“Qafqaz evi” o vaxt reallaşar ki...

...Ermənistan işğal etdiyi ərazilərdən çıxar



Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin irəli sürdüyü "Qafqaz evi” ideyası zaman-zaman gündəmə gətirilir. Və ətrafında ciddi müzakirələr açılır. Lakin məsələnin reallaşmasının şahidi olmuruq. Yerli ekspertlər bunun səbəbini Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində destruktiv mövqe sərgiləməsi ilə izah edirlər.

Məlumat üçün bildirək ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiyanın qoşulmasını nəzərdə tutan ideyanın əsas məzmunu regionun bütün dövlətləri arasında bərabərhüquqlu münasibətlərin yaradılması, din və etnik mənsubiyyətindən asılı olmayaraq, milli azlıqlara hörmət əsasında əlaqələrin qurulması, etnik və dini dözümlülüyün hər zaman gözlənilməsindən ibarətdir.

İdeyanın gerçəkləşməsini əngəlləyən səbəblər barədə "Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, bu, quru sözdən və kimlərinsə sülhpərvərlik görüntüsü yaratmasından başqa bir şey deyil: "Qafqazda sərhədlər pozulub. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Arada düşmənçilik var. Belə olan halda hansı evdən söhbət gedə bilər? İdeya o vaxt reallaşar ki, düşmən ölkə işğal etdiyi ərazilərimizdən çıxsın. Dövlət sərhədləri bərpa olunsun. Konflikt ədalətli həllini tapsın. Sülh sazişi imzalansın. Bundan sonra oturub, həmin məsələ haqqında düşünmək olar”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu da vurğulayıb ki, işə maneə törədən rəsmi İrəvandır: "Bura Ermənistan da qatılmalıdır. Onun iştirakı üçün Dağlıq Qarabağ problemi uğurla tənzimlənməlidir. İttifaqın yaranması bütövlükdə bölgə dövlətlərinin xeyrinədir. İrəvan bunu anlamır. Torpaqlarımız boşaldılmayana qədər "Qafqaz evi” ideya olaraq qalacaq”.

Ayyət Əhməd