PROQNOZ: "Neftin qiyməti yenidən qalxa bilər" - Hasilat azalır, tələbat artır

"Növbəti həftələrdə neftin qiyməti yenidən qalxacaq”
Bunu "Sherg.az”a iqtisadçı- ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, "qara qızıl"ın qiyməti artan tendensiya üzrə davam edir:
"ABŞ-ın İrana qarşı sanksiyaları son vaxtlar neftin qiymətində müəyyən artımlar yaratdı. Hətta oktyabrın 4-də sanksiyanın tətbiqi qiymət trendində hərəkətlənməni dahada gücləndirəcək. ABŞ maliyyə departamenti İranın neft ixracını dayandırmaq niyyətindədir. Bu kimi faktorlar da qiymətlərə müsbət təsir göstərir. 
Növbəti amillərdən biri də beynəlxalq reytinq agentliyinin Venesuelada neft hasilatının azalması ilə bağlı olan açıqlamasıdır. Gözlənilir ki, ilin sonunda, yəni növbəti üç ay ərzində "qara qızıl"ın hasilatı 20 faiz azala bilər. Bu da bazarlarda neftin azalmasına gətirib çıxaracaq. Bütün bu amillər neftin qiymətini bahalaşdırır.
 Qısa müddətli dövrdə "qara qızıl"ın qiymətinin enməsinə Dünya Enerji Agentliyinin 2019-cu ildən neftə tələbatın azaldılması haqqında olan açıqlaması şərait yaratdı. Agentlik növbəti il üçün istehsalın azaldılacağını bildirib. Bu da bazara sürətlə təsir edərək qiymətlərdə enmələr yaratdı. Amma növbəti həftələrdə qiymətin yenidən artması gözlənilir”.
Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 78 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar azalaraq 68,91 dollar olub.
Kənan Eynuroğlu