Gənclərin əksəriyyəti sosial şəbəkələrdə “qız tutmaq”la məşğuldur

XXI əsrin internet erası elan olunması son illər özünü həyatımızda daha aydın şəkildə büruzə verir. Demək olar ki, internetsiz, sosial şəbəkələrsiz keçinmək mümkünsüzdür. Sosial şəbəkələrə baş vurmaq, burada gəzişmələr etmək sanki həyatımızın ayrılmaz bir hissəsinə və ya həyat tərzimizə çevrilib. Və o da sirr deyil ki, bu işdə gənclərimiz çoxluq təşkil edir. Bu mənzərəni düşünəndə ağlımıza gələn ilk sual o olur: Görəsən, gənclərimiz bu imkanlardan hansı məqsədlər üçün istifadə edirlər? Və ümumiyyətlə, gənclərimiz sosial mediada ən ağırlı və yaralı yerimiz olan Dağıq Qarabağ münaqişəsi ilə bağlı haqq səsimizin beynəlxalq arenaya daşınması üçün hansısa işlər görürlərmi? Suallarımıza cavab tapmaq məqsədilə feysbuk sosial şəbəkəsində aktiv olan müxtəlif peşə sahibləri arasında sorğu keçirdik. Sorğumuzu ilk olaraq cavablandıran "Düşüncə” İctimai Birliyinin sədri, Dailykarabakh saytının təsisçisi Emil Hüseynli qeyd etdi ki, hazırda Azərbaycanda əhalinin 75 faizi internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı isə 2 milyonu ötüb: "Bu, özlüyündə az göstərici deyil. Bu onu göstərir ki, ölkədə insan və vətəndaş hüquq və azadlıqları təmin edilir. Sosial şəbəkə istifadəçilərinin böyük bir qismini isə gənclər təşkil edir. Bu sahədə gənclərimiz çox aktivlik nümayiş etdirirlər. Ancaq bu aktivlik gənclərimizin üzərinə bir məsuliyyət də qoyur. Sosial şəbəkələrdən düzgün istifadə hər bir gənci düşündürməlidir. Xüsusilə, ümummilli məsələlərdə gənclərimiz daha diqqətli olmalıdırlar. Təəssüflər olsun ki, bəzən bu məsələdə bəzi gənclərimizin nöqsanları da üzə çıxır. Ona görə də gənclərin ictimai məsuliyyət hissinin inkişafı, hüquqi məsuliyyət hissinin artırılması və formalaşması istiqamətində intensiv işlər davam etdirilməlidir”.

Qarabağ mövzusunun hər bir gəncin yaralı yeri olduğunu söyləyən müsahibimiz diqqətə çatdırıb ki, son 10 ildə gənclərimiz sosial şəbəkələrdə bu mövzuda çox aktivlik göstərirlər: "Həmçinin Qarabağa dair yeni saytlar yaradılır. "Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyini təsis edəndə, birinci məqsədimizin Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmaq olub. Ona görə elə ilk layihəmizdə Dailykarabakh.com saytını beş dildə yaratdıq və yarandığı bir il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mövzusunda həqiqətlərin, həmçinin Azərbaycan dövlətinin maraqlarını xarici dillərdə yayımlamışıq, sosial şəbəkələrdə aktiv olmuşuq. Düşünürəm ki, gənclərin Qarabağ məsələsində sosial şəbəkələrdə əməyi az deyil.
Jurnalist Elnur Eltürk də bildirib ki, bu gün gənclərimizin sosial şəbəkələrdə Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində fəallığı hiss olunandır: "Sosial şəbəkələrdə Qarabağ həqiqətləri ilə bağlı məlumatlar yayılır. Biz bunu aprel savaşları zamanı da düşmənin informasiya təbliğatında gənclərimizin necə fəallıq göstərdiklərini şahidi olduq. Təxribatçı informasiyanın yayılmasının qarşısının alınmasında gənclərimizin fəaliyyəti təqdir olunmalıdır. Hazırda sosial şəbəkələr bizə informasiya blokadasının yarılmasında çox kömək olur. Bu amili gənclərimiz diqqətə almalıdırlar. Bundan səmərəli yararlanmağı nəzərdən qaçırtmaq olmaz. Sosial şəbəkələrin günümüzdə önəmi getdikcə artmaqdadır”.
"Gənclərimiz sosial mediadan necə faydalanırlar” sualına gəlincə, həmkarımız vurğulayıb ki, hər kər özünə lazım olan informasiyanı əldə edir: "Baxır hər kəs hansı məlumatdan necə faydalanır. Bu gün mətbuatda getməyən xəbər, öncə sosial şəbəkələr vasitəsilə yayımlanır və ondan sonra mediaya çıxır”.
Azvision. az saytının baş redaktoru Vüsal Məmmədov isə gənclərimizi "topa tutub”: "Qardaş, Qarabağ nədir? Gənclərimiz sosial şəbəkələrdən əsasən "qız tutmaq” üçün istifadə edir. Özü də təkcə gənclərimiz yox. Və təkcə feysbukda da yox. Qarabağ və digər milli məsələlərlə bağlı təbliğat aparmaq üçün sosial şəbəkələrdən istifadə edənlərin miqdarı ən yaxşı halda 1:100 nisbətindədir”.
Jurnalist Gülşən Raufqızı da hesab edir ki, gənclərimizin böyük əksəriyyəti sosial şəbəkələrdən düzgün istifadə etmir: "Ayrı-ayrı səhifələrdə paylaşılan hər hansı xəbər və fotoya yazılan şərhlərə nəzər yetirmək kifayətdir ki, bəzilərinin nə qədər dayaz düşündüyünün şahidi olasan. Təbii ki, bunu bütün gənclərə şamil etmək qərəzli olar. Məhz sosial medianın gətirdiyi yeniliklərdən bacarıqla istifadə edən və işinə faydalı olan gənclərimiz kifayət qədərdir.
Qarabağın sosial mediada təbliğinə gəlincə, demək istəyirəm ki, ümumiyyətlə, biz, millət olaraq pafosu sevirik. Sevgimiz də, nifrətmiz də pafosa dayanır. Məsələn, aprel döyüşləri vaxtı hamımız dönüb olmuşduq qarabağlı. Hamı asırdı, kəsirdi, "könüllü gedirdi” döyüşlərə. Bəs sonra nə oldu? Bu bir reallıqdır ki, biz, tarixin qədərimizə yazdığı anım günlərinə bağlı yaşayırıq. Hansısa rayonun işğal günü onu xatırlamaqla, yaxud şəhid məzarlarını ziyarət etməklə, ən yaxşı halda feysbukda profilimizə bayraq şəkli yerləşdirməklə işimizi görmüş, vətən qarşısında xidmətimizi icra etmiş sayılırıq. Təəssüf ki, bizim vətənpərvərliyimiz bundan ötə gedə bilmir”.
Tanınmış teleaparıcı Vəsilə Vahidqızı isə deyib ki, bu tip suallara cavab vermək üçün adi müşahidə kifayət eləmir, gərək monitorinq olmasa da ona yaxın bir "yoxlama” aparıb sonra səhih cavab verəsən: "Amma ümumiyyətlə yanaşsaq, sosial şəbəkələrdə Qarabağla bağlı kifayət qədər materiala rast gəlmək mümkündür. Sadəcə daha çox sistemliliyə və şəbəkələşməyə ehtiyac var”.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı da bildirib ki, gənclər özlərini daha çox sosial şəbəkələrdə ifadə etməyə çalışırlar: "Bu məkandakı azadlıqdan faydalanmağa çalışırlar. Öz fikir və xarakterlərini orda ifadə etmək istəyirlər. Eyni zamanda həqiqət axtarışı ordadır. Yəni daha çox həqiqəti də orda axtarırlar, nəinki Qarabağ və digər məsələləri. İnsanlar sosial mediada özünü, öz tarixini ifadə etməyə çalışır, ondan sonra ictimai məsələlərə keçir. Bu mənada indiki məqamda sosial şəbəkələr daha çox gənclərin özünü ifadə etməsi üçün bir fürsətdir”.
Şair-publisist Kənan Hacı da düşünür ki, Qarabağ mövzusu bizim ən yaralı yerimizdir və həyatımızın ən ali məqsədi o torpaqlara sahib çıxmaqdır: "Çünki Qarabağ Azərbaycanın bir parçasıdır. Bu, təkcə sosial şəbəkələrdə yox, bütün şəbəkələrdə daim gündəmdə olası bir məsələdir. Sosial şəbəkələrdə müəyyən qruplar fəaliyyət göstərir. Məlum aprel döyüşlərində millətimizin döyüşkən ruhunu gördük. Bu özünü sosial şəbəkələrdə də göstərdi. Amma gənclər bu mövzuda daha aktiv olmalıdırlar. Çünki o torpaqları məhz gənclik azad edəcək”.
Jurnalist Mübariz Bayramov düşünür ki, hazırda mübarizənin formalarından biri də virtual, kiber mübarizədir: "Nəzərə alaq ki, hər sahənin öz adamı var. Qarabağ problemi hər birimiz üçün əhəmiyyətli olsa da, hər kəs bu məsələ ilə sosial mediada məşğul olmur. Bəlkə də heç lazım da deyil. Sahəni dəqiq bilənlər bu işlə məşğul olmalıdır ki, düşmən profesionalları qarşısında uduzmayaq. Çünki bunun üçün Qarabağın tarixini, xarici dilləri, xüsusən də düşmən dilini dəqiq bilmək vacib şərtdi. Yalnız Azərbaycan dili ilə sosial mediada hərəkətin sərhədləri kiçikdi. Ancaq hazırkı vəziyyətin təhlilindən deyə bilmərik ki, Azərbaycan gəncliyi sosial mediada düşmənə uduzur. Mübarizəni göstərən kifayət qədər faktlar var. Onsuz da münaqişədə aktivləşmə olduqda gərginlik özünü sosial mediada da göstərir. Bədii desək, burda da düşmən cavab atəşi ilə susdurulur. Bütövlükdə dünya həqiqəti bilir. Bilirlər ki, Qarabağ Azərbaycanındır. Sadəcə, geosiyasi maraqlar problemin həllini uzadır. Münaqişənin həlli əlbət ki, sosial mediadan keçmir. Reallıqda həll edildikdə sosial mediada qalib sayılacağıq. Amma pessimist də olmaq lazım deyil. Qələbəyə aparan yol, fasiləsiz, düzgün mübarizədən keçir”.
Həmkarımızın qənaətincə, fiziki olaraq da təsdiqləmək yetərlidi ki, insanlar bir qocalıqda, bir də körpə dövründə biri-birinə bənzəyir: "Yəni, gənclik insan ömrünün ən fərqli, rəngarəng dövrüdür. Odur ki, bu dövrdə maraqlar da fərqlidir. Deyə bilərik ki, bu gün internet 5-ci ünsürdür. Sosial media bıçaqdı. Onun həkimin, yoxsa, cinayətkarın əlində olmasına baxır. Bizim ölkədə internet azadlığı tam təmin olunur. Nəyəsə inzibati qadağa həm düzgün deyil, həm də psixoloji olaraq ona marağı artırır. Ona görə də faydalı iş əmsalının yüksək olması üçün bütövlükdə ictimai şüur forması yüksəldilməlidir. Düzdü, sosial mediadan istifadəyə görə müqayisəcə geridə qaldığımız ölkələr var. Amma tendensiya müsbətə doğrudur. Cılız niyyətlər, məqsədlər zamanla itir, batır. Başa düşən insanlar artıq sosial mediadan daha praqmatik istifadə etməyə çalışırlar. Əgər bu sahədə nailiyyətlərimiz itirdiklərimizdən çoxdursa, deməli, insanlar daha əlverişli faydalanırlar”.
Şair-publisist Aqşin Yeniseyin fikrincə, biz bu müharibəni udmaq istəyiriksə, tarixdəki müharibə ənənələrinə söykənməliyik: "Sosial şəbəkələrin gündəlik, səthi proseslərə təsirinə arxayın olmaq düzgün yol deyil. Sosial şəbəkələr elə buna xidmət edir, siyasi proseslərə real təhlükələrin
zərbəsini azaltmaq. Qlobal siyasət universitet auditoriyalarına girməlidir. Gəncliyin düşünən hissəsinin potensialı qiymətləndirilməlidir. Sosial şəbəkələrdə qaragüruh erməniləri, farsları, rusları söyməsinin heç bir tarixi əhəmiyyəti yoxdur. Biz məsələn, İsrailin 1948-ci ildən başladığı nöqtəni özümüz üçün başlanğıc seçə bilərik. İsrailin dörd tərəfi düşmən idi, bizim heç olmasa üç tərəfimiz düşməndir. Yəhudi modeli bizə ən yaxın modeldir”.
Ayyət Əhməd