Peşəkar media orqanı normalara əməl etməlidir

Məhkəmə yekun qərar çıxarmayanadək jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdirMediada təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması sahəsində çox ciddi problemlər var
(Əvvəli ötən sayımızda)
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu günlərdə yazmış olduğu bir statusda bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyduğunu qeyd edib. Bəzi həkim ixtisaslı millət vəkillərinin bu prosesi getdikcə körüklədiyini vurğulayan professor media nümayəndələrinin də bu işdə onlara dəstək olduğunu deyib: "Mən dördüncü hakimiyyətin təmsilçiləri sayılan dəyərli jurnalistlərimizi özümə həmkar sayıram, çünki onlarla daim sıx əməkdaşlıqdayam.
Təəssüf ki, artıq mətbuatda həkimlərə "karikatura yaradan” yeni termin və ifadələrin peyda olması diqqətdən yayınmır. Məsələn, götürək mətbuatda tez-tez təkrar olunan "həkim terroru” ifadəsini. Beynəlxalq terminologiyada belə ifadəyə, sözün hər mənasında belə düzəltmə ifadəyə rast gəlməzsiniz. Terror dedikdə, əvvəlcədən planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərinin ölüm və digər qorxu üsulları ilə təhdid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu, həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. 
Niyə buna yol verilir? Çünki bizdə "təqsirsizlik prezumpsiyası” deyilən bir hüquq sadəcə dəfn edilib. Bu məsələ durdurulmalıdır!”.
Bəs, tibb ekspertinin iddiaları ilə bağlı media nümayəndələri nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?
Əvvəla qeyd edək ki, Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır.
Bəs, baş redaktorlar nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?
"Report”.az informasiya agentliyinin baş redaktoru Murad Əliyev Azərbaycan mətbuatında bu sahədə problemin geniş yayıldığını hesab etmir. Onun sözlərinə görə, "Report” agentliyində yalnız hüquq, məhkəmə sahəsi ilə işləyən əməkdaş var, bütün belə xəbərlər müzakirə olunur: "Təbii ki, məhkəmə qərarı olmadan, günahı sübut edilmədən kimisə cinayətkar adlandırmaq yolverilməzdir. Burada bəzi saytların sensasiyaya xatir yazı dərc etməsini qeyd etmək olar. Lakin problem tək bu deyil axı... Hər hansı həkim səhvi ilə bağlı şikayət olanda dərhal buna həmin özəl klinikanın və ya dövlət xəstəxanasının ətraflı izahatı olmalıdır. Hazırda isə bir məlumatı təsdiqlətmək, təfərrüatını öyrənməyə cəhd edəndə bir çoxları jurnalistin sorğusuna cavab olaraq ümumiyyətlə hadisəni təkzib edirlər. Axı hadisəni təkzib etmək çıxış yolu deyil, mətbuat belə halda məcbur olub yeni təfərrüatlar, fotosübutlar yayır.
Hər iki valideyni həkim olan bir şəxs kimi məni də narahat edir mediada əhalinin həkimlərə qarşı aqressiyasını yaradan xəbərlər. Lakin dediyim kimi, burada bir ümumi yanaşma tətbiq olunmalıdır. Təklif edərdim ki, Səhiyyə Nazirliyinin 9103 "qaynar xətt”inin işi daha da təkmilləşdirilsin, hər bir müraciətə həssaslıqla yanaşılsın, müəyyən maarifləndirici tədbirlər keçirilsin”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu mediada təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması sahəsində çox ciddi problemlər olduğunu deyib:
"Ümumiyyətlə, şəxsi həyata müdaxilənin yolverilməzliyi və günahsızlıq prezumpsiyası beynəlxalq jurnalistikada başlıca normalar olaraq qəbul edilir və onların təmin edilməsi olduqca vacibdir. Jurnalist peşəsi ilə əlaqədar ünsiyyətdə olduğu adamların şəxsiyyətinə və ləyaqətinə hörmət edir, onları incidə biləcək heç bir hərəkətə yol vermir. Ayrı-ayrı adamların şəxsi həyatına müdaxilə, bu haqda faktların yayılması jurnalist üçün yolverilməz sayılır. Şəxsiyyətin həyatı barədə faktlar yalnız cəmiyyətin və dövlətin vətəndaşların hüquq və qanuni mənafelərini müdafiə etmək naminə yayıla bilər”.
V.Zifəroğlunun sözlərinə görə, mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur: 
"Və ya götürək günahsızlıq prezumpsiyasını. Məhkəmə işinin və təhqiqatının çap edilməsi azad olmalıdır. Lakin jurnalist bu cür materiallar üzərində işləyərkən öz subyektiv mövqeyini əsla ortaya qoymamalıdır. Məhkəmə yekun qərar çıxarmayanadək jurnalistin müttəhimi müqəssir adlandırması yolverilməzdir və professional etik normativlərin kobud surətdə pozulması deməkdir. Hər iki norma media ilə bağlı beynəlxalq sənədlərdə, eləcə də beynəlxalq jurnalist təşkilatlarının qəbul etdikləri norma və prinsiplərdə öz əksini tapıb.
Bizim mediada bu prinsiplərə əməl edilməməsi isə daha çox peşə etikası və jurnalist normalarından xəbərsiz olan qeyri-peşəkarların üstünlük təşkil etməsidir. Düşünmürəm ki, jurnalist təhsili olan, peşə fəaliyyətində təcrübəsi olan bir jurnalist sözügedən normalara əməl etməsin”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov mediada bəzən belə xəbərlərin çıxması faktının olduğunu təsdiqləyib. 
Onun sözlərinə görə, Adil Qeybullanın da qeyd etdiyi kimi, məhkəmənin qərarı olmadan kiməsə cinayətkar damğası vurmaq olmaz: 
"Məhkəmə qərarı çıxana qədər "ittiham edilən şəxs”, "şübhəli şəxs” terminlərindən istifadə edilməlidir: "Hesab edirəm ki, mediada Adil Qeybullanın qeyd etdiyi kimi, həkimlərə qarşı cəmiyyətdə aqressiya yaradılmır. Unutmayaq ki, jurnalistin işi xəbər hazırlamaqdır. Gün ərzində mətbuat orqanlarına yüzlərlə mənbədən xəbər daxil olur. Jurnalistikanın təməl prinsipi isə hər iki tərəfin mövqeyini vermək, tərəfsiz qalmaqdır. Əgər daxil olan xəbəri qarşı tərəfi telefonunu söndürürsə, cavab verməkdən imtina edirsə, bu məsələdə jurnalistin heç bir günahı yoxdur. 
Təsadüfi deyil ki, bir çox xəbərlərdə "qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı”, "qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq” yazılır.
Təbii ki, mediamızda peşəkar olmayan portallar və jurnalistlər də var, amma yenə deyirəm, mətbuat yalan üzərində xəbər hazırlamır. Əgər bu gün ABŞ Prezidenti Donald Tramp "NBC” kimi kanalı yalan xəbər yaymaqda ittiham edirsə, deməli, mənzərə aydındır. Bəzən həqiqətə uyğun olmayan və ya tərkibində həqiqət payı az olan xəbərlərin yaranması ya jurnalistin qeyri-peşəkarlığından, ya da mənbənin yanlış informasiya ötürməsindən qaynaqlanır.
Cəmiyyətimizdə həkimlərin səhvi ucbatından həlak olan, şikəst qalan insanların sayı kifayət qədər çoxdur. Mətbuat da bu hadisələri işıqlandırıb belə həkimlərin məsuliyyətə cəlb olunmasına dəstək verir və əhalini məlumatlandırır. Həkimlərə qarşı aqressiya yaratmaqdan isə söz belə gedə bilməz”.
Baş redaktor qeyd edib ki, KİV-lər hansısa hadisəni araşdırarkən hüquqşünaslardan mütləq yardım almalı, peşə etikasını qorumalıdırlar. Redaktorlar kriminal müxbirlərin hər xəbərini tirajlamadan öncə əgər varsa, xəbərdə yol verilən səhvləri və pozuntuları aradan qaldırmalı, bu işə ciddi yanaşmalıdırlar. Hər bir redaktorun hüquqi bilgisi mütləq olmalıdır. 
Demirəm ki, hüququ mükəmməl bilməlidirlər, xeyr, bu, hüquqşünasların işidir. Ancaq onlar hansısa bir məlumat verərkən bəzən fəsadlara yol aça biləcəklərinin fərqində olmalı və qaranlıq olan məqamları hüquqşünaslarla aydınlaşdırmalıdırlar. Yaxşı olardı ki, beynəlxalq təcrübədə olduğu kimi hər bir redaksiyada hüquq şöbəsi olsun və bu tipli, xüsusən kriminal xəbərlər həmin şöbə ilə məsləhətləşdikdən sonra buraxılsın. Ancaq bu da gerçəkdir ki, əksər KİV-lərin buna maliyyə imkanı yoxdur.
"Jurnalistlərə hüquqi biliklər öyrədilmir” məsələsinə gəlincə isə, vurğulayım ki, sadəcə jurnalistika üzrə yox, həmçinin humanitar fənlər üzrə ali təhsil alan hər bir şəxs universitetdə hüquq dərsi keçib. 
Ancaq bu elə bir məsələdir ki, qanunlar dəyişir, əlavələr edilir, dəyişdirilir, təkmilləşdirilir. Redaktorlar da onlara aidiyyəti qanunları mütləq öyrənməli, izləməlidirlər. Bunu onlara kimsə öyrətməli deyil, peşəkarlıq baxımından özlərinin marağında olmalıdır ki, bu biliklərə yiyələnsinlər. Ancaq düşünürəm ki, aidiyyəti qurumlar müvafiq seminarlar, treninqlər təşkil etsələr, zaman içində mətbuatımızda bu məsələ də öz həllini tapacaq.
Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb