Pərviz Heydərov:"Keçən ilin əvvəlindən banklardakı əmanətlərin həcmi azalıb. Həcmi azalırsa, deməli, ya əhali əmanətlərini geri çəkir, ya da cəlbedicilik olmadığından əmanət yerləşdirilməsi dayanıb""Ən mühüm amil odur ki, hər şey əhalinin banklara inamının necə və nə dərəcədə bərpa olunacağı tendensiyasından asılı olacaqdır”
"Xarici valyuta riskləri, zəif əməliyyat mühiti ölkənin bank sektorunda əsas maneə yaradan amildir”.
Bu sözləri "Sherg.az”a 2018-ci ildə bankların vəziyyəti haqqında danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O vurğulayıb ki, ümumi daxili məhsul (ÜDM) istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın yüksəlməsi 2017-ci ildə də banklar tərəfindən kreditləşdirməyə mane olmaqda davam edib:
"Kreditləşdirmə olmadan bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişir. Kredit portfelinin az qala 20 faizə yaxın hissəsi problemli sayılır. Hələ yaxşı ki, hökumətin Beynəlxalq Bankla (ABB) əlaqədar yürütdüyü siyasət, yəni, könüllü restruktizasiya planı uğurla alındı və müvəffəqiyyətlə həyata keçirilir. Yəni, ABB bağlanmadı. ABB bağlansa, bütün bank sektoru çökməli idi.
Bankları bu durumdan çıxartmaq tezliklə baş tutan məsələ deyil. Çünki bunun üçün gərək, iqtisadi aktivlik bərpa oluna, kreditə tələbat yarana, alış-veriş sürətlənə, banklar tərəfindən kreditləşdirmə 2014-cü ilə qədər olan vəziyyət qayıda. Eyni zamanda, problemli kreditlər məsələsi də həllini tapmalıdır. Bu məsələnin həlli uzandıqca, "yara böyüyür".
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov çıxışında qeyd etdi ki, xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə bizdə deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib. Bu, təbiidir. Ona görə ki, iqtisadiyyata istənilən mənfi təsirlər ilk növbədə məhz bank sektorunda özünü göstərməyə başlayır. Çünki bu sektor iqtisadiyyatın "qan-damar” sisteminin özəyini təşkil edir. Belə ki, banklar tərəfdən maliyyələşdirmədə problem yoxdursa, iqtisadiyyatda hər şey öz axarı ilə gedir. Yox əgər əksinədirsə, ÜDM istehsalında geriləmə müşahidə edilməyə başlanacaqdır.
Keçən ilin əvvəlindən banklardakı əmanətlərin həcmi azalıb. Və bu, heç də yaxşı tendensiya deyil. Belə ki, kommersiya banklarında depozitlərin həcmi azalırsa, deməli, ya əhali əmanətlərini geri çəkir, ya da cəlbedicilik olmadığından əmanət yerləşdirilməsi dayanıb. Hansı səbəbdən baş verdiyindən asılı olmayaraq isə depozit həcminin azalması banklar üçün likvidlik probleminin əsasını qoyur”.
İqtisadçının fikrincə, 2018-ci il ərzində problemli kreditlərin azalmağa doğru gedəcəyi, likvidliyin artacağı, kapitallaşma səviyyəsinin yüksələciyi gözlənilir:"Eyni zamanda, kapital dayanıqlığı olmayan bankların restrukturizasiyası, likvidliyik alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi istiqamətində də tədbirlər görüləcəyi deyilib.
Ümumiyyətlə, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.
Ancaq ən mühüm amil odur ki, hər şey əhalinin banklara inamının necə və nə dərəcədə bərpa olunacağı tendensiyasından asılı olacaqdır”.
Aysel Aslan