İqtisadi və sosial məsələlrlə bağlı keçirilən müşavirədə çıxış edən dövlət başçısı vətəndaşları narahat edən məsələlərdən birinin də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib.
Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb. Problemli kreditlərlə bağlı məsələnin həm insanları, həm də bankları çətin vəziyyətdə qoyduğunu vurğulayan ekspertlər prezidentin problemli kreditlərin həllini diqqətdə saxlaması, problemin həlli ilə bağlı yaxın gələcəkdə konkret addımların atılacağı ilə bağlı səsləndirdiyi bəyanatı olduqca mühüm və təqdirəlayiq hesab edir.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Sherg.az-a açıqlamasında problemli kreditlərlə bağlı məsələnin həllinin gözlənilən olduğunu deyib:
"Bir neçə ay əvvəldən bu istiqamətdə müəyyən məlumatların toplanıb təhlil edildiyinə dair məlumatlar yayılırdı. Əslində əhalinin böyük bir hissəsini narahat edən bu məsələ ilə bağlı ölkə başçısının gec- tez öz mövqeyini ortaya qoyacağını bilirdik.
Fikrimcə, sosial- iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə cənab Prezidentin problemli kredtlərlər bağlı verdiyi tapşırıq bu məsələnin həlli istiqamətində atılacaq addımların anonsudur. Yəqin ki yaxın günlərdə müvafiq qərarın da şahidi olacağıq.
Gözləntilərimiz belədir ki, əhalinin aztəminatlı təbəqəsinin borcları tamamilə silinəcək. Digər vətəndaşlar üçün də faizlər azaldılacaq ki əhalinin ödəmə qabiliyyəti artsın. Çünki əsas borcunu ödəməkdə çətinlik çəkən müştəri onun üzərinə gələn faizləri ümumiyyətlə, ödəyə bilmir. Devalvasiyanın yaratdığı fərqin aradan qaldırılması üçün müəyyən addımlar atıla bilər. Yaxşı olar ki, məsələ heç bir tərəfin üzərinə ağırlıq düşmədən öz həllini tapsın”.
Ötən iki ay ərzində ölkə başçısının əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atdığı addımları xatırladan professor deyib ki, prezident üçün vətəndaşların sosial məsələlərinin həlli bir qayda olaraq ön sırada yer alır:
"Onun cari ilin başlanğıcından ötən müddət ərzində insanlarımızın sosial problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının təsdiqidir. Bu gün Azərbaycan iqtisadiyyatının real durumu və ölkənin maliyyə vəziyyəti dövlətimizə imkan verir ki, heç bir çətinlik çəkilmədən insanlarımızın əmək haqlarının və təqaüdlərinin birdən-birə 30-40 faiz artımına getmək mümkün olsun. Və bu addımlar bir-birinin ardınca atılır. Minimal əmək haqqının birdən-birə 38,5 faiz - yəni 50 manat artımına getmək bu məsələdə prezident qətiyyətinin ifadəsi idi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında dünən imzalanan sərəncam da bir qrup insanların rifahının yaxşılaşmasına xidmət edəcəkdir. Sosial müvainətlərin artırılmasını özündə ehtiva edən bu sənəd geniş və ciddi bir addımdır. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı prezidentin imzaladığı fərman da öz növbəsində illərlə asılıb qalmış və insanlarımızı rahatsız edən ciddi bir problemin həllinə yol açdı. Bununla da Azərbaycan sıradan yox, sosial dövlət olduğunu bütün dünyaya göstərmiş oldu”.
Şəymən