Prezident bu dəfə də xalqın mənafeyini üstün tutdu - Problemli kreditlər həll ediləcək

"Devalvasiyadan sonra əhalinin bir hissəsinin xarici valyuta ilə götürdüyü kreditlərə görə banklara 2 qat artıq borcu yarandı. Əlbəttə, burada günahın 90 faizi banklarındır”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bəyan edib ki, banklar müştərilərə krediti xarici valyutada verirdilər, əks halda kredit verməkdən imtina edirdilər. Bəzi hallarda isə müqaviləni dollar və ya avro ilə imzalatdırıb manat ekvivalenti ilə sırıyırdılar. Nəticədə müştərilər iki qat artıq zərərə düşürdü:
"Yəni vətəndaş 1000 manat dəyərində kredit götürmüşdüsə, 2 min manat ödəməli oldu. Bu da ciddi problem yaradırdı. Ona görə də insanların bir çoxu borcu ödəyə bilmədilər. Problemlər təkcə devalvasiya nəticəsində yaranmayıb. Bəzi vətəndaşlar müalicə, bəzisi isə başqa zəruri xərclərini ödəmək üçün kredit götürüblər, amma sonra müxtəlif səbəblərən dolayı borcu ödəməkdə çətinlik çəkib. Ona görə də güzəştli addım atmağa ehtiyac var idi və nəhayət dövlət başçısı hər zaman olduğu kimi xalqın mənafeyinə üstünlük verərək problemin həll ediləcəyi anonsunu verdi”.
Ekspertin sözlərinə görə, keçən müddət ərzində problemli kreditlərin bir qismi həllini tapıb. Hazırda müəyyən hissənin krediti ödəmə problemi qalıb ki, qalan vəsaitin ödənilməsi və ya hansısa güzəşt edilməsi dövlət büdcəsinə zərər vurmayacaq: 
"Hər bir halda cənab Prezidentin əhalinin sosial problemlərinin həlli üçün atdığı arıdıcıl addımlar təqdirəlayiqdir. Dövlət başçısı əhalinin sosial problemlərinin həll ediməsi üçün dövlətin bütün imkanlarından istifadə edir. Sonuncu müşavirədə böyük bir sosial paketin hazırlanmasının elan olunması da bu istiqamətdə çox böyük bir addım olacaq. Nəticədə əhalinin sosial vəziyyəti xeyli yaxşılaşacaq”.
İsmayıl