"“Qarabağ klanı Paşinyana qarşı revanşa hazırlaşır" - Gərginliyin pik həddi






"Ermənistanda Qarabağ müzakirələri pik həddə çatıb. Artıq "Qarabağ klanı” siyasi cəhətdən hərəkətlənir və bəyanatlar verirlər”.

Bunu "Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, Sarkisyan və "Qarabağ klanı" çoxdan bu məqamı gözləyirdi. Çünki "Qarabağ klanı”nın xalqa bundan savayı deməyə sözü yoxdur: 

"Ermənistan əhalisi 20 ildir ki, "Qarabağ klanı”nın bu nağıllarını eşidib, bundan sonra Qarabağ kartından istifadə edən Sarkisyanın bu oyununa dəstək verməyəcəklər. Bu gün Ermənistan əhalisini Qarabağ deyil, demokratik inkişaf və sosial problemlər maraqlandır. 

Məhz Nikol Paşinyana da Qarabağın "müstəqilliyi” və yaxud digər ərazilər maraqlı deyil. Ona Ermənistanın davamlı inkişafı və qonşularla sülh lazımdır.

 "Qarabağ klanı” Daşnaksütyun partiyasını qabağa verərək, Qarabağda toplantı keçirir, siyasi cəhətdən təşkilatlanaraq Paşinyana qarşı revanşa hazırlaşır. Təbii ki, burada Rusiyanın Daşnaklara və Qarabağ klanına dəstək verməsini istisna etmirəm”.

Ekspertin sözlərinə görə, Nikol Paşinyan Qarabağda onun əleyhinə baş verənləri yaxından izləyir: "O, Xankəndində Qarabağ kalnının qalığı olan Saakayan rejimini devirməyi planlayır. Bir neçə aydan sonra Paşinyan onun siyasətinə mane olan Qarabağda rejimi dəyişib, öz adamları ilə əvəz edəcək. Davosda Qarabağla bağlı danışıqlardan sonra ABŞ prezidentinin milli təhlükəsizlik məslələri üzrə Con Boltonun Paşinyana zəng etməsi, əsasən danışıqların gedişi ilə bağlıdır. 

Bolton münaqişənin tezliklə həllini və buna uyğun olaraq dəstək verəcəklərini qeyd edib. Trampın Paşinyana məktubu, Boltonun bundan əvvəl İrəvanda ərazilərin boşladılması ilə bağlı açıqlaması, sabiq səfir Riçard Millisin eyni analoji mesajı belə qənaət yaradır ki, Vaşinqton hazırda Qarabağ danışıqlarına dəstək verir. Paşinyanı buna hazırlayırlar”.

İsmayıl