Prezident vətəndaşları sevindirdi: İlham Əliyev Tarif Şurasının qərarını ləğv etdi, yanacağın qiyməti ucuzlaşdı





Prezident İlham Əliyev növbəti dəfə humanist addım ataraq neft məhsullarının pərakəndə satış qiymətlərinin vətəndaşların mənafeyi nəzərə alınmaqla tənzimlənməsi barədə Tarif Şurasına tapşırıq verib. Tapşırığa uyğun olaraq 2015-ci il yanvarın 14-də Tarif Şurasının növbədənkənar iclası keçirilib və neft məhsullarının qiymətlərinə yenidən baxılaraq tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2015-ci il 12 yanvar tarixli qərarı ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əvvəl olduğu kimi 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qeyd olunub ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bundan sonra avtomobil vasitəsinin istismarına görə yol vergisi hüquqi və fiziki şəxslər tərəfindən deyil, yanacaq istehsal və idxal edən şirkətlərin hesabına ödəniləcək.
Xatırladaq ki, Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2015-ci il 12 yanvar tarixli qərarına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdi.
Tarif Şurasının müvafiq qərarının ləğv edilməsini dəyərləndirən millət vəkilləri və iqtisadçı-ekspertlər prezidentin bu addımının təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Bir çox neft ölkələrində iqtisadi böhran yaşansa da, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edir

Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərdiyini deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın fikrincə, prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırıb: "Hesab edirəm ki, cənab Prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm! Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab Prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm!”
Yanacağın qiymətilə bağlı Tarif Şurasının narazılıq doğuran qərarının ləğvindən danışan İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə nəhayət, əhalinin gözləntilərinin baş verdiyini bəyan edib: 
"Benzinin qiymətinin 2 qəpik qaldırılmasına münasibət bildirərkən qeyd etmişdim ki, 1 il 2 ay bundan öncə, 2013-cü il dekabrın əvvəllərində benzinin qiyməti qaldırılanda, aidiyyəti qurumlar bunu əsasən dünya bazarında neftin qiymətinin xeyli artması ilə izah edirdilər. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya birjalarında neftin qiyməti "Azəri-Layt” markalı neft üçün 113 dollardan tədricən 50 dollardan da aşağıya enib. Ona görə də cəmiyyətdə belə bir fikir, gözlənti var idi ki, əgər neftin qiyməti qalxanda benzinin də qiyməti qaldırıldısa, indi neftin qiyməti kəskin surətdə aşağı düşdüyü şəraitdə benzinin qiyməti də aşağı salınmalıdır. Amma əhali bunun əksini gördü, benzinin qiyməti hər litr üçün 2 qəpik artırıldı. Bu elə bir ciddi rəqəm olmasa da, bunun hansı məqsəd daşımasından asılı olmayaraq, əhali səbəbinin açıqlanmasını istədi. Bunu nəzərə alaraq bildirmişdik ki, həmin sualın izahı açıq qaldıqca, narazılıq da qalacaq və ona görə aidiyyəti qurumlar həmin suala açıqlama verib aydınlıq gətirsələr, daha yaxşı olar. Belə də oldu, suala aydınlıq gətirilib”. Millət vəkili dünən prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif Şurasının qəbul etdiyi qərarı Azərbaycan üçün ən məqbul variant hesab edir: "Prezidentin tapşırığına əsasən, yanvarın 14-də Tarif (qiymət) Şurasının növbədənkənar iclasında neft məhsullarının qiymətlərinə yenidən baxılıb və "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvarın 12-dəki 1 nömrəli qərar ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən olunub.
Əgər yol vergisinin ləğv edilməsi müqabilində benzinin qiymətinin artırılmasından bu ilin büdcəsinə cəmi 78 milyon manat vəsait daxil olması nəzərdə tutulduğunu nəzərə alsaq, belə kiçik məbləğdən ötrü bu qədər böyük narazılığa nə ehtiyac vardı? Yeni variantda büdcə heç nə itirmir, yəni yeni variantda da büdcə həmin məbləği götürəcək, amma məsələ bundadır ki, prezidentin təklif etdiyi variant daha ədalətlidir. Çünki belə olan halda həm büdcə uduzmur, həm də əhali 78 milyon manat uduşlu olur. Ona görə də yeni variantı daha məqbul və ədalətli hesab edirəm”.
İqtisadçı-ekspert Azər Mehdiyev də prezidentin məlum qərarının doğru addım olduğunu qeyd edib: "Bu addımın atılması doğru qərardır. Təbii ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşdüyü bir dövrdə Azərbaycanda yol vergisi adı altında enerji daşıyıcılarının qiymətinin artırılması yolverilməzdir. Ən azı əhali neft məhsullarının qiymətinin aşağı salınmasını gözləyirdi. Bu fonda benzinin qiymətinin artırılması əhalinin haqlı narazılığına səbəb olmuşdu. Milli Məclis tərəfindən qanun qəbul olunanda yol vergisi benzinin gömrük qiymətində nəzərə alınmalı idi. Onsuz da enerji daşıyıcılarının qiyməti Azərbaycanda demək olar ki, digər ölkələrə nisbətən bahadır. Ona görə də əhali indiki məqamda benzinin qiymətinin aşağı salınmasını gözləyirdi. Belə olan halda Prezidentin qərarını doğru hesab edirik və atılan addım vaxtında verilən düzgün qərardır. Dövlət qurumları arasındakı əlaqənin kifayət qədər təmin olunmaması əhalinin inamını azaldan bir haldır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dövlət başçısının atdığı addımı yüksək qiymətləndirib. AİB sədri Prezident İlham Əliyevin reaksiyasının istehlakçıların hüquqlarının qorunması baxımından çox əhəmiyyətli olduğunu bildirib: "Bu, bir daha göstərir ki, ölkə prezidenti əhalinin narahatçılığını daim diqqətdə saxlayır. Prezidentin atdığı addım alqışlanasıdır. Bu, istehlakçıların hüquqlarının qorunması məqsədilə atılan addımdır. Benzinin qiymətinə yol vergisinin əlavə olunması düzgün bir məsələ deyildi. Azad İstehlakçılar Birliyinə qiymət artandan bəri çoxlu sayda zənglər gəlib. İstehlakçılar narazılıqlarını bildiriblər. Ümumiyyətlə, 2 qəpik olsa da, onun adı çox pisdir. Dünyada neftin ucuzlaşması fonunda birdən-birə yol vergisi məsələsi ilə əlaqədar benzinin qiymətinin artırılması çox pis qarşılanırdı. Bundan sui-istifadə edən bəzi işbazlar bəzi ərzaq məhsullarının, eləcə də çörəyin qiymətini qaldırmağa cəhd edirdilər”.
E.Hüseynov Tarif Şurasına təkliflərlə müraciət etdiklərini də qeyd edib: "Orada İctimai Şuranın yaradılmasını təklif etmişik. Səsvermə hüququna malik olmasa da, istehlakçıların səsini eşidən
bir mexanizm qurulmalıdır. Çünki Tarif Şurasının istənilən məsələdə verdiyi qərar istehlakçıların həyatına təsir göstərir. Təəssüflər olsun ki, İqtisadiyyat və Sənaye Nazirliyi bu təklifi hələ də dəyərləndirmir”.

Paytaxt sakinləri prezidentin qərarını necə dəyərləndirir?

Azərbaycanda yanacağın qiymətinin əvvəlki səviyyəyə qaytatılması vətəndaşların sevincinə səbəb olub. APA TV-nin xəbərinə görə, paytaxt sakinləri prezident İlham Əliyevin Tarif Şurasının qərarını ləğv etməsini müdrik addım kimi qiymətləndiriblər.
"Ölkə başçının bu qərarı əhalinin rifahına hesablanıb. Bu o deməkdir ki, Azərbaycan prezidenti əhalinin bütün təbəqələrini düşünüb”.
"Bu xəbər sürücülərin də ürəyincədir. Çünki benzinin qiymətinin qalxması daha çox avtomobili olan insanları narahat edir”.
"Özümün və ailəmin maşını olmasa da, bu addımı müsbət dəyərləndirirəm. Çünki cəmiyyətin sosial vəziyyəti bilavasitə nəzərə alınıb. Həkimlər, müəllimlər, dövlət büdcəsindən maaş alan insanlar bu addımı yəqin ki daha da alqışlayır”.
"Bir gənc kimi bu qərar məni də sevindirdi”.


Şəymən