Ukraynadakı azərbaycanlıları zülmdən qurtarmaq lazımdır
Sosial şəbəkələrdə Avakov qatı erməni millətçisi olduğunu gizlətmir
Son günlər Ukraynada yaşayan azərbaycanlı iş adamlarına qarşı kütləvi repressiyaların başladığı bildirilir. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus böyük restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçiriblər. Aksiyaya Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar qatılıb.
İddia olunur ki, azərbaycanlılara qarşı bu kimi hadisələrin arxasında Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov dayanıb və baş verənlər onun sifarişi əsasında reallaşdırılıb. Deyilənə görə, Ukraynanın daxili işlər naziri Avakov azərbaycanlılara xüsusi nifrəti ilə tanınır. Buna görə də nazir Ukraynada soydaşlarımıza qarşı planlı şəkildə göstərilən təzyiqlərə göz yumur.
Getdikcə ciddiləşən problemlə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, dünyanın harasında olmasından asılı olmayaraq, bütün vətəndaşlarımıza sahib çıxmalıyıq: "Tək Ukraynada yaşayan soydaşlarımızın deyil, Avropanın bütün ölkələrində təzyiqlə üzləşən insanlarımızın hüquqlarını qorumaq üçün əlimizdən gələni etməliyik. Rəsmi orqanlar bu işə qol qoymalıdır. Yalnız ondan sonra məsələnin müsbət həllini gözləmək olar. Daxili və xarici işlər nazirliklərimiz, diplomatik korpusumuz, diaspora komitəmiz məsələyə dərhal müdaxilə etməlidir. Əgər azərbaycanlılara qarşı təzyiqlər kütləvi hal alıbsa, onda dövlət tərəfindən Ukrayna hökuməti qarşısında məsələ qaldırılmalıdır. Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edərək etirazımızı çatdırmalı, soydaşlarımıza qarşı diskriminasiyanın dayandırılmasını tələb etməliyik. Məncə, Ukrayna daxili işlər nazirinin milli kimliyi məsələnin həllinə mane olmamalıdır. Çünki ortada Ukrayna-Azərbaycan münasibətləri var”. Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev isə birmənalı şəkildə bu işdə Avakovun əlinin olduğunu deyib: "Sosial şəbəkələrdə Avakov ermənipərəst fikirlərini açıq şəkildə ifadə edir və qatı erməni millətçisi olduğunu gizlətmir. Bu gün Ukraynada baş verənlərin səbəbi odur ki, Avakov bir qrup cinayətkarın təxribat məqsədli hərəkətlərinə bilərəkdən göz yumur. Məsələnin belə hala gəlməsində avtoritet Rövşən Lənkəranskinin qətli də mühüm rol oynayıb. Məndə olan məlumata görə, Rövşənin Ukraynada böyük biznes şəbəkəsi olub. Lənkəranski öz obyektlərinə baxmaqla yanaşı, digər azərbaycanlıların biznesinə də nəzarət edib. Fikrimcə, Ukraynadakı azərbaycanlı iş adamlarının sıxışdırılmasının əsas səbəbi "vor zakon”un öldürülməsidir”. Partiya rəhbəri hesab edir ki, Ukraynadakı azərbaycanlılar dövlətimiz tərəfindən ardıcıl himayə edilməlidir: "Bizə düşmən kəsilmiş tərəfin kurasiyasında olan Ukrayna DİN-in hadisələrə göz yumması nəticəsində azərbaycanlılar ciddi zərər görürlər. Azərbaycan tərəfinin rəsmi reaksiyası labüddür. Ukrayna Prezidentinin Azərbaycanla münasibətləri çox yaxşıdır.
Ukraynanın indiki ağır durumda ölkəmizə böyük ehtiyacı var. Bu əlaqələrdən istifadə edərək soydaşlarımızın vəziyyətini düzəltmək lazımdır”.
İsmayıl