"Avtobus sürücülərinin məhkumluğu haqqında araşdırma yeni deyil, uzun müddətdir aparılır”.
Bu barədə "Sherg.az”a 461 avtobus sürücüsünün məhkumluğu haqqında araşdırmaya münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, təxmini bir ildir Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülər haqqında məlumatları araşdırmaqla məşğuldur:
"Hədəf odur ki, məhkumluğu olan şəxslər barədə tədbirlər görülsün. Onların işdən kənarlaşdırılması müzakirə mövzusu deyil. Həmin məhkumlar içərisində elələri var, 90-cı illərdə, əvvəllər xırda maddələrlə həbs edilib. Məsələn, kredit borcunu ödəyə bilmədiyinə görə, həbs edilmiş şəxslər var. Onların təhlükəsi ola bilməz. Yeni həbsdən çıxan şəxslərin işləməsi faktı qeydə alınmayıb.

Məhkumluğu olan sürücülərin məsələsinə baxarkən, humanizm, qanun və təhlükəsizlik aspektlərini nəzərə almalıyıq. Keçmiş məhkumların sosial adaptasiyası haqqında qanun layihəsində göstərilir ki, onlara şərait yaratmaq, işlə təmin etmək, mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atmaq lazımdır.
Yol hərəkəti haqqında qanunlarda məhkumluğu olan şəxslərin sürücü işləməməsi haqqında maddə yoxdur. Yalnız sürücülük hüququndan məhrum edilmiş, ağır yol nəqliyyat hadisəsi törətmiş, qatı xuliqanlıq, ağır cinayətlərdə adı hallanan şəxslər kənarlaşdırıla bilər.
Nəqliyyat məsələlərində əsas problem ümumi sürücü kontingentində problem olmasıdır. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülür”.
Qeyd edək ki, BNA daşıyıcılarla aparılan birgə iş nəticəsində 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu ünvanlayıb. Göndərilən arayışlar nəticəsində 461 sürücünün məhkumluğunun olduğu müəyyənləşib.
Aysel Aslan