Qarabağda böyük müharibə gözlənilir?

Rusiyalı politoloq yenə məkrli siyasətlərini qabardır




"Qarabağ münaqişəsini böyük müharibəsiz həll etmək olmaz”. Bu barədə rusiyalı politoloq Aleksandr Xramçixin bildirib. Onun sözlərinə görə, münaqişə ətrafındakı gərginlik gec-tez real müharibəyə gətirib çıxaracaq:

"Durumun ağırlaşması ötən ildən açıq şəkildə hiss olunur. Bütün oxşar insidentlərin səbəbi Qarabağdakı situasiyadır. Qeyri-adi heç nə baş vermir. Vəziyyətin bundan sonra gərginləşməsi tendensiyası da qaçılmazdır”.

Politoloq Qabil Hüseynli isə "Şərq”ə açıqlamasında bunun çox sarsaq və təhrikedici bəyanat olduğunu söyləyib. Onun qənaətincə, sözügedən proqnoz Rusiya siyasi elitasının ideya platformasını əks etdirir: "Bütün bunlar bir daha göstərdi ki, şimal qonşumuz məsələnin dinc yolla həllinə meyillənmir. Danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutması Kremlin bu cür davranışları ilə sıx bağlıdır. Buna rəğmən hər şeyin A.Xramçixin ssenarisi üzrə inkişaf edəcəyini düşünmürəm”.

Bunun təsadüfi olmadığını deyən ekspert hesab edir ki, açıqlama Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır: "Bildirmək istəyirlər ki, müharibə fikrində olsanız, Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatında öz himayədarlarını tapacaq və müharibə qaçılmaz olacaq. Bu, şərhdən çox psixoloji təzyiqə bənzəyir”.

Ayyət Əhməd