəalliyyət göstərmək üçün qeydiyyatdan keçməlidir. Bu, ya informasiya agentliyi şəklində, ya da xəbər xidməti formasında olmalıdır”.
"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də hesab edir ki, internet mediadakı pərakəndəlik və xaotik durum narahatedicidir:
"Bu vəziyyətdən Azərbaycanın dostları olmayan ölkələr də istifadə edə bilər. Bu sahədəki xaotik durum aradan qaldırılmalıdır və bu yöndə olan təklifləri müsbət qiymətləndirirəm. Lakin elə həll yolu tapılmalıdır ki, heç bir halda internet medianın azadlığı məhdudlaşdırılmasın. Hesab edirəm ki, media ekspertləri bu məsələ ilə bağlı ciddi müzakirələr aparmalı və təkliflərini irəli sürməlidirlər. Yeni qanun qəbul olunarkən bu təkliflər nəzərə alınmalıdır”.
(Davamı var...)
İsmayıl