Qarabağ danışıqları dalana dirənmək üzrədir

Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları növbəti hərbi əməliyyatlara şərait yaradır



Özünü Dağlıq Qarabağdakı qondarma rejim "rəhbərinin müşaviri” qismində təqdim edən Tiqran Abramyan Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət aparıldığını iddia edib. Baş nazir Nikol Paşinyandan sonra o da danışıqlar prosesinə qondarma rejimin nümayəndəsinin tərəf kimi qatılmalı olduğunu söyləyib. Eyni zamanda bildirib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları bərabərhüquqlu icmalar deyil. Yəni separatçının fikrincə, "əzilən” erməni icması bölgədə daha yüksək statusa malik olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev T.Abramyanın sərsəm fikirlərinə cavab verib. Qurum sədri bildirib ki, danışıqların davam etdirilməsi ilə bağlı ümumi razılaşmadan sonra separatçı tərəfin bu cür açıqlamalar verməsi təxribat məqsədlidir. Onun fikrincə, belə yanaşma həm danışıqların sülh yolu ilə həllinə zərbə vurur, həm də əhalinin sülhə hazırlanması prosesini başlamadan bitirir.

Düşmən tərəfin təxribatçı açıqlamalarını "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında gedən danışıqlar dalana dirənmək üzrədir. Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları növbəti hərbi əməliyyatlara şərait yaradır: 

"Paşinyanın İranda erməni ictimaiyyəti ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ ermənilərinin tərəf kimi danışıqlarda iştirakını yenidən gündəmə gətirməsi münaqişənin həllində "təkərə ağac soxmaq” kimi qiymətləndirilir. Erməni tərəfi həmçinin, Qarabağın türk əhalisinin danışıqlarda tərəf kimi iştirakına da kəskin münasibət bildirib. Separatçı rejimin nümayəndəsi Tiqran Abramyanın özlərini"əzilən tərəf” kimi təqdim etməsi və bu səbəbdən də yalnız onların danışıqlarda tərəf kimi iştirak etmək hüququnun olmasını iddia etməsi növbəti həyasızlıqdır”.

Analitikin fikrincə, bu həyasız fikirlərin yaranmasının səbəbləri var: 

Son bir neçə il ərzində Azərbaycanla sıx əməkdaşlıq edən Avropa ölkələri və ABŞ dəfələrlə işğal olunmuş ərazilərin azad olunmasını tələb ediblər. Rusiyanın iştirakı olmayan görüş və danışıqlarda hətta bu istiqamətdə razılıq da əldə olunub. Bu tələbləri "iqnor” etməyin yeganə yolu razılaşdırılması mümkün olmayan tələblərin irəli sürülməsidir. Hətta bu yaxınlarda tərəflərə "xalqı böyük sülhə hazırlayın” tapşırığı da verilmişdi. 

Lakin problemin real səbəbkarı olan Rusiya hər zaman olduğu kimi öz mövqeyindən geri çəkilmək istəmir. Paşinyanın da davranışının kökündə məhz bu faktor dayanır. O səbəbdən də Paşinyan Moskva, Paris və Tehran arasında manevrlər edərək problemin mümkün həllinə qarşı arqumentlər axtarmaqdadır. Gürcüstan Prezidenti Salome Zurabişvili Bakıda bizimlə eyni aqibəti yaşadıqlarını dilə gətirərək işğalçının ünvanını bizə göstərdi”.

İsmayıl