Prezidentlər indi də Vaşinqtona çağırılır

Qarabağ danışıqlarına moderatorluq uğrunda mübarizə gedir



Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri Varşava ola bilər. Məlumata görə, iyulun əvvəlində Polşanın paytaxtında NATO-nun sammiti keçiriləcək. Sammitdə Rusiyanın alyansa ciddi təhlükə olduğu və NATO-nun Qara dənizdə hərbi potensialı artırması haqda elan veriləcəyi gözlənilir. Qurumun baş katibi Stoltenberq tədbirin təşkilatın tarixində dönüş nöqtəsi olacağını deyib.

NATO-nun Nyu-Portda keçirilən sonuncu sammitinə İlham Əliyev və Serj Sarkisyanın dəvət olunması və burada ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin müzakirə edilməsi növbəti görüşün Varşavada baş tuta biləcəyi ehtimalını artırır. Xatırladaq ki, mediada prezidentlərin Fransada bir araya gələcəyi ilə bağlı da informasiyalar yayılıb. Ekspertlərə görə, Rusiyanın birbaşa vasitəçiliyi ilə baş tutan Sankt-Peterburq görüşündən sonra Qərb ölkələri təşəbbüsü ələ almağa çalışırlar. İddialarla bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, Qərbin münaqişənin həlli ilə bağlı fəallığı aprel savaşından sonra başlayıb. Deputatın sözünə görə, moderatorluq uğrunda mübarizə gedir: "Əslində Qərbin niyyəti Rusiyanı sadəcə Dağlıq Qarabağ məsələsindən deyil, bütün siyasi proseslərdən kənarda saxlamaqdır. Ancaq bir məsələni vurğulamaq lazımdır. ABŞ və Avropa ölkələri Rusiyanın Sankt-Peterburq görüşündən sonra fəallaşmayıb. Əksinə, Rusiya Qərbin aktivləşməsindən ehtiyat edərək prezidentlərin görüşünü təşkil edib. Bundan sonra Qərb əks həmlələrə keçib. Çünki bütün həmsədrlər fərqindədir ki, məsələnin yubanması müharibənin yenidən böyük fazaya keçməsinə səbəb olar. Bu mənada hər üç həmsədr özünü "sülh göyərçini” kimi aparır”. T.Kərimli bildirib ki, vasitəçilərin üçü də özlərini Ermənistan qarşısında borclu hiss edirlər: "Vaxtı ilə Qərb dövlətləri SSRİ-ni dağıtmaqdan ötrü ermənilərdən yararlanıblar. Ona görə də Qarabağı Ermənistana peşkəş vermək istəyirlər. Dağlıq Qarabağın status məsələsi də bu səbəbdən ortaya atılıb. Rusiya isə Cənubi Qafqaz regionuna Ermənistan vasitəsilə nəzarət edir və özünü bölgənin hakimi sayır”. Millət vəkili vurğulayıb ki, Ermənistandakı qərbyönlü fəallıq həqiqəti əks etdirmir. Çünki rəsmi İrəvan Kremldən tam asılıdır: "Amma Azərbaycanın Qərbə çıxışları daha çoxdur. Əgər Moskva Azərbaycanı küsdürsə, rəsmi Bakının əlində real imkanlar var. Biz ABŞ və NATO-dan möhkəm yapışa bilərik. Bunu nəzərə alan və Azərbaycanı küsdürmək istəməyən Rusiya tərəflər arasında ortaq razılığa nail olmaq istəyir. Bu baxımdan prosesin tempi artıb. Hər halda Azərbaycan tərəfi bəyan edib ki, münaqişənin həllini daha 20 il gözləməyəcək”. Politoloq Tofiq Abbasov hesab edir ki, Varşavada İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün baş tutması real görünür. Onun sözlərinə görə, Qərb və Rusiya arasında Dağlıq Qarabağ münaqişəsi məsələsində sərt rəqabət gedir: "Qərb ölkələri son zamanlar bu məsələyə bir az dözümlü yanaşaraq, Rusiyanın bu işdə təşəbbüsünü dəstəklədi. İndi isə Vaşinqton və Moskva arasında rəqabət yeni məna almağa başlayıb. Burada qlobal baxımdan söhbət kimin daha vacib və güclü, son söz sahibi olmasından gedir. ABŞ dünyada baş verən heç bir prosesdən geri qalmaq, o cümlədən Qarabağ məsələsində birinciliyi əldən vermək istəmir. Bu baxımdan NATO-nun Varşavada keçiriləcək sammitində qərb ölkələrinin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı və prezidentlərin görüşəcəyi realdır”.

İsmayıl