Putin qatar əngəli yaradır
Bu, Rusiyanın büdcəsinə daha çox pul yığmaq məqsədi daşıyır
Rusiya qatarlarını reysdən çıxarır. Rusiyaya çörək pulu ardınca getmiş soydaşlarımız üçün bu, çox pis bir "sürprizdir”. Xüsusən də bayramqabağı. "Rusiya Dəmir Yolları” ASC elan edib ki, dekabrın 16-dan Rostov-Bakı, dekabrın 18-dən Tümen-Bakı, dekabrın 20-dən etibarən isə Moskva-Bakı sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Tümen-Bakı sərnişin qatarının əvəzinə "Rusiya Dəmir Yolları” ASC dekabrın 14-dən etibarən Tümen-Mahaçqala qatarını xəttə çıxaracaq.
"Rusiya Dəmir Yolları” ASC bu addımı sözügedən qatar reyslərinin rentabelli olmaması ilə izah edib. Zərbə isə təbii ki, bizim soydaşlarımıza dəyəcək. Dünənədək Moskvaya və ya Rusiyanın hansısa digər şəhərinə birbaşa qatar reysi ilə gedən soydaşlarımız indi rusların təbirincə desək, "peresadka” edib getməli olacaqlar. Bu da əlbəttə, əlavə xərcdir. Hansı ki, həmin əlavə xərc olmasaydı, binəva həmvətənlərimiz övladlarına bir az da artıq pul göndərə biləcəkdilər.
Məsələ ilə bağlı AzərTAc-a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, şimal istiqaməti üzrə hərəkət edən "Rusiya Dəmir Yolları” ASC-yə aid qatarların hərəkətinin dayandırılmasından sonra yarana biləcək sərnişin axınının aradan qaldırılması üçün lazımi tədbirlər görülür: "Rostova səfər edən sərnişinlər Bakı-Xarkov qatarından, Tümenə getmək istəyənlər isə Bakı-Moskva və Bakı-Xarkov qatarından istifadə edə bilərlər. Belə ki, sərnişinlər Mahaçqalayadək gedib, oradan Mahaçqala-Tümen qatarına minərək yollarına davam edə bilərlər. Bu, əks istiqamətdə gələn sərnişinlərə də aiddir”.
Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir, cədvəl üzrə hərəkət edəcək.
N.Əzməmmədov qeyd edib ki, "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Bakı-Moskva sərnişin qatarına bütün biletlər satılır və əgər ehtiyac yaranarsa, qatara əlavə vaqonların qoşulması məsələsinə də baxıla bilər.
İqtisadçı Samir Əliyev isə "Şərq”ə açıqlamasında "Rusiya Dəmir Yolları” ASC-nin addımını soydaşlarımız üçün arzuolunmaz hesab edir:
- Bilirik ki, təyyarə biletləri çox bahadır, avtobuslarla da səfər etmək həm böyük narahatlıqdır, həm də Rusiyanın elə ucqar bölgələri var ki, oralara avtobusla getmək qeyri-mümkündür. Ən rahat və nisbətən sərfəli nəqliyyat vasitəsi dəmir yolu idi ki, soydaşlarımız rahat şəkildə gedib-gəlirdilər. Amma dekabr ayından etibarən tətbiq olunan yeniliklər soydaşlarımızı həqiqətən də çətin duruma salacaq. Xüsusən, nəzərə alsaq ki, qarşıdan Yeni il bayramı gəlir, gediş-gəliş artacaq, qatar reyslərinin ləğvi heç yaxşı olmadı. Üstəlik, bu, təyyarə biletlərinin qiymətinin qalxmasına da təsir edəcək. Ümumilikdə, Rusiyada çalışan soydaşlarımızın büdcəsinə zərbə dəyəcək. Amma Rusiya iqtisadiyyatı bundan qazanacaq. Təsəvvür edin ki, Moskvaya gedən adam Bakıdan Rostovadək bir qatarla gedib, orada başqa bir qatara minməlidir. Bu da ikiqat xərcdir. Rusiya hökuməti elə bunu nəzərə alaraq birbaşa qatar reyslərini dayandırır. Bilirik ki, son zamanlar Rusiyada iqtisadi baxımdan vəziyyət ağırlaşır. Ona görə də hökumət çalışır ki, əlavə xərcləri azaltsın. Və müəyyən ixtisarlar etməyə başlayıb. Nəqliyyat sektorunda tətbiq edilən dəyişikliklər əlavə xərclərin azaldılmasına hesablanıb. Qatar reyslərinin dayandırılması nəqliyyat xərclərinin optimallaşdırılması məqsədi daşıyır. Rusiya üçün əsas məqsəd bacardıqca çox gəlir əldə etməkdir. Rusiya hökuməti soydaşlarımızın gəlməsində maraqlıdır, baxmayaraq ki, ara-sıra əməkçi miqrantlarla bağlı sərt qaydalar tətbiq edirlər. Amma bütövlükdə soydaşlarımızın Rusiyada işləməsi bu ölkəyə də sərf edir, çünki ucuz işçi qüvvəsidir.
Qatar reyslərini dayandırmaqla bilirlər ki, nə olsa da, bizimkilər bilet alıb Vətənə gedəcəklər, başqa çıxış yolları yoxdur. İnsanların çarəsizliyindən maksimum yararlanmağa çalışırlar.
Əlavə olaraq, onu da bildirim ki, Rusiya dəmir yollarında ən ucqar nöqtəyə - Kamçatkaya qədər sürət qatarları işləyir. Ola bilsin ki, reysdən çıxarılan qatarların əvəzinə, gələcəkdə həmin sürət qatarları işləsin. Bunlar da əlbəttə bahalıdır.
Bəs belə vəziyyətdə Azərbaycan tərəfi nə edə bilər?
S.Əliyev qeyd etdi ki, Azərbaycan hökuməti birtərəfli qaydada nəyisə dəyişə bilməz. Bunun üçün ikitərəfli razılaşma olmalıdır:
- Azərbaycan tərəfi sərnişin sıxlığını nəzərə alıb qatar reyslərinə əlavə vaqonlar qoşa bilər. Deyəsən, belə addım atmaq fikri də var. Bundan başqa nəsə etmək, indiki halda, hələ ki, mümkün deyil. Biz birtərəfli qaydada qatar reysləri təşkil edə bilmərik.
Məlahət Rzayeva