"Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir” - Elmi-praktiki konfrans + Fotolar

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Akt zalında DİA və Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun (TODAİE) təşkilatçılığı ilə "Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsi” mövzusunda beynəlxalq elmi-praktiki Konfrans keçirilib. Konfransa qatılan tarixçi-alimlər Bakının, bütövlükdə Azərbaycan xalqının xilaskarı olan Qafqaz İslam Ordusunun fəaliyyəti haqqında məruzələrlə çıxış ediblər. 
"Sherg.az" tədbiri giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açıb. Azərbaycanın hazırki siyasi və iqtisadi inkişafına diqqət çəkən rektor tərəqqinin kökündə tariximizin dayandığını bildirib. Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun baş direktoru, professor Onur Ender Aslan bu cür bir konfransın yaxın günlərdə Türkiyədə keçiriləcəyini deyib. Onur Ender Aslan TODAİE-nin qısa müddət ərzində Azərbaycan tərəfi ilə birlikdə mühüm tədbirlərə imza atdığını bildirib: "Demək olar ki, iki aydan bir Bakıda toplaşırıq və elmi konfranslar təşkil edirik. Xüsusən, Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlığımız bütün dünyaya nümunə olacaq səviyyədədir. Toplantılarımız sıradan toplantı deyil. Xalqlarımız xoş və dar günlərində bir-birinin yardımına tələsib. Qafqaz İslam Ordusu qardaşlığımızın ən şanlı örnəklərindən, səhifələrindən biridir. Babalarımız 100 il əvvəl Bakıya köməyə getmişdilər. Eyniylə Azərbaycan türkləri Çanaqqalada, Sarıqamışda, Trablusqarpda Osmanlı türklərinə yardım ediblər. Ehtiyac duyulan anda köməyə gəlmək böyük qəhrəmanlıqdır. Biz bunu indiki və gələcək nəsillərə ən mükəmməl şəkildə anlatmalıyıq”.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova "Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Tarixçi-alim əsas diqqəti Qafqaz İslam Ordusunun yaradılması ideyasından və onun Azərbaycan, ümumilikdə region üçün əhəmiyyətindən danışıb: 
"Qafqaz İslam Ordusu 1918-ci ildə yaradılıb. Lakin Qafqazda müsəlmanlardan ibarət bir ordunun yaradılması Osmanlı dövlətinin maraqlarından irəli gəlirdi. Xüsusən, Balkanlarda millətçilik hərəkatının güclənməsindən sonra Osmanlı dövləti türk-müsəlmanların əksəriyyət təşkil etdiyi bir bölgədə ordunun yaradılması ideyası ətrafında düşünürdü. Bu ideyanın gerçəkləşməsi 1918-ci ilə təsadüf etdi. 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə fərqli siyasi konyuktura yarandı. O zamana qədər Qafqaz İslam Ordusu yox idi, amma Qafqaz cəbhəsi var idi. Bu, Osmanlı ilə Rusiya arasında əsas cəbhə, açıq müharibə meydanı sayılırdı. Rusiya müharibədən çıxdıqdan sonra Qafqazda vəziyyət dəyişməyə başladı. Qafqaz İslam Ordusunun yaradılmasına Osmanlının yeritdiyi bir siyasətin tərkib hissəsi olaraq baxmalıyıq. Ancaq Qafqaz İslam Ordusunun ən mühüm missiyasından biri qurtuluş amilidir. Həmin dövrdə Qafqazda dinc müsəlmanlar erməni və bolşeviklər tərəfindən kütləvi şəkildə qətlə yetirilirdi. Azərbaycanda dövlət yox idi, amma buna baxmayaraq, müxtəlif yerlərdən ictimai xadimlər Osmanlı dövlətinə müraciətlər edirdi. Vurğulanırdı ki, Azərbaycanın yeganə pənahı Osmanlı əsgəridir”.
Professor Selma Yel isə "100-cü ilində Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və Bakı İslam Ordusunun köməyi” mövzusunda fikirlərini bəyan edib. Alim vurğulayıb ki, İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rol oynayıb:
 "Tarixdən dərs alınmazsa, həmin tarix təkrarlanar. Yəni tarix ondan ibrət alındığı müddətcə faydalıdır. Qismət elə gətirib ki, taleyimiz eyni olub. Bu baxımdan tarixdən dərs çıxarmalı və əvvəlki səhvləri təkrar etməməliyik. Təəssüflər olsun ki, Türkiyədə yaxın zamana qədər Bakı İslam Ordusu və Nuri Paşa haqqında heç bir məlumat olmayıb. Son illər ərzində onun kimliyi və fəaliyyəti araşdırılmağa başlanılıb. Azərbaycanda isə Nuri Paşanı çox gözəl tanıyır və sevirlər. Osmanlı 7 cəbhədə savaşdığı halda Azərbaycan türklərini unutmayıb. Osmanlı əsgərləri könüllü olaraq, heç bir təlimat olmadan Azərbaycandakı qardaşlarına köməyə gediblər”.
Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan Cümhuriyyəti mətbuatında Qafqaz İslamOrdusu” mövzusunda maraqlı çıxış edib. Baş redaktor bildirib ki, hərbi struktur olan Qafqaz İslam Ordusu Azərbaycanın azadlığı uğrunda 6 ay savaş aparıb: 
"Qafqaz İslam Ordusunun siyasi mahiyyəti ondan ibarət idi ki, burada eyni millətə və eyni dinə mənsub olan insanlar vahid orduda birləşmişdilər. Bu ordunun sayəsində 1918-ci il Tiflisdə elan olunan İstiqlal Bəyannaməsində nəzərdə tutulan Azərbaycanın tarixi sərhədləri reallığa çevrildi. 6 ay davam edən savaşlarda 1146 Osmanlı əsgəri və 2000 Azərbaycan əsgəri şəhid oldu. Onların qanı bir-birinə qarışdı. Bu, Türkiyə və Azərbaycanın bugünü və gələcəyi üçün çox böyük örnək ola biləcək tarixi faktdır. Qürur duyacağımız şərəfli bir tarixdir”. 
Cümhuriyyət dönəmində mətbuatı təsvir edən A.Aşırlı bildirib ki, həmin dövrdə Azərbaycanda həm milli, həm də bolşevik mətbuat orqanları var idi: "Bundan başqa erməni, gürcü və alman dilində dilində nəşr olunan qəzetlər fəaliyyət göstərirdi. Bu qəzetlər müxtəlif siyasi-ideoloji mövqeləri sərgiləyirdi. Fərqli siyasi qruplar öz mübarizələrini təkcə meydanlarda deyil, həm də qəzet səhifələrində aparırdılar. Məlumdur ki, 1918-c ildə erməni-daşnakları və bolşeviklər tərəfindən Azərbaycanda xeyli insan qətlə yetirildi. Azərbaycanda milli mətbuat orqanları sıradan çıxarıldı. 1918-ci ildən sonra anadilli iki mətbuat orqanı var idi. Bunlar 1906-c ildə təsis edilən və günümüzə qədər gəlib çıxan, bolşeviklərə məxsus "Bakinski Raboçi” və bir də "Hümmət” qəzetləri idi. Həmçinin, "Bakı Şurasının Əxbarı” qəzeti də çıxırdı”. 
Baş redaktor bəyan edib ki, Qafqaz İslam Ordusunun və Nuri Paşanın Bakıya gəlməsinin ilk xəbərləri məhz "Bakinski Raboçi” qəzetində və Gürcüstanda nəşr olunan "Borba” qəzetində verilib:
 "O vaxtı milli mətbuat orqanları çox olmadığından Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi yalnız Tiflisdə mövcud olan anadilli mətbuat orqanlarında öz əksini tapırdı. Mirzə Bala Məmmədzadənin nəşr etdirdiyi "Gənclər Yurdu”, "Gənclər Sədası” qəzetlərində Qafqaz İslam Ordusu ilə bağlı yeganə fakt Əhməd Cavadın Azərbaycan milli ordusunun ilk marşını yazması ilə bağlı idi. Əhməd Cavad öz qeydlərində bu marşı Nuri Paşanın xahişi əsasında yazdığını bildirirdi. Aydındır ki, bolşeviklər Azərbaycanın müstəqilliyinin əleyhinə çıxırdılar və "bölünməz Rusiya” missiyası ilə çıxış edirdirlər. Buna rəğmən, "Bakinski Raboçi” qəzetinin sayında Nuri Paşanın Gəncəyə gəlişi və Qafqaz İslam Ordusunun say tərkibi barədə məlumatlar yer alırdı. Azərbaycana Mosuldan, Təbrizdən və başqa yerlərdən 480 nəfərdən artıq zabit və əgsər gəlmişdi. Ancaq "Bakinski Raboçi” qəzeti həmin sayı 40-50 kimi göstərirdi. Bolşevik mətbuatı xalq arasında milli duyğuları öldürmək və Qafqaz İslam Ordusunun mahiyyətini kiçiltmək üçün güclü təbliğat aparırdı. "Hümmət” qəzeti bolşevik ideyasını təbliğ etsə də, kifayət qədər obyektiv yazılara yer verirdi. Çox təəssüf ki, sovet dönəmində bu qəzetlər yaxşı araşdırılmayıb və hətta təhrif olunub. "Hümmət” qəzeti Qafqaz İslam Ordusunun döyüşləri barədə məlumatlar verir, bolşevik qoşunlarının Qafqaz İslam Ordusu qarşısında duruş gətirmədiyini faktlarla yazırdı. Yəni həmin dövrdə ideoloji məqamları çıxsaq, müəyyən mənada obyektiv yazılara rast gəlmək mümkün idi”.
Tarix elmləri doktoru Mehman Süleymanovun məruzə mövzusu isə "Qafqaz İslam Ordusunun yaranması və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi” olub: "Qafqaz İslam Ordusu hər şeydən əvvəl hərbi strukturdur, iki türk xalqının yaratdığı ortaq hərbi təşkilatdır. Amma ən əsası isə Azərbaycan-Türkiyə qardaşlığının, birgə fəaliyyətinin bariz nümunəsidir. Məhz bu ordunun sayəsində Azərbaycanın müstəqilliyini qorumaq və xalqın əmin-amanlığını təmin etmək mümkün oldu. Həmçinin, təhlükələr aradan qalxdı”.
Tarixçi Miyase Koyuncu Kaya "1918-ci ildə Qafqaz məsələləri Osmanlı mətbuatında” mövzusunda çıxış edib. O, bildirib ki, Qərb ölkələrini xüsusən, müttəfiq Almaniyanı "narahat” etməmək üçün Osmanlı dövlətinin mətbuat səhifələrində Qafqaz İslam Ordusu Osmanlı əsgərlərindən ibarət hərbi dəstə kimi deyil, Qafqaz türk əsgərləri, Azərbaycan türklərinin hərbi təşkilatı şəklində verilirdi.
İsmayıl