"... Pulla diplom almaq istəyənlər qınanmalıdır ! "







"Təhsil maarifçilikdən əlavə, biznes sahəsinə də çevrilib”.

Bunu "Sherg.az”a xaricdə təhsil vəd edən mərkəzlərin artmasından danışarkən filologiya üzrə fəlsəfə doktoru, tanınmış naşir, təhsil eksperti Rafiq İsmayılov söyləyib. 

O bildirib ki, xaricdə və ölkəmizdə biznesi əsas prinsip kimi qəbul edən ali təhsil müəssisələri var:

"Söhbət tələbəyə təhsil vəd edib, ödəniş tələb edən, onun oxuyub-oxumaması ilə maraqlanmayan universitetlərdən gedir. Amma bəzi ali təhsil müəssisələri öz markalarını saxlayırlar. Həmin universitetlər həm tələbədən yüksək miqdarda pul tələb edir, həm də o pula uyğun təhsil verirlər. Bizdə bundan istifadə edən vasitəçi təşkilatlar ortaya çıxır. Əslində onların fəaliyyətində qeyri-qanuni heç nə yoxdur. Pul hesabına diplom almaq fikrində olan insanları qınamaq lazımdır. Çünki zaman gələcək, diploma deyil, insanın ağlına, savadına önəm veriləcək. İşə götürülmə zamanı kənarda qalan həmin şəxslər isə vaxt və pul itkisi ilə qarşılaşacaq. Xaricdə təhsil müəssisələrinin əksəriyyəti bu cür insanlara xidmət edir.

Pul verib, diplom alan tələbənin gələcəkdə mütəxəssis kimi yetişib-yetişməyəcəyi, iş tapıb- tapmayacağı nə xaricdə təhsil müəssisəsini, nə də universiteti maraqlandırmır. İnsanın özü bunu nəzərə almalıdır”.

Xaricdə təhsil alan tələbələrin əksəriyyətinin diplomunun ölkəmizdə tanınmadığını vurğulayan R.İsmayılov deyib ki, burada qeyri-qanuni tərəf olmadığını deyib:

"Güman ki, həmin təhsil müəssisəsi qanuni fəaliyyət göstərir. Tələbəni yönləndirən xaricdə təhsil mərkəzi isə sadəcə vasitəçilik edir, pul qazanır.

Təhsil Nazirliyinin bəzi diplomları tanımamasına gəlincə, bu düzgündür. Nazirlikdə normal təhsil verən xarici universitetlərin siyahısı var. Onların diplomları ölkəmizdə tanınır”.

Aysel Aslan