“Qarabağ problemində vasitəçi ölkələr öz maraqlarından çıxış edir”

“Rusiyanın mövqeyi regionda nüfuz qazanmaq və silah satmaq üçün yeni münaqişələr çıxartmaqdır”



"ABŞ əlindən gələn hər şeyi edəcək ki, Qarabağda hərbi əməliyyatların başlanmasının qarşısını alsın”. Bunu rusiyalı politoloq Heydər Camal deyib. Politoloq söyləyib ki, ABŞ-ın buna imkan verməməsinə səbəb Rusiyanın zəifliyidir: "Rusiya bu gün Qarabağ konfliktinə müdaxilə edəcək və onu Vaşinqtonun dəstəklədiyi istiqamətdə aparmaq gücündə deyil. Vaşinqton yalnız Bakının bu müharibədə məğlubiyyətini dəstəkləyə bilər.

Bunun sayəsində Bakı kompromisə getməli və öz suverenliyi ilə tarixi haqlarını qurban verməlidir”. Ekspert bəyan edib ki, Rusiyanın Azərbaycan-Ermənistan qarşıdurmasına müdaxilə potensialı zəiflədiyi zaman müharibəni yenidən başlamaq lazımdır: "Son toqquşma göstərdi ki, Azərbaycan ordusu Qarabağın taleyini ildırımsürətli zərbə ilə həll edə bilər. Ermənistan isə məğlubiyyətdən yalnız üçüncü qüvvələrin prosesə müdaxiləsi ilə xilas ola bilər”. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, Heydər Camal kimi politoloqlar Rusiyanın mövqeyini müdafiə edirlər və Kremlin Azərbaycanla bağlı planlarını tətbiq etməyə çalışırlar: "Həmin politoloqların məqsədi bölgədə Rusiyanın nüfuzunu artırmaqdır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olurlar. BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü problemin həllində vasitəçilik edir. Əgər həmsədrlər belə bir təmsilçiliklə münaqişənin həll edilməsini istəmirlərsə, onda təşkilatın fəaliyyətinin mənası nədir? Ona görə də düşünürəm ki, ABŞ rəsmilərinin verdiyi, xüsusən Con Kerrinin dilə gətirdiyi açıqlamalar əsasən noyabr seçkisi ilə bağlıdır. Rusiyanın mövqeyi isə regionda nüfuz qazanmaq və silah satmaq üçün yeni münaqişələr çıxartmaqdır. Fransa rəhbərliyi isə gələn il keçiriləcək prezident seçkisini qazanmaq üçün özünə sosial baza toplamaqla məşğuldur”. Ekspert bildirib ki, Azərbaycan ordusu öz silahlı gücü, hərbi doktrinası ilə münaqişənin həllinə nail ola bilər. Lakin istənilən müharibədən sülh yaxşıdır: "Həmsədrlərin müxtəlif bəyanatlarına
baxmayaraq, biz sülh tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, vasitəçi ölkələrin özlərinin maraqları var. Əgər aprel hadisələri təkrar olunsa, hər iki tərəf ciddi itkilər verə bilər. Rusiya unudur ki, Dağlıq Qarabağda müharibə başlasa, münaqişə tərəfləri sadəcə Azərbaycan və Ermənistan olmayacaq, bütün region od içərisində qalacaq. Fikrimcə, Qərb və Rusiya ekspertlərinin məsələyə münasibəti ədalətli deyil”.

İsmayıl