Putinin Türkiyə səfərində Qarabağ yada düşübmü?




Elman Nəsirli: "Rusiya Türkiyənin xahişini yerinə yetirəcək. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə loyal münasibət bəsləyə bilər”

Vəfa Quluzadə: "Türkiyə Azərbaycanla bağlı önəmli danışıqlar apara və Qarabağla bağlı Putinə təsir edə bilər”

Fərhad Mehdiyev: "Türkiyə Qarabağ məsələsində Rusiyanı heç cür razı sala bilməyəcək”

Musa Qasımlı: "Rusiya-Türkiyə münasibətlərinin inkişafı həm bizim, həm də regionun bütün xalqlarının xeyrinədir”

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla görüşü hər iki ölkənin gündəmində geniş müzakirə olunur. Bəllidir ki, ciddi iqtisadi tərəfdaş olan Türkiyə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara nəinki qoşulmayıb, əksinə, şimal qonşumuzla iqtisadi-ticari, kənd təsərrüfatı və energetika sahələrindəki əməkdaşlığı bir qədər də genişləndirmək qərarına gəlib.

Türkiyə tərəfi açıq şəkildə Rusiyada sanksiyaların doğurduğu məhsul qıtlığı və xidmət boşluğunu doldurmaq niyyətində olduğunu bildirib. Rusiya qaynaqlarının bildirdiyinə görə, görüş zamanı liderlər ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, qlobal və regional mövzulara da toxunublar.

Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana nə vəd edir?

Səfərlə bağlı diqqət çəkən maraqlı detallardan biri Putin Türkiyədə ikən Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Ərdoğana zəng eləməsi olub. İstisna deyil ki, Ərdoğan-Putin təmasları ərəfəsində iki qardaş ölkənin rəhbərləri Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu baxımdan sözsüz ki, Türkiyə-Rusiya münasibətlərinin səviyyəsi və xarakteri Azərbaycan-Rusiya münasibətlərinə və Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Rusiyalı politoloq Qriqori Trofimçuk da Qarabağ məsələsinin Ankaradakı müzakirələrdən kənarda qalmayacağını deyib. Bir sıra əcnəbi və yerli ekspertlər də hesab edir ki, Türkiyənin Qarabağ probleminin həlli istiqamətində istər ABŞ, istərsə də Rusiya ilə təmasları yüksək dəyərləndirilməlidir. Amma o məqamlar da nəzərə alınmalıdır ki, Türkiyə Rusiyadan Qarabağ münaqişəsinin həlliylə bağlı nəsə əldə etmək üçün Kremlə müəyyən güzəştlər etməlidir. Türkiyənin isə hazırda Rusiyaya ciddi təzyiq rıçaqları yoxdur. Türkiyə ilə Rusiya əlaqələrinə nəzər salan zamanda iki dövləti sırf praqmatik münasibətlərin birləşdirdiyini görmək olar. Amma bununla belə Türkiyənin Qarabağ problemini xarici siyasətin tərkib hissəsinə çevirməsi, onu beynəlxalq münasibətlərdə gündəmdə saxlaması təqdirəlayiqdir.

"Putin-Ərdoğan dostluğu Dağlıq Qarabağ münaqişəsinə təsir edəcək”

Siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir: "Türkiyə və Rusiya arasında fikir ayrılıqları mövcuddur. Suriya böhranı, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması kimi məsələlərdə rəsmi Ankara və Moskva müxtəlif mövqelərdən çıxış edirlər. Bütövlükdə isə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul edirlər. Türkiyə Qərbin müttəfiqi olsa belə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu hadisənin özü də Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi üçün münbit şərait yaradıb. Hər iki dövlətin hazırkı vəziyyətdə düşdükləri şərait onların yaxınlaşmasını təmin edir. Məlumdur ki, Rusiya çox ciddi maliyyə sanksiyalarına tuş gəlib. Türkiyəyə isə qondarma erməni soyqırımı ilə bağlı təzyiqlər güclənib. Xüsusilə də Roma Papasının Türkiyə səfəri zamanı Ermənistanla sərhədlərin açılmasının vacibliyi ilə bağlı bəyanatı bunu bir daha təsdiqləyir. Yəni, Türkiyəyə qarşı siyasi təzyiqlərə dini təzyiqlər də əlavə olunub. Belə vəziyyətdə Moskva və Ankara münasibətlərinin inkişaf tendensiyası diqqəti cəlb edir”. Professorun fikrincə, iki dövlətin yaxınlaşan münasibətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirsiz qala bilməz: "Ermənistanın özündə bir çox siyasi dairələr onların müttəfiq hesab etdikləri Rusiya ilə düşmən hesab etdikləri Türkiyənin münasibətləri daha da inkişaf etməsindən böyük narahatlıq hissi keçirirlər. Bu gün bir çox erməni ekspertləri bu yaxınlaşmadan narahatdır və həyəcan təbili çalırlar. Onların fikirlərinə görə, hadisələrin bu inkişafı elə bir nəticəyə çıxaracaq ki, Rusiya Türkiyənin xahişini yerinə yetirəcək. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə loyal münasibət bəsləyə bilər”.

"Bəlkə də Türkiyə yalnız öz maraqlarından çıxış edib”

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə Azərbaycanla bağlı önəmli danışıqlar apara və Qarabağla bağlı Putinə təsir edə bilər: "Rusiya ilə Qərb qarşıdurma vəziyyətindədir. Əgər belə bir vəziyyətdə Türkiyə Putinə razılıq versə ki, Ankara Rusiyaya külli miqdarda ərzaq və başqa məhsullar çatdıracaq, bu, iqtisadi cəhətdən Türkiyəyə baha başa gələcək. Türkiyə belə bir qərar qəbul edərsə, qəti şəkildə Rusiyadan Dağlıq Qarabağın və ətraf ərazilərin azad olunmasını tələb etməlidir. Əlbəttə, konkret olaraq Türkiyənin belə bir addım atıb-atmadığı bilinmir. Bəlkə də Türkiyə yalnız öz maraqlarından çıxış edib. Düşünürəm ki, danışıqlarda toxunulan bir çox məsələlər mətbuata açıqlanmayacaq”.

"Türkiyə Qarabağ məsələsində Rusiyanı heç cür razı sala bilməz”

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev Türkiyənin Rusiya ilə əlaqələrindən istifadə edərək Qarabağ məsələsində Azərbaycana dəstək olacağını düşünmür: "Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri əvvəldən az olub. Bundan sonra da artmayacaq. Ukrayna məsələsində Krım Rusiya üçün nə dərəcədə əhəmiyyətlidirsə, Qafqaz siyasətində də Qarabağ və Ermənistan faktoru Kreml üçün o qədər mühüm rol oynayır. Türkiyə Qarabağ məsələsində Rusiyanı heç cür razı sala bilməyəcək. Çünki Moskva üçün Dağlıq Qarabağ həyat əhəmiyyətli məsələdir”.

"Nə vaxt Rusiya-Türkiyə münasibətləri korlanıbsa, Azərbaycan bundan ziyan çəkib”

Millət vəkili, professor Musa Qasımlı Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edərkən deyib ki, Azərbaycan hər zaman Rusiya ilə Türkiyə arasında etibarlı körpü rolu oynayır: "Bəzi güc mərkəzləri Rusiya ilə Türkiyənin düşmən ölkə olduqlarını deyir, amma əslində bu belə deyil. Bu iki ölkə bir-birini başa düşən böyük dövlətdirlər. Türkiyə və Rusiya ən çətin anlarda bir yerdə olublar və bir-birinə dəstək veriblər. Regiondakı məsələlərin həlli də əsasən Türkiyə-Rusiya münasibətlərindən asılı olub. Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin normal inkişafında maraqlıdır. Çünki iki ölkə arasında münasibətlər pozulduqda, bundan əziyyət çəkən Azərbaycan olub. Ona görə də hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin inkişafı həm , həm də regionun bütün xalqlarının xeyrinədir”.