“Prezident fərmanının texniki məsələlərin həllində pozitiv dəstəyi olacaq”

Natiq Cəfərli: “Digər ölkələrlə müqayisədə Azərbaycanda ipotekanın verilməsi şərtləri daha sərtdir”


"Texniki dəyişikliklər müraciətlərin təkmilləşdirilməsi baxımından pozitiv fərmandır. Çünki ən azından elektron formatda müraciətlərin verilməsi və həmin müraciətlərə qısa zamanda cavab alınması bu fərmanla çözülə bilər”.

Bunu "Şərq”ə iqtisadçı-ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin İpoteka kreditləşməsinin bəzi məsələləri haqqında imzaladığı fərmana münasibət bildirərkən deyib. Bununla yanaşı, ekspert diqqətə çatdırıb ki, Azərbaycanda ipoteka sahəsində olan əsas problem iki ana xətt üzrə davam edir: "Birincisi, faiz dərəcələrinin yüksək qoyulması problemidir. Bu günə qədər ölkəmizdə ən sərfəli faiz dərəcəsi sosial ipoteka idi. Bu da 4 faizlə verilirdi. Azərbaycan reallığında yaxşı göstərici idi. Amma beynəlxalq təcrübəyə baxanda bu da çoxdur. Amerika və Avropa Birliyi ölkələrində olan ipoteka kreditlərinin faiz dərəcələri təqribən 2 faiz civarında olur. Azərbaycanda ən azı 4 faizdir. Bundan başqa ölkəmizdə sosial ipotekaya çıxış imkanları kifayət qədər məhduddur. Sosial ipotekanın həcmi azdır. Digər ipoteka formaları 8-16 faiz arasında dəyişir. Bu da Azərbaycan üçün böyük rəqəmdir. İnsanlarda bu faiz dərəcələrini ödəmə ilə bağlı çətinlikləri olur. Bu, birinci problemdir”.

Ekspertin fikrincə, ikinci ən böyük problem ipoteka kreditlərinin əlçatan olmamasıdır: "Digər ölkələrlə müqayisədə Azərbaycanda ipotekanın verilməsi şərtləri daha sərtdir. Son vaxtlar isə bu vəziyyət daha da sərtləşdirilir. Geri dönməyən problemli kreditlərin həcmi artdıqca, əməliyyatlar həyata keçirən banklar bu şərtlərini sərtləşdirərək özlərini qorumağa çalışırlar. Verdikləri kreditləri sığortalamağa çalışırlar. Buna görə də, ipoteka kreditləri əlçatan olmur”.

N.Cəfərli hesab edir ki, çox zaman ipoteka kreditlərini ən azı 7-8 yüz manat əmək haqqı alanlar verirlər: "Bunun da Azərbaycanda yerinə yetirilməsi mümkünsüzdür. Vətəndaşlarımızın orta aylıq əmək haqqı 450 manat civarındadırsa, böyük əksəriyyəti bu səviyyədə maaş alırsa, təbii ki, yüksək maaş tələbi ilə ipotekanı əlçatmaz edir. Bununla yanaşı, bir daha təkrar edirəm. Məlum fərmanın ümumi texniki məsələlərin həllində pozitiv dəstəyi olacaq”.

Ekspertin qənaətincə, ipoteka fondunun işləmə qaydaları dəyişdirilməlidir: "İpoteka fondu yaradılarkən belə bir məqsəd qoyulmuşdu ki, 2013-cü ildən sonra fond özünü maliyyələşdirməyə keçəcək. Fond bunu bacarmadı. Hazırda da dövlət büdcəsindən yardım almaqda davam edir. Son yardım da 200 milyon manat çivarında olub. Bu, fondun effektiv işləmədiyini göstərir. Ona görə də, fondun işləmə qaydaları dəyişdirilməlidir”.

Sosial ipoteka modelinin bir çox ölkələrdə çox uğurla tətbiq olunduğunu söyləyən iqtisadçı vurğulayıb ki, Azərbaycan Türkiyə təcrübəsini öyrənə bilər: "Türkiyədə "Tokia” adında idarə var. Ölkənin bütün ərazilərində evlər tikir və bu evləri sosial ipoteka ilə təqdim edir. Aylıq ödəniş, bizim pulla 150-200 manatdır. 20-25 ildən sonra insanlar mənzil sahibi olurlar. Bu modelə keçid baş verəcəksə, fərmanın müsbət təsiri olacaq. Çünki tikinti sektoru çox ciddi sahədir. O, həm çoxlu sayda iş yerləri yaradır, həm də digər sahələri inkişaf etdirir. Tikinti materiallarının istehsalından tutmuş daşınmasına qədər dəstək olur. Biz ipoteka mexanizmini doğru-dürüst çalışdıra bilsək, insanlarımızın mənzillə təminatında irəliləyiş əldə olunar. Həm də çoxlu sayda yeni iş yerləri açılar. Bu da iqtisadiyyatımıza müsbət təsir göstərər. Faiz dərəcələrinin azaldılması, ipotekanın əlçatanlığı və şərtlərin daha da sadələşdirilməsi məsələləri həll olunmalıdır. Bunların reallaşması iqtisadiyyatımıza müsbət təsir göstərə bilər”.

N.Cəfərli onu da əlavə edib ki, 2007-ci ildən sonra böyük neft pulları gələn dövrdə problemi çözmək və işlək mexanizm yaratmaq olardı: "Təəssüf ki, bu fürsət qaçırıldı. İndi əsas məsələlərdən biri maliyyə mənbələrinin çatışmazlığıdır. Açıq deyək, büdcədə imkanlar məhduddur. Hökumət bu işi iki yolla - Dövlət Neft Fondundan birbaşa investisiya ayırmaq və kreditləşmə yolu ilə çözə bilər. Kreditləşmə o qədər sərfəli deyil. Bu iş dövlət kreditləri hesabına baş tutacaqsa, onda faiz dərəcələri yüksək qoyulacaq. Kreditlərin qaytarılması üçün əlavə faiz ödəniləcək ki, bu, ökəmizdə aşağı faizlə kreditlərin verilməsini əngəlləyəcək. Bir sözlə, hazırda Azərbaycanda maliyyə resursları məhduddur. Məhdudiyyətin aradan qaldırılması yaxın perspektiv üçün mümkün görünmür. Əlimizdə olan maliyyə mənbəyi neft fondudur. Onun da imkanları geniş deyil. Fondun özünün ciddi öhdəlikləri var. Büdcənin doldurulması və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq layihələrin reallaşması fondun öhdəsindədir. Bu səbəbdən iri həcmli sosial ipoteka layihələrinin yaxın gələcəkdə gerçəkləşəcəyini düşünmürəm”.

Ayyət Əhməd