Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. 
Keçən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. 
Dekabrın 24-də açılışı olan Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi də qeyd edilənlərin təsdiqidir. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan yeddimərtəbəli yaşayış binası inşa olunub. 
Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. 
Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 
Evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır. Bu da 55 min ailə deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. 
Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. 146 evdən ibarət olacaq qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. 
Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilir. Qəsəbədəki evlərin hər birinin sanitar qovşağı və 12 sot həyətyanı sahəsi olacaq. Qəsəbədə infrastruktur işləri də həyata keçirilir. Hər biri 300 kubmetr olan iki ədəd içməli su anbarından birinin inşası başa çatıb.
Bu kateqoriyadan olan insanlara göstərilən diqqətin ilbəil artdığını söyləyən millət vəkili Aydın Hüseynov "Sherg.az"a söyləyib ki, ölkədə sosial sahədə aparılan bütün işlər Azərbaycan prezidentinin vətəndaşlarımıza, məxsusi olaraq qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə olan qayğısının bariz nümunəsidir:
Doğrudan da cənab Prezident qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ qazilərinin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın aprel döyüşçülərinə, eləcə də digər qazilərə göstərdiyi diqqət və qayğı da ortadadır. 
Müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yalnız bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev, mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca bu işlər də davam etdiriləcək”.
Ayyət Əhməd